Zülfiyyə Xanbabayeva ad gününü qeyd edir - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Bu gün xalq artisti Zülfiyyə Xanbabayevanın ad günüdür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni 1967-ci ildə Bakı şəhərində anadan olub. Ailədə üç uşaq idilər: iki qız, bir oğlan. Uşaqlıqdan incəsənətə marağı olan Zülfiyyə babasını, nənəsini və qohumlarını bir yerə yığaraq onlar üçün kiçik "konsertlər" verirdi.

Zülfiyyə 161 nömrəli məktəbdə oxuyub. Məktəbi o qədər çox sevməsə də musiqini, ədəbiyyatı və biologiyanı çox sevib. Artıq o vaxtlar Əfsər Cavanşirovun xorunda oxuyub. İlk dəfə qəzetlər Zülfiyyə haqqında onun 12 yaşı olanda yazdılar. O zaman o, Üzeyir Hacıbəyovun ev muzeyində Füzulinin "Şəbi-Hicran" şeirini oxuyub. Məktəbdə oxuduğu zaman Cəfər Cabbarlının eyni adlı əsərində Sevil rolunu oynamaqla o özünü aktrisa amplusanda da sınayıb. Zülfiyyə anasından xalq mahnıları ifa etməyi öyrənib. Eyni zamanda müasir rus estradasına, əsasən Alla Puqaçovanın, Sofiya Rotarunun yaradıcılığa böyük maraq göstərib. Atasının Zülfiyyəni Xarici Dillər İnstitutunun tələbəsi görmək arzusuna baxmayaraq, məktəbi bitirdikdən sonra ifaçı İncəsənət İnstitutunun "Teatr rejissorluğu" fakültəsinə daxil olub. Zülfiyyə ilə bir kursda indi onun prodüseri olan Nigar adlı bir qız - Nigar Hacızadə oxuyurmuş. Məhz o 1987-ci ildə öz rəfiqəsini xalq artisti Brilliant Dadaşova ilə tanış edib. O, bəstəkar Cavanşir Quliyevə yeni addımlar atan müğənninin ifasına qulaq asmağı tövsiyə edib. Bəstəkar Zülfiyyənin istedadını layiqincə qiymətləndirib və onunla işləməyə başlayıb. Z. Xanbabayeva 1989-ci ildə "Bakı Payızı-88" müsabiqəsində iştirak edib və Vaqif Gərayzadənin "Səni xatırlayarkən" mahnısını ifa etməklə finala çıxıb.

1994-cü ildə Zülfiyyə Xanbabayeva Vaqif Gərayzadənin "Aypara" qrupunda iştirak edib. Qrupdan ayrıldıqdan bir müddət sonra xalq artisti solo-karyerasına başlayıb.

Ailəlidir və bir qızı var.

Böyütmək üçün şəkillərə klikləyin: