Tahir İmanov: "Kişidirsə, məni tapıb cavabını verəcək"

Day.Az представляет новость на азербайджанском языке.

"Planet Parni iz Baku" teatrının bədii rəhbəri Tahir İmanovun aktual.az-a müsahibəsi.

- Tahir müəllim, Siz həmişə intellektual yumorla fərqlənibsiz. Son zamanlar insanların bayağı yumora meylliliyi daha çox hiss olunur. İndi yeni yumor qəhrəmanları peyda olub və televiziyalar da onların təbliğatı ilə məşğuldurlar. Bu barədə nə deyə bilərsiz?

- Bunun cavabını Təhsil Nazirliyinin keçmiş rəhbərliyində tapmaq lazımdır. Onların fəaliyyəti nəticəsində təhsil sistemi iflic vəziyyətinə düşüb. Təbii, intellekti aşağı olan bir tamaşaçının, yəqin ki, daha çox bayağı yumora, müsiqiyə meyli olar, nəinki intellektli yumor və səviyyəli musiqiyə. Təəssüflər olsun ki, təhsil sistemi çox bərbad vəziyyətdədir. Və mən indiki cənab nazirə yalnız səbr diləyə bilərəm. Çünki bunu aradan qaldırmaq çox çətin işdir. Tamaşaçının, cəmiyyətin intellektual səviyyəsini yüksəltməsi çox çətin məsələdir. Çünki 18 il ərzində insanların intellektual səviyyəsi çox aşağı düşüb. İndi televiziyalarda bayağı verilişlər populyarlıq qazanıb.

Ümumiyyətlə, bayağılıq, təəssüflər olsun ki, cəmiyyətimizdə hökmranlıq edir. Biabırçılıqdır, sadəcə. Bir az əvvəl dövlət radiosuna qulaq asırdım, Azərbaycan dilində düzgün danışa bilməyən insanları efirə buraxırlar. Əvvəllər belə şey olmayıb. Bu, Azərbaycan dilinə qarşı cinayətdir. Hər bir millət öz dilinə hörmətlə yanaşmalıdır. Ölkənin adını düzgün çəkə bilmirlər, "Azərbaycan" yerinə "Azerbican" deyirlər. Mən bilmirəm, bunu siz necə yazacaqsız. Bu, artıq cinayətdir. Yenə deyirəm, tək bayağı yumora yox, bayağı musiqiyə, bayağı verilişlərə üstünlük verirlər.

- "Yeni Müsavat" qəzetinin əməkdaşı sizdən müsahibə götürmək istəyib. Amma "mən müxalifət qəzetinə müsahibə vermirəm" - demisiz. Bu nə dərəcədə düzgün yanaşmadır?

- Bəli, demişəm. Bu mənim haqqımdır, mən demokratik ölkədə yaşayıram. Sizin də qərar qəbul etməkdə haqqınız var. Bu, cinayət deyil ki?! Bu mənim seçimimdir və mən öz seçimimi etmişəm.

- Tamaşalarınızda ölkədəki çatışmazlıqları xüsusilə vurğulayırsız. Bu, siyasi əqidəsindən asılı olmayaraq, insanlarda sizə qarşı daha çox rəğbət oyadır. Hətta müxalifətdə də sizi bəyənənlər az deyil, çünki bəzən elə onların fikirlərini incə yumorla ifadə edirsiz. Amma müxalifət qəzetinə müsahibə vermirsiz...

- Mənim öz mövqeyim var. Mən çalışmışam ki, həmişə bir əqidəyə qulluq edim. Mənim çox az yaxın dostum var. Çünki eyni əqidəli dostlar dairəsini tapmaq çox çətindir. Əgər sənin zövqü, həyat tərzi, siyasi baxışları müxtəlif olan bir çox dostun varsa, onda sən kişilikdən uzaq birisisən.

- Bu o qədər də məntiqli deyil axı?

- Xeyr. Mənim öz əqidəm, öz prinsiplərim var. Bu mənim şəxsi işimdir. Mən bu dövlətə və dövlətçiliyə xidmət edirəm. Mən istəmirəm ki, hansısa bir müxalifətçi ilə münasibətə görə bu əlaqələr pozulsun, çünki mən beləyəm. Və əgər mən müxalifətçi olsaydım, iqtidar nəşrlərinə, saytlarına açıqlama verməzdim. Mən bu həyatda ancaq birtərəfli dostluğu seçirəm. Ya bir tərəflə dostluq edirəm, ya da ümumiyyətlə, dostluq eləmirəm.

Bilirsiz, problem nədədir? Mən onlara qarşı etiraz kampaniyası aparmıram, çünki bu mənim prinsiplərimə uyğun deyil. KVN-çilər ömür boyu, eyni səpkidə, eyni istiqamətdə çıxış ediblər. Bu səpkinin adı çox sadə, lakonikdir - satira janrı və cəmiyyətdə baş verən nöqsanları yumor prizmasından tənqid etmək, parodiyalar və s. Bu istiqaməti biz 95-ci ildən ilk konsertimizdə seçmişik və indiyə kimi bu yolla gedirik.

