Azərbaycanlı müğənni: "O söhbətlərə qulağımı bağlayıram" - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Efirlərdə az-az görünsə də, son günlər qalmaqallı açıqlamalarıyla mətbuatın gündəmindədir. Hədəfi isə demək olar ki, əksər hallarda sənət yoldaşlarıdır. Bu dəfə isə hədəf özüdür. Daha doğrusu, haqqında gəzən şayiələr...

Beləliklə, Milli.Az publika.az-a istinadən gənc müğənni Fidan Süleymanovanın müsahibəsini təqdim edir.

- Fidan, son vaxtlar efirdə şəxsi həyatınla bağlı çox danışmısan...

- Əslində, mən danışmamışam, mənim haqqımda danışıblar.

- Niyə məhz sənin barəndə?

- Bu sənətdə belədir ki, kimsə irəliyə doğru addım atırsa, əvvəlcə onun barəsində şayiələr gəzməyə başlayır. Sonra müğənnilər başlayırlar araşdırıb axtarmağa. Görəndən sonra ki, düşündükləri əsassız çıxdı, deyirlər ki, bu qız niyə ərə getmir? Sənin nəyinə lazımdır mən niyə ərə getmirəm? Hər qızın bir qisməti var. Mənim anam 28 yaşında ailə qurub. Mənim hələ 25 yaşım var. Bəlkə qismətim 30 yaşımda qarşıma çıxacaq. İndi mənim istədiyim, bəyəndiyim kimsə yoxdur deyə ailə həyatı qurmuram və həyatımda da heç kim yoxdur.

- İndi sənin bəyəndiyin yoxdur. Bəlkə 30 yaşında da səni bəyənən olmadı.

- Məni 17-18 yaşımda da bəyənirdilər, indi də dərdimdən ölənlər var. Deməli, 30 yaşımda da dərdimdən ölənlər çox olacaq. Çünki çox gözəl xanımam.

- Dərdindən ölənlər sənət aləmindəndir, yoxsa sənətdən kənardır?

- Bir çox sahələrdən sevgisini elan edən insanlar olub. Sadəcə, mən bəyənməmişəm. Arada sevgi olmalıdır da. Məntiq evliliyi düzgün deyil. Filankəsin yaxşı işi, evi, maşını varsa, bu, o demək deyil ki, evlənməliyik. Qarşıma elə insanlar çox çıxıb. Yaradıcı insanam. Ailə quracağım, bir yastığa baş qoyacağım insanla aramızda böyük ali hisslər olmalıdır. Əsl məhəbbət olmalıdır ki, o insanla bir yastığa baş qoya bilim.

- Bu yaxınlarda klip çəkilişlərində də bildirmişdin ki, 50 oğlan modelin şəklini göndərdilər, amma heç birini bəyənmədim. Bu, özündənrazılıq deyil ki?

- Həmin insanlar ayrı-ayrılıqda özlərinə görə yaraşıqlı bəylər idi. Sadəcə olaraq, bədən və üz quruluşuma uyğun bilmədim heç birini. Bir günlük çəkiliş üçün olsa da, yaraşdırmalıydım ki, klipə baxanda inandırıcı olsun.

- Klip üçün oğlan tapa bilmirsənsə, sonrası necə olacaq?

- Görək də. Mənə ağır gələn odur ki, istər sənət aləmindən, istər başqa sahələrdən adımı yüz nəfərlə hallandırırlar. İrəliyə atdığım addımları gözləri götürmür. Haqqımda şayiə yayanların həyatları ensiklopediyadır. Əgər danışsam, qadın müğənnilərlə bağlı gərək kitab yazam və nömrələrlə sevgililərinin siyahısını tərtib edim. Yerin də qulağı var. Bakı balaca şəhərdir, hamı bir-birini tanıyır. Mənim haqqımda söz-söhbət yaymağa ehtiyac yoxdur Şayiələr gəldi-gedərdi, fakt isə həmişə faktlığında qalır. Millət kimin kim olduğunu çox yaxşı bilir.

- Adın biznesmen bir millət vəkiliylə hallanır. Yəqin ki, xəbərin var.

- O söhbətlərə qulağımı bağlayıram.

- Ümumiyyətlə, indi dediklərimdən xəbərin var?

- Bəli, xəbərim var. Camaat hamını tanıyr.

- Bəs bu söz-söhbətlər hardan qaynaqlanır?

- Hamısı paxıllıqdan qaynaqlanır. Niyə Fidan öz gücünə irəli gedir? Başa düşürəm ki, bu sözüm çox ağır səslənəcək. Üzr istəyirəm, yüz sifət görən qadınlar öz gücünə irəli gedən qadınlara dəhşətli dərəcədə paxıllıq edirlər. Çünki mənim səsim və sənətim var.

- Bəlkə o insanların məclislərində iştirak etdiyinə görə belə şayiələr yayılır haqqında...

- Əlbəttə, belə şey olub. Dəfələrlə o insanların məclislərində olmuşam. Mənim repertuarıma baxanda görünür ki, elit səviyyəli məclislər, melomanlar üçündür. Nazir də, deputat da məni məclisinə dəvət edirsə, bununla fəxr edirəm. Lap çoban da dəvət edə bilər, dəxli yoxdur. Sevgi sevgidir. Kimsə müəyyən məbləğ ödəyib məni toyuna çağırırsa, deməli, səsimə və sənətimə rəğbəti var. Başqası nəyinsə gücünə gəlib o məclisə düşür. Məni də gəlib orda görəndə deyir ki, yəqin filan iş filandır.

- Yəni doğrudanmı, vəzifəli insanlardan sənə qarşı sevgi təklifləri olub?

- Bu mövzuda danışmaq isətmirəm. Olub-olmamağının heç kimə aidiyyəti yoxdur.

- Yəni olub?

- Onlar özlərinə hörmət edən insanlardır.

- Konkret...

- (gülür) Yox.

- Bəs niyə gülürsən?

- Söz tapmıram deməyə. Yəni doğrudanmı bu qədər maraqlıdır. Əgər hamı üçün bu qədər maraqlıdırsa, açıqca deyirəm ki, həyatımda heç kim yoxdur. Heç vaxt da o tip sevgilim olmayıb. Başqa müğənnilər kimi sevgili-sponsorum olmayıb. Söz-söhbət yayanlar isə öz şəxsi həyatlarına daha çox vaxt ayırsalar, yaxşı olar.

- Sənət aləmindən kiminləsə ailə qurarsan?

- Xeyr. Mənim həyat yoldaşım şou-biznesdən ola bilməz.

- Səbəb?

- Bu sənətdə araşdırma aparılsa, məlum olar ki, barmaqla sayılacaq qədər şəxsiyyəti və mənəviyyatı yerində olan insan var. Kiməsə hörmətsizlik etmək istəmirəm. Amma mənim meyarlarıma görə dərindən hörmət etdiyim insanların sayı azdır.

- Kimlərdir hörmət etdiklərin?

- Ad çəkmək istəmirəm. Amma məcburiyyətdən hörmət etmədiyimə də salam verirəm. Çünki salam verməyəndə sabah gedib adama pislik edirlər. Ümumən isə heç biriylə yaxından əlaqədə deyiləm.

Böyütmək üçün şəkillərə klikləyin: