Əməkdar artist: "Aparıcılıqda da özümü rahat hiss edirəm"

Day.Az представляет новость на азербайджанском языке.

Dövlət Musiqili Teatrının aktyoru, əməkdar artist, prezident mükafatçısı Əkbər Əlizadənin Milli.Az-a müsahibəsi.
 

- Əkbər bəy, teatrda işlər necədir?

- Dövlət Musiqili Teatrının repertuarındakı tamaşalarda mütəmadi məşğulam. Mövsüm başlayan kimi Oqtay Kazımi və Ramiz Heydərin "Qızıl toy" tamaşasında baş rollardan birini - Qədiri oynadım. Tamaşa çox uğurla keçdi. Bu rolda dublyorum yoxdur. Ümumiyyətlə, əksər obrazlarda dublyorsuzam. Bu tip obrazım olmamışdı, özümə də çox maraqlı gəldi. Bu günlərdə teatrımızda daha bir premyera oldu. "O olmasın, bu olsun"un yeni quruluşunda Şövqi Hüseynov Məşədi İbadı oynadı. Həmin tamaşa da çox uğurlu alındı. Sənət adamları, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri gəlmişdilər. Burada isə intelligent Həsən rolunu oynadım. Vaxtilə bu rolu filmdə Mustafa Mərdanov oynayıb. Tam cürətlə deyə bilərəm ki, mənim intelligent Həsənim vaxtilə oynanılan bütün intelligent Həsənlərdən fərqlənib. Sırf öz dəst-xəttimlə oynamışam. Bir məqamı da vurğulayım ki, Üzeyir Hacıbəylinin hər üç operettasında - "Ər və arvad"da nökər Səfini, "Arşın mal alan"da Süleymanı, "O olmasın, bu olmasın"da intelligent Həsəni oynamışam.
 

- Teleaparıcı, aktyor və bəzi hallarda şoumen. Bunlardan hansında özünüzü daha rahat hiss edirsiniz? Çünki son zamanlar sizi teleaparıcı kimi daha çox qəbul etməyə başlayıblar.

- Mənim göbəyim teatrda kəsilib, əsas peşəm aktyorluqdur deyə, aktyorluqda özümü çox rahat hiss edirəm. Ələlxüsus da obraz ürəyimcə olanda elə bilirəm ki, tamaşaçının demək istədiklərini deyirəm və onların ürəyindən tikan çıxır. Aparıcılığa gəlincə, 1994-95-ci illərdə dövlət əhəmiyyətli tədbirlərin aparıcısı kimi səhnəyə gəldim. Müəllimlər Günündə, Beynəlxalq Qadınlar Bayramında, Silahlı Qüvvələr Günündə sadəcə əlimdə qovluq, verilən mətni səlis şəkildə tamaşaçılara çatdırırdım. Səhər proqramına gəlincə, burada özümü daha rahat hiss etməyə başladım. Aparıcılıq elə peşədir ki, xarakterində hansı məqamlar varsa, bunu tamaşaçı hiss edir. Aparıcılıqda da özümü rahat hiss edirəm. Həyatda insanlarla necə davranıramsa, verilişdə də tamaşaçılarla o cür rəftar edirəm.
 

- Özünüzü xəbər aparıcısı kimi sınamaq istərdiniz?

- Yox, mənə elə gəlir ki, çox gülünc alınar. Tamaşaçı mənə inanmaz (gülür).
 

- Həyatda verdiyiniz hansısa qərarı dəyişməyiniz mümkündür?

- Həyatımda nəsə baş verirsə, deməli, məndən əvvəl Allah-təala bunu istəyir. Baş verənlərin hamısı ssenariləşdirilib. Məsələn, vaxtilə müğənni olmaq istəmişəm. Sonra görmüşəm ki, nəsə məni aktyorluğa çəkir. Cənnət Səlimova da dedi ki, aktyorluq səndə yaxşı alınır. Yəni bu, Allahın istəyidir.
 

- Hər şeyi qismətə bağlayırsınız?

- Qərar verirəmsə, elə bilirəm ki, bunu gözəgörünməz qüvvə istəyib və mən də onun arxasınca getmişəm. Sanki idarə olunuram.
 

- "Hər səhər" verilişindən gedib, yenidən qayıtmağınız barədə hələ də danışılır. Geriyə qayıdışınız verdiyiniz qərarın dəyişdirilməsi idi, yoxsa yanlış verilmiş qərarın düzəldilməsi?

- Həyat təzadlarla doludur. Mən getmədim ki, bir də qayıdım və gedəndə də qarşımda belə məqsəd yox idi. Gedəndə qəti addım atdım. Amma deyim ki, qayıtmağımla bir çox şeyləri sübuta yetirdim.
 

- Məsələn, nələri sübut edə bildiniz?

- Məsələn, ətrafımda olan, dost bildiyim insanları Allah mənə tanıtdı.
 

- O insanlar həmkarlarınızdır?

- Yox, həmkarlarım deyillər. Vaxtilə özlərini mənə dost kimi göstərmiş insanları tanıdım. Onlar da məndən uzaq düşdülər, naxələf çıxdılar, nankorluq etdilər. Allah o insanların dərsini verdi. İndi bəzi aparıcılar "mən sevilirəm" deyib, bu sözü tamaşaçının boynuna qoyurlar. Elə acığım gəlir ki. Tamaşaçı səni sevmədiyi halda, bunu minnət olaraq tamaşaçının boynuna qoyursan. Mən bir daha əmin oldum ki, doğrudan da tamaşaçının mənə istəyi var. Bu hər aktyora, aparıcıya nəsib olmur. Bu gün də səhnəyə çıxanda kulisdən səsim gələndə, görürəm ki, tamaşaçılar alqışlayırlar. Çox böyük xoşbəxtlikdir və indi-indi bunu hiss edirəm. Yəni tamaşaçıların sevgisini bir daha özüm üçün təsdiq etdim. İkincisi, çox sağ olsun Space telekanalının prezidenti Vaqif Mustafayev. Məni tanıyanlar bilirlər ki, xislətimdə yaltaqlıq yoxdur və belə şeylərə nifrət edirəm. Vaqif müəllim məni qaytarmaya da bilərdi. Görün istedadlı insanları necə qiymətləndirir. Ata oğlu üçün etmədiklərini mənim üçün elədi.
 

- Qayıtmaq sizin təşəbbüsünüz idi, yoxsa onun?

- Bu, qarşılıqlı oldu. Həm çoxsaylı tamaşaçıların istəyi, sonra Vaqif müəllimlə danışığımız ortaq məxrəcə gəlməyimizə səbəb oldu. Onun da istəyi oldu ki, mən qayıdım. Onun istəyi olmasaydı, qapının astanasından içəri keçə bilməzdim.
 

- Verilişdən uzaqlaşandan sonra "Hər səhər"ə baxırdınız?

- Qızımı məktəbə qoyub gələndən sonra ara-sıra baxırdım. Amma yatağan olduğum üçün tam baxa bilmirdim. Günlərin birində Milli Televiziya və Radio Şurası teleaparıcıların və verilişlərin monitorinqini keçirmişdi. Həmin müzakirə mənə çox pis təsir etdi. Mən o verilişdən uzaqlaşandan sonra "Hər səhər" haqqında monitorinqin nəticəsi olaraq belə yazılmışdı: "Space-də yayımlanan "Hər səhər" verilişi ucqar dağ kəndindəki çadır toyunu xatırladır, verilişin axarı elə istiqamətdə gedir ki, sanki uşaq bağçasıdır".
 

- Siz də həmin aparıcını bəyənmirdiniz?

- Mənim bu sözü deməyə ixtiyarım yoxdur. Tamaşaçı rəyi məni üstələyir. Çünki mənim dilimdən çıxan söz bambaşqa yozulacaq.
 

- Sizdən tamaşaçı kimi soruşuram.

- Hər halda telekanal prezidenti mənim geri qayıtmağımı istədi. Bunun içində mənim də cavabım var (gülür). Məndən sonra bu verilişdə bir neçə teleaparıcı sınandı və nəticə göz önündədir. Hətta bir neçəsi özü gedib müraciət etmişdi. Amma onları telekanalın qapısından buraxmamışdılar.
 

- Çəkildiyiniz yeni serial var?

- Təzə bir serialdan təklif aldım. Komandada kimlərin olduğunu soruşdum. İstəyirəm, komandada peşəkar insanlar olsun və yaxşı mənada məni də özləri ilə dartıb aparsınlar. Gördüm ki, komandada qeyri-peşəkar insanlar var: özü yazır, özü çəkir. Bu cür insanları görəndə bildim ki, peşəkarlıqdan uzaq iş olacaq. Ona görə imtina elədim.
 

- Maliyyə də qane etmirdi?

- Belə olan halda maliyyə tərəflərinə önəm vermirəm. Onsuz da istədiyimiz pulu ala bilmirik. Əsas odur ki, ürəyimdən keçən rol olsun. Tamaşaçı nə bilir, mən o serialda nə qədər pul qazanıram? Onların zövqünü oxşamaq önəmlidir. Camaatımız sağ olsun, məclislərə dəvət edirlər, maddi ehtiyacımızı ödəyirik.
 

- Toylara gedirsiniz?

- Bəli, amma seçim edirəm, hər məclisə getmirəm.
 

- Qonorarınız nə qədər olur?

- İnsana baxıram. Mənim üçün qarşımdakının insanlığı daha çox önəm kəsb edir, nəinki verəcəyi pul. Bu yaxınlarda biri deyir ki, sizi məclisə dəvət etmək istədim, dedilər filan qiymətə gedirsiniz. Ona görə sizi çağırmadım. Dedim ki, bəlkə, mən sizinçün ikiqat aşağı qiymət deyəcəkdim? Amma doğrudan da ona dedikləri məbləğə getmirəm.
 

- Nə qədər demişdilər?

- Ona üç min manat demişdilər. Amma mən o qiymətə getmirəm.
 

- Bayaq bildirdiniz ki, kimlərsə serialı özü yazır, özü çəkir. Teatrlarımızda da tamaşa qoyan aktyorlar az deyil. Sizcə, bu da doğru deyil?

- Aktyor direktor olur, rejissor ola bilməz? (gülür) Onlar hamısı bir qazanda qaynayırlar. Biz Cənnət Səlimovanın kursunda 7 aktyor, 4 rejissor idik. Cənnət xanım bizə eyni vaxtda dərs keçdiyinə görə, rejissorluqdan da nələrisə görüb-götürürdüm. Rejissorluq gərək içdən gəlsin. Məsələn, mən səhnədə özümə quruluş verməyi bacarıram. Sırf sualınıza gəlincə, əgər aktyorun rejissorluğu özünü doğruldursa, bu, qəbahət deyil. Nadir hallarda rejissorlarda aktyorluq alınır. Ona görə də rejissor rejissorluq etməlidir, aktyor isə rejissorluq da edə bilər.