Əməkdar artist: "Mənim gəlinim niyə elə olmalıdır ki?" Day.Az представляет новость на азербайджанском языке.

Tanınmış müğənni, respublikanın əməkdar artisti Zöhrə Abdullayevanın Milli.Az-a müsahibəsi.

- Zöhrə xanım, yaradıcılıqda nə var-nə yox?


- Hazırda "Bacanaqlar" serialına çəkilirəm. Demək olar ki, hər seriyasında varam. Qismətin anası Zərnişan xanımı oynayıram. Müğənnilik fəaliyyətimə gəlincə, korifey bəstəkarlarımızın əsərlərini oxuyub lentə aldırıram ki, tarixdə qalsın. Çünki indi elə əsərlər yoxdur.


- Bəstəkar Sədaqət Arifqızının yeni bəstəsini ifa etməliydiniz. Mahnı hazırdırmı?


- Hə, yaxşı ki, yadıma saldın. Sədaqət Arifqızı ilə bir mahnı yazdırmışıq... Mahnı "Mən sizi göylərdən seyr edəcəyəm" adlanır. Çox gözəl mahnıdır. Sözlərini Qəbələdə yaşayan şairə Nəzakət Neman yazıb.


- Mahnı tamaşaçılara təqdim olunub?


- Demək olar ki, yox. Cəmi bir dəfə ANS-də ifa etmişəm. Qəribə və tükürpədici sözləri var:


Ölsəm, gur yağış kimi ağlayarsınız,

Mən sizi göylərdən seyr edəcəyəm.


Sözün doğrusu, əvvəl bu mahnını ifa etməyə qorxdum. Dedim ki, düşər-düşməzi olar. Dedim, Sədaqət, qorxuram belə mahnı oxumağa. Sonra musiqi aldı məni. Ümumiyyətlə, Sədaqətlə çox yaxınam, bacıyıq.


- "Bacanaqlar" serialındakı rolunuz yetərincə uğurlu alınıb. Ümumiyyətlə, nə vaxtsa filmə, seriala çəkilmişdiniz, yoxsa bu ilk idi?


- Bu, genetikadan gəlir. 1990-cı ildə Türkiyədə epizodik rola çəkilmişəm. "Minyəli Abdullah" adlanan filmdə məndən başqa, müğənni Səttar Nəsirov da çəkilib. Səhv etmirəmsə, Suriyada Minyə adlı şəhər var. Abdullah dindar olur və hadisələr onun ətrafında cərəyan edir. Gəmidə çəkilmişdik. Rejissoru da Hacı Mehmet Tanrısevərdir.


- "Bacanaqlar"a çəkilmək üçün qonorar alırsınız?


- Yalan danışa bilmərəm, hələ ki qonorar söhbəti yoxdur. Heç istəməmişəm də.


- Deməli, ürəyinizcə olan roldur deyə çəkilirsiniz?

- Bilirsiniz, niyə çəkilirəm? İstəyirəm ki, tarixdə, yaddaşlarda qalım.


- Serialda çox əzazil qaynanasınız. Həyatda da eləsiniz?

- Həyatda çox yumşaq qaynanayam. Gəlinim məndən razıdır.


- Gəlininiz əvvəldən qohumunuz olub?


- Bəli, bacım qızıdır.


- Bu yaxınlarda xanəndə Elnarə Abdullayeva ilə müğənni Xatirə İslamın bir mübahisəsi oldu. Elnarə oğluna heç vaxt müğənni qız almayacağını, qızını müğənni oğlana verməyəcəyini deyib. Xatirə İslam isə Elnarə xanımın fikirlərinə sərt reaksiya verib. Hər iki həmkarınızdan həm yaşca, həm təcrübədə böyük biri kimi bu məsələdə mövqeyiniz necədir? Kim haqlıdır?

- Müğənni övladına qız vermək olar. Çünki müğənni, ümumiyyətlə, incəsənət aləmi yaxşı qaynana olur. Amma o ki qaldı Elnarənin fikirlərinə, mən də müğənni qız almazdım. Çünki bunun gecə gəlməməyi, səhərə yaxın gəlməyi, sərxoşların qabağında oxumağı var. Bunları da düşünmək lazımdır axı. Mənim gəlinim niyə elə olmalıdır ki?


- Siz də müğənnisiniz. Bəs sizinlə niyə ailə qurublar?

- Əlbəttə ki, ailə quranda müğənni olsaydım, razı olmazdılar. Onuncu sinifdə nişanlandım, 16 yaşında ailə həyatı qurdum. Müğənnini alan adam onun pulundan istifadə edər. Yoxsa kim gedər müğənni alar?


- Bəs müğənni oğlana qız vermək olar?


- Olar. Müğənni oğlanlar yaxşı ailə başçılarıdır. Mən hamısını görmüşəm və bu, subyektiv fikrimdir. Axı Elnarənin sözündən niyə inciyirlər ki? Biz üstüörtülü danışırıq, aşkar izah etmirik ki, müğənni qızı niyə almazlar.


- Bəs açıq danışsanız, necə olar?

- Onda da qırğın-müsibət düşər. Açıq danışsaq, inciklik olar.


- Son zamanlar bir neçə verilişdə həyat yoldaşınızla bağlı danışmısınız...

- Bu barədə danışmaq istəmirəm.


- Gənc ifaçılar muğamla müxtəlif janrları - repi, cazı sintez edirlər. Sizcə, musiqidə belə islahatlar vacibdirmi?

- Repi, cazı muğama ona görə qatırlar ki, Avropada tanınsınlar. Mən belə düşünürəm. Bizim muğamlarımız, xalq mahnılarımız toxunulmazdır. Hərdən elə əcaib sintezlər eşidirəm ki, adam düşünür ki, görəsən, bu hansı mahnıdır, hansı muğamdır. Muğam, hətta "Tərəkəmə", "Vağzalı", "İnnabı" kimi havalarımız bizim xəzinəmizdir. Ailəmizin namusu toxunulmaz olduğu kimi muğamlarımız da toxunulmazdır.


- Toylara gedirsiniz?


- Mənim o hövsələm yoxdur ki, kimsə gəlib əcaib mahnı sifariş versin. Özümün çox gözəl repertuarım var. Otuz ildir Bakının bütün toyları, xınayaxdılarında oxumuşam. Amma indiki səviyyəni götürə bilmirəm.


- Ümumiyyətlə getmirsiniz?

- Demək olar ki, getmirəm. Baxır da. Məni başa düşən, dinləyən insanın toyu olanda gedirəm. Toy da olmasa, ad günü, nişan, xınayaxdılara gedirəm. Əsas odur ki, orada məni başa düşsünlər. Daha çox yaxın bildiyim və sarsaq repertuar istəməyən toya gedirəm.


- Amma müğənnilər deyirlər ki, toysuz çətin dolanırıq.

- Mən çətin dolanmıram. Niyə? Çünki dar günümü fikirləşən qadınam. Axı biz sovetdən qalmışıq. Ona görə də heç vaxt kasıb olmarıq. Ümumiyyətlə, ağıllı qadın kasıb olmaz. Məsələn, dünyanın beşulduzlu otellərində dincəlirəm. Hər il Türkiyəyə gedib, həkimlərdən keçirəm. O gün yazıblar ki, halım xarab olub, məni xəstəxanaya aparıblar. Elə deyil. "Hər il çekap" olunuram. Türkiyəyə gedəndə ən bahalı otellərdən olan "Çırağan"da qalırdım. Bu, yekə danışmaq deyil. Maşallah, qəşəng yaşayıram, heç kimə də ehtiyacım yoxdur.


- Hətta bildiyimə görə, qışda da tətilə gedirsiniz.


- Bəli, qışda da gedirəm. Yaşımın xəzan vaxtıdır. Həyatdan bərk yapışmışam. Düşünürəm ki, birdən ölərəm, o yeri görmərəm, bu yeri görmərəm. İnsanıq da, yatıb oyanmaya da bilərik. Yuxu klinik ölümdür. Ona görə də həyatdan zövq almaq istəyirəm.


- Bəz insanlar ölümdən qorxmadıqlarını deyirlər. Siz necə, qorxursunuz?

- Əvvəl qorxurdum. Rəhmətlik şairimiz Nüsrət Kəsəmənli medium idi, ruhlarla danışırdı. Mənə dedi ki, Zöhrə, ölümdən qorxma, ölüm əsrarəngiz bir şeydir. Dedi ki, ruhun göylərə uçur da. O da ölümdən qorxmurdu, amma yaşamaq istəyirdi. Düzdür, ölümdən qorxmadığımızı deyirik. Amma görün ölüm nə vahiməli sözdür. İraq olsun, insanı qoyurlar qaranlıq qəbirə... Tək-tənha qalır. Düzdür, ruh uçur. Amma deyirlər, inkir-minkir mələkləri var və bu dünyada bir qarış yer də yiyəsiz deyil. Hər bir şeyin sorğu-sualı var.


- Falçılar deyirlər ki, müştərilərinin çoxu müğənnilərdir. Falçılarla aranız necədir?


- Vallah, o şarlatanlıqdır və Allahdan başqa heç nəyə inanmıram.


- Getmisiniz falçıya?


- Yox, getməmişəm. Ömrümdə bircə dəfə evimə ruzi duası yazdırıb gətirdilər. O dua evə gətiriləndən mənim ruzim göyə çəkildi. Mənə elə şey düşmür. Amma biri var, deyir ki, guya mən falçılardayam. Adını çəkib reklam etmək istəmirəm. Gərək düşünüb danışsınlar. Axı Allah bu böhtanı niyə atdığını ondan soruşacaq.