Flora Kərimovanın qızı şəxsi həyatından danışdı Day.Az представляет новость на азербайджанском языке.

Azsaylı məşhur övladlarındandır ki, mətbuatın gündəmində deyil, hər hərəkəti hadisə olmur.

Amma bu yaxınlarda şəxsi həyatıyla bağlı yazılanlar, sözün əsl mənasında, gündəm oldu. Xalq artisti Flora Kərimovanın qızı Zümrüd Şəfiyeva publika.az-a müsahibəsində həm şəxsi həyatı barədə, həm də anasıyla bağlı sualları cavablandırıb.

- Zümrüd xanım, həmişə mətbuatdan qaçırsınız, demək olar ki, nadir hallarda müsahibə verirsiniz. Amma halbuki, ananız Flora Kərimovadan qat-qat aşağı sənətə sahib olan sənətçilərin övladları hər gün efirdə olurlar. Mətbuatdan qaçmağınız nəylə bağlıdır?

- Yəqin ki, bu, mənim təbiətimdən, tərbiyəmdən irəli gəlir, bilmirəm. Hər halda, bu təbiət məsələsidir. Çünki təbiətcə çox təvazökar insanam. Özümə əmin olmayan və çox sakit biriyəm. Mətbuatdan və mediadan qaçmağım da burdan irəli gəlir. Anamın bu sənətdə olmağı və məşhurluğu məni sövq edir ki, öz təbiətimə uyğun olmayan şeylərə əl atım.

- Amma nə qədər qaçsanız da, mətbuat nələrsə yazır...

- Hələ mən qaça-qaça bu qədər yazırlar...

- Bəlkə, həmkarlarımı elə mətbuatdan qaçmağınız qıcıqlandırır?

- Ola bilər. Amma məncə, bu anama məhəbbətdən irəli gəlir.

- Boşanmağınızla bağlı bir xəbər yayıldı. Demişdiniz ki, peşman deyiləm. Doğrudanmı, belədir?

- Həqiqətən də, o ailə ilə nə vaxtsa yaxın olduğuma, o insanla ailə qurduğuma peşman deyiləm. O evdə elə insani münasibət, sayğı, sevgi görmüşəm ki, başqa bir söz deməyə mənəvi haqqım yoxdur.

- Yəni bunu qismət məsələsi kimi dəyərləndirirsiniz...

- Keçmiş həyat yoldaşıma xoşbəxtlik arzu edirəm. Keçmiş qayınanam Tərlan xanımla indiyə qədər ünsiyyətimiz var.

- Əvvəldən qohumluq əlaqəniz vardı?

- Yox, amma onlar da Qarabağdan, Ağcabədidəndirlər. İndiyə qədər də get-gəlimiz, sıcaq münasibətlərimiz var. Yəni şərq insanlarının xarakterinə uyğun olmasa da, bu, belədir...

- Tibb təhsili almışdınız. İxtisasınız üzrə çalışırsınızmı?

- Burada tibbi təhsili aldım və Londonda psixologiyanı bitirdim. Hazırda psixologiya sahəsində çalışıram və psixologiya ilə tibbi birləşdirmək fikrim var. Kliniki psixologiya deyilən sahənin doktoranturasına daxil olmaq istəyirəm. Amma London universitetlərindən birinə qəbul olmaq istəyim daha böyükdür. Bu arzum yerinə yetsə, xoşbəxt olaram.

- Uzun müddət burada yaşamamısınız. Buradakı mühit, ab-hava sizə qeyri-adi gəlmir ki?

- Mən bu torpağın övladıyam. Desəm ki, qəribə gəlir, məni siz də qınayarsınız, özüm də qınayaram. Azərbaycan mənə Londona köçməzdən əvvəlkindən daha əzizdir.

- Övladınız varmı?

- Xeyr.

- Xoşbəxt olmaq hər insanın haqqıdır və yəqin ki, ikinci dəfə ailə həyatı qurmağınız istisna deyil. Bu ərəfələrdə qarşınızda xarakterinizə, düşüncənizə, intellektinizə uyğun biri çıxarsa, evlənərsinizmi?

- İstisna etmirəm ki, yaxın gələcəkdə bu olacaq. Həyatımda hər şey çox pərakəndə alınır. İlk dəfə ailə qurmağım da çox pərakəndə oldu. İkinci dəfə nə vaxt ailə quracağımı bir Allah bilir.

- Neçə yaşınızda ailə qurmuşdunuz?

- 25 yaşında...

- Soruşsam ki, neçə il ailəli oldunuz... belə çıxacaq ki, yaşınızı öyrənmək istəyirəm...

-(gülür)... və 9 il ailəli olduq.

- Ümumiyyətlə, namizəd varmı? "Yoxdur" desəniz, inandırıcı olmayacaq. Çünki ən adi qızın belə istəyənləri var, o ki qaldı Flora Kərimovanın qızı..

-(gülür) Aaay, gör siz hara gəldiniz. Siz necə də çoxbilmişsiniz...

- Hətta mənə elə gəldi ki, nələrinsə konturları var.

- Sizdə haradan belə təəssürat yarandı?

- Dediniz ki, özümə əmin insan deyiləm. Amma mimikalarınız nəsə deyir.

- Allahımı çox sevirəm, onun açdığı yollara güvənirəm...

- Yay istirahətiniz necə keçdi?

- Bura gəlməyim bəs idi deyim ki, mənalı istirahət elədim.

- Xeyli müddət ananızdan uzaq qaldınız...

- Sizə bir sirr açım. Bir müddət Bakıda qalmağı düşünürəm. O da anamı daha çox görmək arzusundan irəli gəlir. Onun yanında olmaq, onunla daha çox vaxt keçirmək istəyirəm.

- Flora xanım bir neçə dəfə müsahibələrində zarafatla deyib ki, mən sərt danışanda qızım məni danlayır. Doğrudanmı, onun sərt danışmağı, adının müəyyən qalmaqallarda hallanmasından sonra ananıza etirazınızı bildirirsiniz?

- Bəzən düşünürəm ki, anamın davranışı sərt olur. Ümumiyyətlə, anam xasiyyətcə sərt insandır. Mən isə ondan fərqli olaraq çox mülayiməm.