Günel Həsənzadə: "Göz önündəyəm, hər kəs hər şeyi görür" - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az "Space"in aparıcısı Günel Həsənzadənin kanalın rəsmi saytına istinadən müsahibəsini təqdim edir.

- Televiziyaya gəlişin təsadüfdür, yoxsa sən də kiçik yaşlarından güzgünün qarşısına keçib aparıcılıq xəyalları quranlardansan?

- Televiziyaya gəlişim təsadüf deyil. Hələ 5-ci sinifdə oxuyanda kinorejissor olmaq istəyirdim. 10-cu sinifdə oxuyanda hekayələr, novellalar yazırdım. İndi də yazıram, sandıq ədəbiyyatı düzəldirəm (gülür). Bu məsələdə çox qısqancam. Heç kəsə oxumağa belə vermirəm. Oxuyub bir müddətdən sonra özünküləşdirə bilərlər və ya əsas ideyanı götürüb öz adlarından təqdim edə bilərlər. Hələlik vaxt tapıb gedib onları Müəllif Hüquqları Agentliyində təsdiqlətdirməmişəm.

Maraqlı ssenarilərim var. İstərdim ki, onlara maraqlı filmlər çəkilsin. Dünyaya çıxmaq istəyirəm. Oskar mükafatı almaq mənim gizli arzularımdan olub. Deyim ki, televiziyaya 1997-ci ildə gəlmişəm. Hələ o vaxt Space TV açılmamışdı. Gəlişimdən 3 ay sonra "Space" televiziyası fəaliyyətə başladı. O vaxtdan bu günə kimi burada çalışıram. Uzun müddət Space-də olmağımın səbəbi kanalı sevməyim və işimə bağlılığımdır. Bir həyat amalım var, adım üçün işləyirəm ki, sonra qocalanda, əlim iş tutmayanda adım mənə işləsin.

- Televiziya sənin üçün nədir? Gəlir mənbəyi, yoxsa sevdiyin iş yeri?

- Televiziya mənim sevdiyim iş yeridir. Əgər gəlir mənbəyi olsaydı, mənim indi avtomobilim, şəxsi evim olardı, banka borcum yox. Hər ay fikirləşirəm ki, krediti necə ödəyəcəm. Əgər mən sənətimə gəlir mənbəyi kimi baxsaydım, indi məndə bir şubanı çıxarıb, o birini geyinədrim. Göz önündəyəm, hər kəs hər şeyi görür. Sənətimi sevirəm, rüşvətdən uzağam. Mən təmənnasız yaxşılığı hər şeydən üstün tuturam. Rayonlara gedirik, analar var ki, qaçır diz qoyur dizlərimi quçaqlayır. Həmin an göz yaşlarımı saxlaya bilmirəm. Mən də dizlərimi yerə atıb onları qucaqlayıram. Bundan böyük nə ola biər ki...

- Bildiyim qədər Space sənin hələlik çalışdığın ilk və son telekanaldır, yəni bu kanalın uzunömürlü əməkdaşlarındansan. Space sənin üçün nədir?

- Space mənim üçün valideynlərimdən sonra doğmamdır, dostlarımdır, hörmətimdir, izzətimdir. Öz evim kimidir. Ailənin ilk üzvlərindənəm. Space ilə aramızda sadiqlik var. Nə mən onu atıram, nə də ki o məni. Ümud edirəm ki, aramızdakı bu sadiqlik həmişəlik olar.

- Verilişin telekanalın ən reytinqli verilişlərindəndir və çox jurnalistin arzu edəcəyi bir formatda olan verilişdir. Mən, təbii ki, sizin ölkəni qarış-qarış gəzmək və daha çox əyalət insanları ilə ünsiyyət qurmaq imkanı əldə etmənizi nəzərdə tuturam. Əyalət insanı ilə mərkəzdəkilər arasında fərqi necə görürsən? Kimlərlə işləmək daha rahatdır?

- İnsan hər yerdə insandı. Əsas odur ki, qanacaqlı olsun. Qanacaqlı insanla işləmək çox asandır, istər şəhərdə, istərsə də rayonda. Şükür ki, hələlik qarşıma qanacaqsız insan çıxmayıb. Bilmirəm özüm yaxşıyam ona görə, yoxsa ancaq yaxşıları görürəm (gülür).

- Ekrandan çox şən və şıltaq bir qız təsiri bağışlayırsan. Hər halda tamaşaçı üçün maraqlı olar, Günel reallıqda da belədirmi?

- Gördüyünüz kimiyəm. Səmimiyəm insanlarla. Özümü yuxarıdan aparmaqdan, dartmaqdan qorxuram. Allahın nəzərində hər kəs eynidir. Sabah mən aparıcı olmasam, görənlər deyər ki, aparıcı olanda özünü necə aparırdı, indi gör nə günə qaldı. Bunu eşitmək istəmirəm. Həm də xarakterim belədi. İnsanlarla səmimi olmağa çalışıram. Sənətdə olanda da, olmayanda da gərək hörmət yenə də qalsın. Hər zaman mənə deyirlər ki, üzün gülür, gözlərin satır. Amma deyim ki, düz deyirlər, bəzən gözlərimin dərinliyindəki kədəri özüm də görürəm, hiss edirəm.

- Sən müxtəlif xarakterli bir neçə verilişdə çalışmısan. Onların hansı sənə daha doğmadır, hansı daha çox zövq verib sənə?

