"Möhtəşəm yüz il", yoxsa möhtəşəm rəzillik?

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyə televiziya tarixinin ən bahalı layihəsi olan "Möhtəşəm yüz il" serialı 1,6 milyon büdcəsi ilə 42 ölkədə 200 milyondan çox izləyiciyə sahib olsa da, bu günə qədər müzakirə edilən və tənqid obyektinə çevrilən serialdır.
 

Serial Osmanlı tarixinin ən şərəfli dövrünü izləyicilərə təqdim etməyi qarşısına məqsəd qoysa da, onun bu məqsədə nə dərəcədə xidmət etdiyi sual doğurmaqdadır. Tarixi filmlərdə tarixi həqiqətlərin düzgün təqdim edilməsi və ya təhrif edilməsi məsələsi müzakirələrin ana xəttini təşkil etməkdədir. Tarixi şərh - bir mədəniyyət və ya düşüncə təcrübəsinin tarixin üzərinə geyindirdiyi geyim deməkdir. Liberal dəyərlərin hökm sürdüyü günümüzdə tarixsizləşdirmə və gözdənsalma siyasəti xüsusilə film sektorunda ciddi yerə sahibdir. Bunun təsiri ilə cəmiyyətin böyük bir hissəsini istədikləri kimi yönləndirə bilmə imkanına sahibdirlər.
 

"Möhtəşəm yüz il" serialının ortaya qoyduğu hədəf də tam olaraq Qərb ölkələrinin bənzər film, ya da serialların bir çoxunda olduğu kimi, bir növ tarixsizləşdirmədir. Serialın tarixə işıq tutmaq, Osmanlı tarixinə və hökmdarlara müsbət mənada maraq oyandırmaq kimi bir hədəfinin olmadığı, tarixə daha çox şou-biznes kimi anlayışla yaxınlaşaraq reytinq və reklam gəlirindən daha çox pay almağı məqsəd qoyduğu ortadadır. Tariximiz bu gün bu istismarçı insanların və pozitivist-sekyularist tarixçi-yazarların əlində böyük bir təhdid və təxribat altındadır. Bu serialda təkcə Osmanlı tarixi deyil, digər həqiqətlər də tamaşaçılara təhrif olunmuş formada təqdim olunub ki, bunun nəticəsində seriala etiraz olaraq 75 minə yaxın insan şikayətçi olub.
 

Serial insanların arasında Osmanlı sevgisinə psixoloji savaş açıb, Qanuni Sultan Süleymanın portreti həqiqətlərdən çox uzaq bir şəkildə təqdim edilib, gənc nəslin arasında övlad qatili bir cani olaraq qəlblərə yazılıb. Tarixinə və atalarına yadlaşma, öz tarixi şəxsiyyətlərinə bir özgə gözüylə baxmaq və onu maksimum aşağılamaq - hər halda bundan daha gözəl ortaya qoyula bilməzdi.
 

Sultan Suleyman zamanında Osmanlının dövlət sərhədləri 6,5 milyon kvadrat kilometrdən 14,8 milyon kvadrat kilometrə, onun hökmranlığını qəbul edən dövlətlərlə birlikdə isə 22 milyon kvadrat kilometrə yüksəldi. İmperiyanın sərhədləri okeanlara qədər uzandı, üç qitə, yeddi dənizə hakim oldu. Hansı məntiq qəbul edə bilər ki, bir hökmdar hərəmxanada gününü gün edərək bu qədər möhtəşəm tarixə imza atar, Osmanlının ən uzun müddət taxtda qalan hökmdarı olar (46 il), ən çox səfərə çıxan (13 dəfə) sultan rekorduna sahib ola bilərdi? O, səfərlərində təxminən 48 min kilometr yol qət etdi ki, bu da dünyanın ekvator ətrafındakı uzunluğundan çox idi. Göstərişli və rahat həyatı sevən biri hansı məntiqlə 71 yaşında, yataqdan qalxa bilməyəcək qədər xəstə olmasına baxmayaraq son nəfəsini döyüş meydanında şəhadət şərbətini içərək qalibiyyətə imza atdı? Türklər dünya millətlərini yaşatmış, onlara haqq və ədalətin nə olduğunu öyrətmiş bir imperiyanın varisləridir. Osmanlı da böyük türk millətinin ən böyük əsəridir. Ona görə də bütün türk və islam düşmənləri Osmanlıya hücum edərək onu gözdən salmağa, bir daha başını qaldıra bilməyəcək vəziyyətə gətirmək istəyindəydilər.
 

