Əməkdar artist : "Xanımdan sonra növbə mənimdir, qoymayın öləm"

Day.Az представляет новость на азербайджанском языке.

Dövlət Musiqili Teatrının tanınmış aktrisası, əməkdar artist Gülnar Salmanovanın səhhəti ağırlaşıb. Bir neçə xəstəlikdən əziyyət çəkən aktrisaya təcili olaraq böyrək köçürülməsə, sevimli sənətkarımızı itirə bilərik.

Milli.Az bildirir ki publika.az-a müsahibə verən aktrisa göz yaşları içərisində yardım istədi.

- Gülnar xanım, bizi yaman qorxutdunuz, nə olub, necəsiniz?

- Çox pisəm, ay qızım. Böyrəklərim sıradan çıxıb, həftədə iki dəfə dializə qoşuluram. Xəstəxanaya güclə aparırlar məni. Dializə qoşanda da, inanın ki, halım pisləşir, ürəyim gedir. İynə vurub, güclə özümə gətirirlər. Ölmək istəmirəm, teatrda fəaliyyətimi davam etdirmək istəyirəm, o qədər tamaşalarım qalıb ki. Hamısı məni gözləyir. Mən iki böyrək istəmirəm, birini tapıb dəyişsinlər. Yoxsa ki, ömrümə çox az qalıb. Xanımdan sonra növbə mənimdir, qoymayın öləm.

- Bəs nə əcəb sizi xəstəxanaya yerləşdirmirlər?

- Daha hər şeydən keçib, xəstəxanada yatdım-yatmadım, böyrək dəyişilməlidir. Başqa çarə yoxdur. Bayaq halım dəyişdi, təcili yardım gəldi. İynə vurdular, özümə gəldim. Mən dövlətimdən kömək istəyirəm, deyəsən, aktyor yoldaşlarım müraciət ediblər. İnanıram ki, Mehriban xanım mənə yardım edəcək. Yerimdən dura bilmirəm.

- Bəs sizə kim baxır?

- Qohumlarım.

- Oğlunuz, gəlininiz haradadır, onlar niyə sizi belə vəziyyətdə tək qoyublar?

- Oğlum kasıb uşaqdır, Zaqatalada yaşayır. Uşağını qoyub, necə gəlsin.

- Bəs kimlər yanınıza gəlib-gedir?

- Sağ olsunlar teatrımızın aktyorları, aktrisalar məni tək qoymur. Elə bayaq da gəlmişdilər yanıma.

- Gülnar xanım öz maddi imkanınız, yəqin ki, böyrək almağa imkan vermir?

- Yox, maaşa baxan adamam. Oğlumun da qazancı ailəsinə güclə çatır. Mən 270 manatla necə özümə böyrək ala bilərəm. Çox çətin durumdayam. Mən qürurlu qadınam, amma görün nə vəziyyət yaranıb ki, ağız açıram.

- Mədəniyyət və Turizm Nazirliyindən maraqlanan, kömək edən varmı?

- Bir dəfə də olsun, maraqlanmayıblar. Allahın bir telefon zəngini də etməyiblər. Əvəzində, prezident təqaüdümü də kəsiblər. Yaxşı ki, siz jurnalistlər varsınız, yoxsa elə bir onda eşidərlər ki, ölmüşük.

- Bəs digər xəstəliyinizlə bağlı narahatlıq yaşamırsınız ki?

- Onkoloji xəstəliyimlə bağlı problemim yoxdur. Həkim mənə bir dərman verdi, hələ ki, yaxşıyam. Dərdim böyrəklə bağlıdır. Böyrəklərim ikisi də sıradan çıxıb.