- "Abituriyent" verilişindən başqa hamısı mənə doğma olub. "Abituriyent" verilişi ciddi veriliş idi, ciddilik də mənlik deyil. Bəlkə də ağır veriliş idi. Bilmirəm, amma digər verilişlərimin hamısı mənə doğma olub. Əgər belə olmasaydı, mən onu hazırlaya bilməzdim.

- Hazırda Azərbaycan toylarını, adətlərini ekrana gətirirsən. Etnoqrafiyadan hər halda adətlərimiz haqqında məlumatlı olarsan. Tarixi toy adətləri müasir toylarda qorunub saxlanılıbmı? Hansı bölgədə daha çox qorunub?

- Adət -ənənələr, demək olar ki, hər bölgədə saxlanılıb. Bütün bölgələrdə keçirilən toy adətləri forma və məzmun baxımından eynidir. Bir sözlə, kök fərqlənmir. Məsələn, bir bölgədə gəlinin başı üzərində çörək kəsirlər, digərində gəlinin əlini una salırlar. Bəzi yerlərdə sandığın içinə pal-paltar qoyurlar, bəzi yerlərdə isə yemək yığırlar. Əsas odur ki, sandıq ana evidən ər evinə içi boş getməsin. "Banu" proqramı olaraq indiyə kimi çox adətləri üzə çıxarmışıq, dirçəltmişik. Verlişə baxıb toy sahibləri o adətləri yenidən yada salırlar, yaşadırlar.

- Bu gün Azərbaycanın digər telekanallarında da oxşar verilişlər var. Onlardan hansını özünə rəqib hesab edirsən?

- Özümə rəqib görmürəm. Hər gülün öz ətri olduğu kimi, hər aparıcının da öz tamaşaçısı, öz sevəni var. Deyirlər rəqabət olmayan yerdə inkişaf da olmaz, amma məndə rəqabət yoxdur, başımı aşağı salıb öz işimi görürəm. Məncə, bu, daha faydalıdır. O ki qaldı kanallarda oxşar verilişlərin olmasına, məncə, yaxşı bir şeyi yamsılayırlarsa, o verilişdə ki sadə, torpağa bağlı insanları göstərib onları sevindirirlər, o zaman belə verilişlərin çox olması müsbət haldır. Qoy olsun. Hər kəsin baxış bucağı fərqlidir. Bir dolaba mən yuxarıdan baxaram, digəri icinə girər, bir başqası isə kənardan baxar. Özüm isə həmişə çalışmışam ki, ikinci yox, birinci olum.

- Yeni layihə, ideyalarından danışmağını istərdim. Yaxın zamanlarda səni yeni layihədə görə bilərikmi?

- Layihələrim var. Elə bir layihələrdir ki, hələ telekanallarda belə bir veriliş reallaşmayıb. Ancaq sponsor problem həllini tapandan sonra mümkün ola biləcək. Amma bir ipucu verim ki, nə olacaqsa, yenə dağda-kəsəkdə olacaq. Əvvəlcədən demək mənə düşmür, baş tutanda hər kəs görəcək inşallah.

- Bilirəm ki, həyatda bağlı olduğun bir şəxs var. O insan da anandır. Onunla xaraktercə oxşarlığın varmı? Yəni belə şən olmağın anandan keçib sənə?

- Anam mənim tam əksimdir. Çox ciddi insandır. Beş kəlmədən ikisinə ya cavab verər, ya verməz. Sakit görünür, amma çox zəhmli adamdır. Əsl azərbaycanlı qadınıdır. Tərif kimi çıxmasın namazında, dinində olan qadındır. Anamdan fərqli olaraq mən çox səbirsizəm. Sevmədiyim insana hiss etdirərəm ki, onu sevmirəm. Verdiyim sözün arxasında dayanmağa çalışıram. İşimə qarşı məsuliyyətliyəm, tənbəl deyiləm. Tənbəl olsam, çörəksiz qalaram. Rəhmətlik babam Həsən kişi deyirdi ki, olduğun yerdə qalmaq üçün də hərəkətdə olmalısan.

- Azərbaycanlıların subay qızlara verdiyi ənənəvi sualı: gözəl, şirin qızsan, amma nədən təksən? Yarını tapmamısan, yoxsa subaylıq doğrudanmı Günel üçün sultanlıqdır?

- Hər şey qismətdən aslıdır. Qismətdə varsa, evlənəcəm. Uşaq vaxtı mən çox əziyyət çəkmişəm. Atamla anam ayrılıb. Anam məni tək böyüdüb. Ona görə də çalışmışam ki, yaxşı oxuyum, bir işə sahib olum. Sonra universitetdə oxuyanda əlaçı oldum ki, yüksək təqaüd alım, evin dolanışığına kömək olum.

Beləcə başım oxumağa qarışdı. 17 yaşından işləməyə başladım və hər zaman çalışdım ki, özümü təsdiq edim. Gəncliyimi yaşamamışam, işləmişəm, çörək dalınca qaçmışam. Cavanlıq həyatımda sevgi yaşamadım. Özümü tanıyandan bu günə kimi çörək arxasınca qaçdım və sevgi yaddan çıxdı. Təəssüfənirəm, amma neyləmək olar, belə olmalıymış. İşimdə mükəmməl olmağa çalışmışam. Çünki arxamda duranım yox, dayağım yox, yalnız anama və özümə arxalanıram.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.