- Həmin məmurların icra etdikləri vəzifələr maraq doğurur...

- Mən ad çəkmək istəmirəm, bu bizim adımıza, sanımıza yaraşmaz. Biz o kişilərdən deyilik ki, KİV-də adamın dalınca danışaq. Nə lazımdır, görüşəndə üzünə deyəcəyik. Buna siz də tam əmin ola bilərsiz, mən o insanlardanam ki, sözü üzə deyirəm, Allahdan başqa heç kimdən qorxmuram. Görsəm, mütləq üzünə deyəcəm. Sadəcə, etiraf edim ki, görmürəm, çünki indi hər məmurun 15 mühafizəçisi var. Əsas girişi qoyub, öz binalarına arxa girişdən girirlər, yəni onları tapmaq müşkül məsələdir. Məmurların qəbuluna düşmək çətindir. Gəlin etiraf edək ki, qabaqlar belə deyildi.

- Dediniz, mügənnilər də sizi hədələyib?

- Sonuncu dəfə Telli Borçalı adlı birisi bizi hədələmişdi. Mən ona tamam başqa məqsədlə zəng edib verilişimizə dəvət eləmək istədim. O da bir ildən sonra başladı bizə hədə-qorxu gəlməyə - nə bilim, məni parodiya edən oğlanı belə edərəm, elə edərəm. Əlbəttə ki, bunlar boş sözlərdir. Heç nə edə bilməzlər. Çünki hər bir aktyorun arxasında mən durmuşam. Mən və qanun durub. Azərbaycan Respublikasının qanunvericiliyi var. Burada qeyri-qanuni bir şey etsələr, bu, artıq cinayətdir. Bunu özünüz yaxşı bilirsiz. Bunlar ancaq sözlə deyə bilərlər. Çünki biz tənqidlə təhqirin nə olduğunu yaxşı bilirik və onlar arasında sərhədi müəyyənləşdirə bilirik. Bizə cinayət işi də aça bilməzlər, şükürlər olsun ki, bizim ölkədə parodiyaya cinayət işi açılmır.

- Sonuncu "Analoqu olmayan" konsertiniz sosial şəbəkələrdə geniş marağa və müzakirələrə səbəb olub. Fikirləriniz maraqlı olar...

- İndi əsas məsələ o videonu halallıq almadan Youtube-a yerləşdirən adamı tapmaqdır. Sosial şəbəkədə onu yerləşdirən şəxsə deyirəm ki, o kişidirsə, məni tapıb cavabını verəcək. Onu halallıq almadan yerləşdirmək ən azından nakişilikdir. Camaat əziyyət çəkir, kinoteatrda onu verir, bir tikə çörək qazansın, bunlar da götürüb nakişiklik edirlər. Bu Youtubda olan video mənim fəaliyyətimə çox böyük zərbə vurdu. Mən bunu gizli saxlayıram ki, camaat gəlsin ora, biletini alsın. Onlar da götürüb bunu Youtube-a qoyurlar. Olmaz axı belə. Mən bunu kinoteatrda nəyə görə göstərirəm? Oğurluq olmasın və bu, piratçılığa qarşı mübarizə üsuludur. Yaxşı, videonu qoyarlar maksimum 5 dəqiqə, daha 20 dəqiqə olmaz axı.

- Konsertdə millət vəkillərini və dövlət məmurlarını parodiya etmisiz. Bununla bağlı cəmiyyətə vermək istədiyiniz mesaj maraqlıdır, yəni bu parodiya etdiyiniz şəxslərə sözünüz...

- KVN-nin incəliyi də elə ondan ibarətdir ki, tamaşaçı və tənqid atəşinə məruz qalan insan özü üçün bir nəticə çıxarsın. Bir sözlə, bu sənətə qiymət verən, baxan, izləyən hər bir kəs - həm tamaşaçı, həm obrazların qəhrəmanı özüyçün bir nəticə çıxarmalıdır. Bilirsiz, tamaşaçıların zövqünə, intellekt səviyyəsinə uyğun olaraq hərəsində müxtəlif təəssürat yaranır. Biz istəyirik ki, onlar istənilən səhnəciyə baxanda bizim göstərdiklərimizdən düzgün nəticə çıxarsınlar. Və çalışsınlar ki, bir də o səhvlər olmasın. Çünki o səhvlərdən ilk növbədə cəmiyyət əziyyət çəkir.

- Sonuncu konsertlə bağlı ancaq Youtube-da yerləşdirilən videodan söz açdınız. Amma yəqin ki, konsert proqramında digər maraqlı səhnələr də olub.

- Konsertimiz 3 saat davam edib və müxtəlif səhnələr göstərilib. Həmişə olduğu kimi, cəmiyyətdə baş verən proseslərə mövqeyimizi bildirmişik. Ənənəyə sadiq qalaraq televiziyaları da tənqid eləmişik. Televiziya kanallarında həm bayağı verilişləri, həm də normal demək olarsa, həmin verilişləri də tənqid etmişik. Müğənniləri də parodiya eləmişik.