XVI əsrdə türklər əleyhinə Avropa ölkələrində 2500-ə yaxın (bunun 1000-dən çoxu Almaniyada) kitab çap edilib. Bu kitablarda xüsusilə "qaniçən türk" imici oxuculara təlqin edilməyə çalışılıb. Hətta 1480-1610-cu illər arasında Amerikanın kəşfi ilə əlaqədar olan kitab sayının iki qatı qədər kitab türk düşmənçiliyi üzərinə yazılıb. Bizlərin isə tarix boyu ən böyük problemlərindən biri və demək olar ki, ən əsası öz tariximizi özümüzün yazmaması ve tariximizi başqalarının kitablarından, əsas da bizə düşmən olanların mənbələrindən oxumağımızdır. Bu baxış açısına sahib olmağımız hər zaman bizi bir addım geriyə atmağa məcbur etməkdə və sabahımızla bağlı sağlam qərarlar almağımıza imkan verməməkdədir.
 

Osmanlı saraylarında mövcud olan hərəmxanalar haqda görmədən, bilmədən, araşdırmadan fikirlər irəli sürüb, onu izləyicilərə təqdim etmək qəbuledilməzdir. Hərəmxana ağalarının rəhbərliyindəki saray qadınları türk-islam ənənəsi çərçivəsində ciddi və intizamlı təhsil alar, xüsusi qabiliyyətlərinə görə musiqi, rəsm, ədəbiyyat, tikiş, hörgü dərsləri ilə birlikdə əhatəli bir dini təhsilə də sahib olardılar. 1909-cu ilə qədər hərəmxanaya sultandan başqa ancaq məcburiyyət zamanı hərəm ağaları və həkimlər girə bilərdilər. Hərəmxanalarla bağlı araşdırmalara imza atan Leydi Montaqe, Henri Blunt, Jean-Baptiste Tavernier və sairələrin qənaətləri müsbət olub. Burada möhkəm bir nizam-intizam, sükunət və əxlaqi qaydalar tətbiq olunmaqda idi. Çünki sultanlar, onların valideynləri, həyat yoldaşları və digər saray qadınları buraya xüsusi bir diqqət göstərərdilər.
 

Serialın müxtəlif bölümlərində Səfəvi türk dövləti fars dövləti kimi təqdim olunub və onun hökmdarları rişxənd obyektinə çevrilərək təhqir edilib. Əlbəttə ki, məqsədləri və niyyətləri aydındır. Bu kimi tarixi saxtalaşdırma cəhdləri ilə insanlar arasında ziddiyətli fikirləri ortaya çıxarmaq, onları tarixi kökdən uzaq salmaq, keçmişdən dərs almaq yerinə, o dövrün yalnışlarının bu gün də davam etməsinə şərait yaratmaq, içimizdə olan və görüntüdə bizim kimi görünən, lazım gəldikdə isə hər kəsdən daha çox milli olan qüvvələrin konkret hədəf istiqamətində çalışmasına yol açmaq siyasəti əsas prioritetdi. Şah İsmayılın Osmanlı sultanı II Bəyazidlə yazışmalarına diqqət etdikdə onların bir-biri ilə ata-oğul münasibəti içində olması, bir-birinə dəstək verməsi, türk-islam dünyasının birliyi istiqamətində çalışmaları bir çox qüvvələri narahat etməyə bilməzdi. Sadəcə bir fakt yetərlidir ki, Çaldıran savaşından sonra Romada kilsə zəngləri günlərlə çalınıb, xristian dünyası üçün böyük təhlükə ortadan qalxıb.
 

Şah İsmayılın qurduğu dövləti fars dövləti kimi adlandırmaq qəbuledilməz bir yalnışlıqdır və bu dövlətin milli-mənəvi baxımdan varisi bugünkü İran deyil, Azərbaycan dövlətidir. Serialın məqsədyönlü olaraq ortaya qoyduğu fars alqısına etiraz olaraq Güney Azərbaycandan olan soydaşlarımız şirkəti məhkəməyə verib və nəticədə serialı çəkən şirkət sözügedən serialın təhqirə yol verdiyini qəbul edərək həmin bölümü saytlardan silib və filmin yayıldığı lentləri bazarlardan toplayıb.
 

Tarixini bilən, sevən, qoruyan və bağlılıq duyan hər insanın üzərinə düşən isə bu gün daha həssas olmaq, milli kimliyimizə sahib çıxmaq, tariximizə həssaslıqla yanaşmağı bilmək, onu izləyicilərə düzgün çatdırmaq istəyi təməl əxlaqi vəzifə olmalıdır. Əks təqdirdə öz tarixi dəyərlərimizi və zənginliklərimizi öz əllərimizlə qaralayıb parça-parça edəriksə, o zaman üstündə oturduğumuz ağacın budaqlarını kəsmiş, varlıq köklərimizi baltalamış olmazmıyıq?