Gülbahar Şükürlü: "Ona həmişə deyirdim ki, çalış, özün ol" Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az əməkdar artist, qarmon ifaçısı Gülbahar Şükürlünün qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Gülbahar xanım, yeni mövsümdə yaradıcılığınızda hansı yeniliklər olacaq?

- Demək olar ki, sakitçilikdi, bağda dincəlirəm. Hələlik yaradıcılığıma buna görə bir balaca fasilə vermişəm. Amma dəvət olunduğum toylara gedirəm. "Gülüm mənim" adlı türk musiqisinə klip çəkdirmişəm. Klipin rejissoru Nail Naiboğludur.

- Sənətdə olduğunuz illər ərzində nələr əldə etmisiz?

- 1993-cü ildən bəri sənətdəyəm. Bu illər ərzində Azərbaycanda və onun hüdudlarından kənarda da tanınmağa nail olmuşamsa, bu, böyük uğurdu. Bu yaxınlarda Amerikada yaşayan Bakı yəhudiləri məni toya dəvət etmişdilər. Lakin Bakıda dəvət aldığım toylarla həmin toy üst-üstə düşdüyü üçün gedə bilmədim. Yəni sənətçi üçün sevilmək çox böyük qazancdır. Əməkdar artist kimi fəxri ada layiq görüldüm. Bu da illərimin qazancına yazılan böyük şərəfdi. Sıravi musiqiçi olmadım. Dövlət tərəfindən 8 Mart Qadınlar bayramı ərəfəsində bu sevinci də yaşadım.

- Sizi digər qarmon ifaçılarından nələr fərqləndirir?


- Mənim öz yolum, öz cığırım var. Hər kəsin özünəməxsus ifası var. Bütün qarmon ifaçılarına hörmətlə yanaşır, onların ifalarını dinləyirəm. Heç vaxt heç kimə bənzəmək istəməmişəm.Sənətçinin üzünü görmədən belə ifasını eşidərkən əgər onu tanıyırlarsa, deməli, o, nəyəsə nail olub. Kimisə yamsılamağı sevmirəm. Çünki belələri yarı yolda qalır, çox irəli gedə bilmirlər.

- Sizi yamsılayanlar olub?

- Məni yamsılayan tələbəm olub. Ona həmişə deyirdim ki, çalış, özün ol. Anası deyirdi ki, o sizi görüb bu sənətə gəlib.

- Qarmon ifaçılarından kimlərlə dostluq edirsiz?


- Qarmon ifaçılarından yeganə Elşən Dadaşovla ailəvi dostuq.

- Gülbahar xanım, şou-biznesdə nə baş verir?


- Sizə deyim ki, qonşular, tanışlar, yəni bir sözlə şou-biznesdə olmayanlar orda nə baş verdiyini bizdən daha yaxşı bilirlər. Mən də elə ordan-burdan eşidirəm nə baş verdiyini. Əgər söhbət başqalarından gedirsə, o qədər də marağıma səbəb olmur. Yəni xasiyyətimdə hər şeylə maraqlanıb müdaxilə etmək yoxdur. Mollaya deyirlər ki, "aş aparırlar". Deyir ki, mənə nə. Deyirlər ki, sizə aparırlar axı. Cavab verir ki, sənə nə. Əgər söhbət mənə aid deyilsə, niyə qulaq asmalıyam ki?!

- İllər sizi yormayıb?


- Məni illər deyil, keyfiyyətsiz insanlar yordu. Həyat insanı yormur, insanı insanlar yorur. Həyatı bəzəyənlər də var, bəzəkdən salanlar da. Desəm ki, qarşıma yalnız yaxşı insanlar çıxıb, yalan olar. Yaşa dolduqca, iki sözdən qorxuram: kaş ki, bilsəydim. Kiminsə qəlbinə dəyəndə, səhv edəndə bu sözləri işlədirsən. Bu peşmançılıqları yaşamaq istəmirəm. Həmişə hamıya müsbət aura ötürmüşəm.

