Azərbaycan sənətçiləri toy qiymətlərini endircəklər? Day.Az представляет новость на азербайджанском языке.

Son günlər Azərbaycanda yas mərasimləri ilə yanaşı toylarda da israfçılığın qarşısının alınması məqsədi ilə müzakirələr daha da artıb. Hətta bu yaxınlarda restoran və şadlıq saraylarında toylar üçün menyu qiymətinin aşağı salınacağı da bildirilir.

Bəs, görəsən, əgər belə olarsa, bu fakt müğənnilərin qonorarına hansısa formada təsir edəcəkmi? Sənətçilər toy qiymətlərində endirim etməyi düşünürmü? Bununla əlaqədar axşam.az saytının müxbiri Azərbaycanın tanınmış müğənnilərinə müraciət edib.

Xalq artisti Səməd Səmədov: "Doğrudan da, toylarda israfçılıq çoxdur. Menyu qiymətinin düşməsinin isə müğənniyə təsiri yoxdur. Biz müştərinin özü ilə danışırıq. Toyda o qədər əziyyət çəkirik, niyə endirim edək?"

Əməkdar artist Abbas Bağırov: "Toylarda, həqiqətən də, israfçılıqdır. Mərasimə gələn bilmir oynasın, yoxsa yemək yesin. Məclisində süfrəyə istədiyi təamı qoymaq ev yiyəsinin öz işidir. Xaricdə tamamilə fərqlidir. Əvvəl toy olur, oynayırlar. Sonda isə bir az yemək gəlir. Əsas odur ki, qonağı ac yola salmırsan. Amma qiymətlərin xeyli ucuzlaşacağına inanmıram. Ucuz qiymətlərlə fəaliyyət göstərən şadlıq evləri var. Lakin xidmət o dərəcədə ürəkaçan deyil. Təmizliyi nəzərə almaq lazımdır. Bahalı menyuların ucuzlaşacağına inanmıram. Bu isə müğənniyə heç bir təsir etməyəcək. Çünki musiqiçinin öz qiyməti var. Müğənni o qonorarı tək özünə almır".

Müğənni İzzət Bağırov: "Müğənni qonorarı müştəridən alır, restoran sahibindən yox. Mən toya on minə gedənlərdən deyiləm. Qoy onlar narahat olsun. Buna görə dərd çəkmirəm".

Müğənni Samir Piriyev: "Biz həmişə qonaqpərvər olmuşuq. Evimizə gələn qonağımızın qarşısına ən axırıncı təamımızı da qoymuşuq. Öz adət-ənənələrimiz var. İnsan övladına toy edir, ürəyindən masaya yüz nemət düzmək keçir. Bunu niyə israfçılıq adlandırırlar ki? Biz qonağımızın qarşısına bir çeşid yemək qoymaqla kifayətlənə bilmərik axı... Dövlət qarşısında boynumuz qıldan incədir. Amma bu işdə nə qədər insan evinə çörək pulu aparır. Qonorara gəldikdə isə hərə özünə cavabdehdir. Mənim qonorarımın restorandakı ucuzlaşmaya aidiyyəti yoxdur. Artıq neçə ildir, restoranlarla çalışmıram. Müştərinin özü ilə danışıram. Lazım gələndə endirim də edirəm".

Əməkdar artist Nüşabə Ələsgərli: "Hər insanın öz toyudur, özü bilər. Yeməyi kim necə istəyir süfrəyə düzür. Menyudakı qiymət ucuzlaşmasının qonorarımıza təsir edəcəyini düşünmürəm. Axı müğənni əziyyət çəkir".

Müğənni Yaşar Cəlilov: "Toylarda israfçılıqdır, qiymətlər isə, həqiqətən, bahadır. Ucuzlaşdırılması müsbətdir. Belə olan halda hamı da rahat toy edər. Amma bu, müğənniyə təsir etməyəcək. Çünki biz restoranla işləmirik, pulu toy yiyəsi ilə danışırıq. Qiymət endirimi restoranlarla çalışan ifaçılara təsir göstərəcək. Həm də aldığımız qonorar tək bizə çatmır. Həmin məbləğdən musiqiçiyə, aparıcıya da veririk".

Müğənni Təranə Qumral: "Hər insan toy edəndə büdcəsini nəzərə alır. Menyuda israfçılıq olmur. Yemək az olanda qonaqlar deyəcək ki, toydan ac gəldik. Bu təamlar məclisi daha da gözəlləşdirir. Qonorarımız ucuzlaşmayacaq. Çünki biz əziyyət çəkirik. Müştəri ilə danışanda onun istəyini nəzərə alır, endirim edirik. Bu günə kimi elə bir müştəri olmayıb ki, qiymətdə razılığa gəlməyək. İnsanlar bizi sevir, toylarında görmək istəyir, biz də bunu dəyərləndiririk".

Müğənni Elvin Abdullayev: "Toylarda israfçılıq çoxdur. Amma qiymətlərin endirilməsi absurddur. Mərasim edən bahalıq dərdi çəkmir. Bu ucuzlaşma niyə müğənniyə təsir etməlidir ki? Müğənni neçə saat ayaqüstə əziyyət çəkir, haqqını alır. Əgər dövlət qanun çıxarsa, əlbəttə, mən də qonorarımda endirim edərəm".

Müğənni Elçin Hüseynov: "Türkiyədə Çingiz Kurtoğlunun övladının toyunda oldum. Masaların üstü boş idi. Toyun yarısından sonra bir az yemək və salat gətirildi. Bizdə israfçılıq var. Mən bunun əleyhinəyəm. Düzdür, restoranda masaya düzülən təamlar daha sonra zibil qutularına atılmır, oradakı işçilər arasında bölüşdürülür. Bir qismini isə ehtiyacı olan insanlara paylayırlar. Son vaxtlar bəzi toylarda İsveç masası üslubunda yeməklər verilir. Bu da yaxşı ideyadır. Çalışıb daha çox hüzür yerindəki israfçılığı, yeyib-içməyi yığışdırmaq lazımdır. Çünki ev yiyəsi az qala ölüsünü unudur, digər problemlər barəsində düşünür. Menyu qiymətlərinin bir o qədər ucuzlaşacağına inanmıram. Onda gərək ərzaqların qiyməti də endirilsin. Müğənninin qonorarının isə ucuzlaşmaya aiddiyatı yoxdur. Çünki mən 16 nəfər musiqiçi dolandırıram. Aldığım pulu tək özümə götürmürəm, onlarla bölürəm".