Lamiyə Novruzova: “Şou-biznesdə yetəri qədər artıq insan var"

Day.Az представляет новость на азербайджанском языке.

Son zamanlar sənət aləmində gənc ifaçıların artdığının şahidi oluruq. Həmin ifaçılar gün keçdikcə üzə çıxmağa, tanınmağa başlayırlar. Kimisi səsinə güvənib "mənəm-mənəm" deyir, kimisi də sponsoruna arxalanır. Milli.Az kaspi.az-a istinadən xəbər verir ki, "Gənclik" qəzetinin bugünkü qonağı Lamiyə Novruzova isə bu sənətə səsinin gücünə gəldiyini, onun sayəsində tanındığını deyir.

Müsahibimiz muğamı bu sənətin ustası xalq artisti Mənsum İbrahimovdan öyrənib. İfaçı deyir ki, Mənsum İbrahimov onun səsini yoxladıqdan sonra yalnız xanəndələrə xas zəngulə boğazların sahibi olduğunu deyib: "Ondan sonra muğamı peşəkar şəkildə öyrənməyə başladım. İndi müəyyən məclislərdə sifarişlər olduqda muğam da ifa edirəm. Ən çox "Bayatı-Şiraz"ı sevirəm. O, mənim ruhuma yaxındır. Həmin muğama bütün muğamların gəlini deyilir. "Bayatı-Şiraz" ifa edərkən gözlərimi yumuram. Bəzən mənə onu irad kimi bildirirlər. Amma bu, özümdən asılı olmur. Musiqi aləminə qapılıram. Kimsə mənə söz demək istəsə gərək oyada, ondan sonra da əvvəlki kimi oxuya bilmirəm. Bəzən elə ifaçı olur ki, çox savadlı, texniki baxımdan əla oxuyur, amma insana təsir etmir. Eləsi də var savadı yoxdur, lakin ürəkdən ifa edir. Mənim üçün vacibi də bax, odur, duyğuları dinləyicinə çatdırmaqdır".

Lamiyə muğam sənətini yaxşı bilsə də lirik mahnılara daha çox üstünlük verərək, kliplərini xarici rejissorlara həvalə etdiyini bildirdi. Gənc ifaçı ilə söhbətimizin davamını isə sizə ixtisarla təqdim edirik.

İstəyimə nail oldum


- Artıq ikinci dəfə məzun adı qazandınız. Sizi təbrik edirik.

- Çox sağ olun. Bundan öncə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdim. İndi də Azərbaycan Milli Konservatoriyanın xanəndəlik şöbəsini bitirdim. Ona görə çox sevincliyəm. Bu mənim üçün ən böyük uğurdur. Təhsilli müğənni olmaq üçün uzun müddət çalışdım və istəyimə nail oldum. Bu qədər əziyyət çəkməyimin səbəbi o idi ki, hər zaman təhsilli sənətçi cəmiyyət içində seçilib və hörmətlə qarşılanıb. Ona görə də bu gün kimlərdənsə 10 addım daha irəlidəyəm.

- Sizcə, peşəkar ifaçı olmaq üçün təhsil önəmlidirmi?

- Əlbəttə. Əgər öz işinin peşəkarı olmaq istəyirsənsə, ilk növbədə o sahənin dərinliklərinə yiyələnməlisən. Təhsilli müğənnin ifası hər zaman digərlər müğənnilərdən seçilir. Səs yazma studiyalarında və ya canlı ifa zamanı müğənni ağzını açanda onun təhsili o dəqiqə üzə çıxır.

- Ancaq bu gün başqa ixtisasa yiyələnən, şou-biznesdə tanınan müğənnilərimiz çoxdur.

- O, artıq Allah vergisi, fitri istedaddır. Allah insana istedadı verir, ancaq onu inkişaf etdirmək, təkmilləşdirmək insana həvalə olunur. Üzərində çalışmaq lazımdır ki, onu mükəmməl şəkildə tamaşaçılara təqdim edə biləsən. İnkişaf etdirməyin əsas yolu isə bu sahə üzrə təhsil almaq, biliyini genişləndirməkdən ibarətdir.

Öz üzərilərində işləmirlər


- Lamiyə xanım, kliplərinizi nə üçün xarici rejissorlara həvalə edirsiniz? Yerli rejissorların işi sizi qane etmir?