- Sizə düşmənçilik edənlərin cavabını necə verirsiz?

- Tanrıma şükürlər olsun ki, düşmənim yoxdur. Gözəl ailəvi dostlarım var. Sənətdə kimin adını çəksəniz, deyəcəyəm ki, münasibətim yaxşıdır. Yadıma gəlmir ki, kiməsə arxa çevirim.

- Nənə olmaq necə hisdir?


- Özümü nənə kimi hiss etmirəm. Çünki nəvələrimdə uşaqlarımın uşaqlığını görürəm. Bilmirəm, bəlkə də, bu körpələr hələ dil açıb mənə "nənə" deməyiblər, ona görə anlaya bilmirəm.

- Buraxdığınız hansı xətaların ağırlığı ürəyinizdə yüklənib?

- Oğlum uşaq vaxtı dəhşətli dərəcədə futbol həvəskarıydı. Mən onu sənətindən ayırdım. Bunu özümə heç vaxt bağışlamayacağam. Oynadığı komandaya hər zaman uğur gətirirdi. 12 yaşından Rusiya futbol komandalarında məharətlə oynayıb. Qalibiyyətlə geri qayıdıb. Futbol oyunu zamanı yıxılarkən ağlayırdım. Düşündüm ki, bircə oğlum var. Zədələnsə, mənə pis təsir edər. Təsəvvür edin ki, bütün varlığımla qarmona bağlanmışam və həvəslə dərslərə gedirəm. Amma məni çox sevdiyim qarmondan ayırırlar. Oğlumu indi anlayıram. Hazırda tamamilə başqa sahədə çalışır.

- Özünüzü nədəsə cəzalandırmısız?

- Çox sadə olmuşam, insanları tanımamışam. Özümü buna görə cəzalandırmışam. Artıq bəzi xasiyyətlərimi dəyişmək məcburiyyətindəyəm. Hər iki valideyinlərimi 5-6 ay ərzində itirdim. Hərdən düşünürəm ki, kaş onlar üçün daha çox şeylər edərdim. Amma qohumlarımız buna görə məni qınayıb deyirlər ki: sən nə lazımdısa onlar üçün etmişdin. Bəzi mahnılarım vardı ki, anam onları çox sevirdi. Lakin mən lentə yazdıra bilmədim. Efirlərdə ruh yüksəkliyi ilə hərəkətli ifamı görənlər bəlkə də düşünürlər ki, qəm-kədərin nə olduğunu bilmirəm. Əslində çox kövrək insanam. Gözlərimin yaşı ovcumun içindədi.

- Sizə ən böyük ərmağan nə olardı?

- Övladlarımı xoşbəxt, sağlam görmək. Maşına əyləşərkən heç vaxt radioya qulaq asmıram. Dualar edirəm. Tanrı bütün övladları xoşbəxt eləsin. Mənim də balalarım onların içində. Anam dünyasını dəyişəndə ağlıma belə gətirməzdim ki, onu öz əllərimlə yuyacağam. Hönkürə-hönkürə anama baxırdım. Düşündüm ki, fani dünya, heç kim özüylə gedəndə heç nə aparmır. Anam da nələr qoyub getdi. Hamımızın son məkanı var. Amma insanlar bunu başa düşmür. Bir-birinin arxasınca çəkinmədən qeybət, qarğışlar edirlər. Tanrı hər şeyin mükafatını da, cəzasını da verir. Həyatda üç şeyə nifrət edirəm. Oğurluğa, yalançılığa, xəbərçiliyə. Belə insanları bağışlaya bilmərəm. Məndən toya dəvət üçün hansısa sənətçinin nömrəsini istəyəndə bilməsəm də, haradan olursa, olsun tapıb verirəm. Amma elə insanlar görürəm ki, bilsələr də, bunu etmirlər.