- Mənim "Bilirəm gələn deyilsən" və "Səni sevdim, sevilmədən" kliplərimi xarici rejissor çəkib. Həmin kliplər Latviya və Litvada lentə alınıb. Onların işləri məni çox qane etdi. Ancaq bu, o demək deyil ki, Azərbaycanda peşəkar klip rejissoru yoxdur. Burada işini bilən yetəri qədər gənc rejissorlarımız var. Ancaq onlar üzə çıxmırlar. Əgər kliplərimi xarici rejissora həvalə etmişəmsə bu o demək deyil ki, onlar çox bahalı kliplərdir, əksinə. Onlar heç də bahalı kliplər deyil. Yalan deyə bilmərəm ki, kliplərim çox bahalı olub. Kliplərimi öz büdcəmə uyğun çəkdirdim və onlardan çox da razı qaldım. Həmin büdcəyə mən burada klip çəkdirsəydim, inanmıram ki, elə səviyyəli bir klip alınardı. Rejissorlarımız istedadlıdırlar, ancaq öz üzərilərində işləmirlər.

- Xarici şou-biznesinə necə, qatılmaq fikriniz varmı?

- Əslində, azərbaycanlı müğənninin xarici şou biznesə qatılmasını müsbət hal kimi dəyərləndirirəm. Azərbaycan çərçivəsində tanınmaq da düzgün bir yol deyil. Əgər ifaçı Azərbaycan musiqisini dünyaya təqdim etmək istəyirsə, mütləq xaricə getmək, orada musiqilərimizi onlara çatdırmalıdır. Bizim milli musiqimiz olan muğama dərindən yiyələnmişəm. Çünki xaricə səfərlərim olanda onu orada əcnəbi insanların diqqətinə çatdıracam.

- Xarici rejissorlara klip çəkdirirsiniz. Toylardan isə bu qədər pul yığmaq mümkün deyil. Bizə maraqlıdır, Lamiyə xanımın gəliri nədəndir?

- Müğənnin gəlir mənbəyi konsert və albom olmalıdır ki, bu gün onlardan gəlir əldə etmək olmur. Gərək bütün müğənnilərin sözü bir olsun ki, biz də xaricdə olduğu kimi bundan pul qazanaq. Azərbaycanlı müğənnilər toylarda, şou proqramlarda iştirak edir, bütün günü insanların arasında olur. Ona görə də konsertlərimiz elə də tutarlı alınmır. Konsertdən gəlir əldə etmək üçün gərək uzun müddət tamaşaçıların gözünə görünməyəsən, bir növ yoxa çıxasan. Əgər tələb olunan müğənnisənsə, tamaşaçılar məcbur olub sənin konsertinə gələcəklər. Bu da Azərbaycanda mümkün deyil. Çünki biz bu gün toydan və şou proqramlardan pul qazanırıq.

Gündəmdən düşmə qorxusu yaşamamışam

- Sizcə, bu gün gündəmdə olmaq üçün səs önəmlidir?

- Bir yerə qədər səs önəmli deyil. Əgər yeni efirə çıxan vaxt siman maraqlıdırsa, cəlb edə bilirsənsə, bu da müəyyən bir vaxta qədərdir. Ondan sonra tamaşaçı gözəl ifa istəyir. Misal üçün, tamaşaçı sənə efirdə baxır. Ancaq radioda səsini eşidəndə radionu bağlayır. Səs çox önəmlidir. Heç zaman gündəmdən düşmə qorxusu yaşamamışam. Çünki bilirəm ki, istedad itib-batmır. İnsanda şans olmalıdır. Allaha qurban olum ki, mənə istedad verib. Heç vaxt reklam olunub özümdən çıxmamışam.

- Lamiyə xanım, sizcə bu gün şou-biznesdə kimlərə yer yoxdur?

- Şou-biznesdə yetəri qədər artıq insanlar var. Ancaq onlar özlərini artıq hiss etmirlər. Ona görə də onlar öz yerlərində qalıblar. Ümid edirəm ki, bir gün özlərini bu aləmdə artıq hiss edib, sənəti tərk edərlər. Mənim üçün şou-biznesdə yer almaq önəmli deyil. Mənim üçün əsas insanların qəlbində yer almaqdır. Musiqi mənim nəfəsimdir, o, mənim qidamdır. Mən heç vaxt incəsənətə nəyisə qurban verməmişəm.