Roza Zərgərli: “Gözəl deyiləm ki! Adi bir qadınam” Day.Az представляет новость на азербайджанском языке со ссылкой на Ailem.az.

Müğənni Roza Zərgərlinin müsahibəsi:

- Övladlarınızla necə vaxt keçirirsiniz?


- Uşaqların yaş fərqi var deyə, böyüklə kinoya, teatra, operaya gedirik. Balacayla daha əyləncəli məkanları seçirik.

- Qızınıza hansı məsləhətlər verirsiniz?

- Qızım hələ bir qadın kimi məsləhət alacaq yaşda deyil. Belə ev işləri bağlı şeylər deyirəm.

- Bəs oğlunuza nələr deyirsiniz?

- Oğlum lazımi məsləhətləri atasından alıb artıq. Gənc oğlandır. Dərsi, geyimi, sağlamlığıyla da mən məşğul oluram.

- Qızınızın neçə yaşı var?

- 16.

- Yeniyetmə qızdır. Keçid dövrü necə keçir?

- Biz uşaqlarımızla dost kimiyik, ona görə yeniyetməlik problemimiz olmayıb. Necə deyərlər, pərdə önündə valideyn, pərdə arxasında dost olmuşuq.

- Sizcə, ideal ər və ya kişi necə olmalıdır?

- Sözünə sadiq olmalıdır, mənim sirdaşım, dostum olmalıdır.

- Tapmısınız?

- Axtarmağa ehtiyac da olmayıb! O elə mənim yanımdadır.

- Bəlkə yanınızdadır deyə tərifləyirsiniz?

- Yox, mən indi işdəyəm, mənəvi baxımdan yanımdadır.

- İş demişkən, özünüzü aparıcı kimi də sınayırsınız. Necə gedir?

- Verilişin müəllifi olduğum üçün daha rahat ünsiyyət qura bilirəm tamaşaçıyla. Amma etiraf etməliyəm ki, aparıcılıq çox çətin işdir.

- Müğənnilikdən çətindir?


- Deyəsən, elədir.

- Nədir çətinlikləri?

- Tamaşaçıya istədiyin şeyləri çatdırmaq üçün bir saatın olur. Həmin o bir saatda da danışığından tutmuş, geyiminəcən hər şeyə fikir verməlisən. Adi bir yalnışlıq nə qədər mübahisəyə səbəb ola bilər.

- Sosial şəbəkələrdə aktivsiniz. Çox yazanlar olur?

- O qədər! Biri məsləhət verir, biri nəyisə soruşur, biri sevgisini bildirir...

- Oxuyursuz hamısını?

- Düzü, axır bir ayda vaxtım heç olmayıb oxuyum. Daha çox səyahət edəndə, yolda olanda oxuyuram, cavablandırıram. Çalışıram, cavabsız qoymayım.

- Sevgi mesajlarından yadınızda qalanı yoxdur?


- Çoxdur yazan, yadımda elə də qalmır. Amma birinə yaman gülmüşdüm. Məsələn, bir oğlan yazıb ki, heyf evliyəm, yoxsa sənə sevgimi etiraf edib evlənərdim sənlə. Mən də yazdım ki, heyf, sən evlisən, amma çox şükür, mən evliyəm (gülür).

- Bəs tənqid eşidəndə, oxuyanda özünüzü necə hiss edirsiniz?

- Normal. Hər insanın öz fikri, dünyagörüşü var. Məntiqli tənqiddirsə, qulaq asıram. Boş-boş danışırlarsa, oxuyub yaddan çıxarıram.

- Nələrə hirslənirsiniz?

- Özü heç nəyə yaramayan, profilinə itin, pişiyin, ağacın şəklin qoyan, sonra durub ordan ağıllı-ağıllı danışanlara hirslənirəm. Belə mərdsən, şəklini qoy, açıq danış.

- Özünüzü güclü qadın hesab edirsiniz?

- Belə deyirlər.

- Özünüz belə düşünmürsünüz?

- Mən bilirəm ki, güclüyəm. Deməyə lüzum görmürəm.

- Nədədir gücünüz?

- Ağlımda!

- Təkcə ağıl? Qadınlar çox vaxt gözəlliklərini də gücləri hesab edirlər...

- Gözəl deyiləm ki! Adi bir qadınam. Gözəllik güc deyil.

- Sizi seksual hesab edənlər də var axı...

- (Gülür) Seksuallıq daxildən gələn bir şeydir.

- Baxımınıza nə qədər vaxt ayırırsınız?

- Mənim qədər özünə baxmayan adam yoxdur! (gülür)

- Gözəllik salonuna getmirsiniz yəni?

- Efirə, tədbirlərə gedəndə. Gedib salonda yatıb-duranlardan deyiləm.

- Xəyanətlə üzləşmisiniz nə vaxtsa?

- O çətin məsələdir (gülür).

- Yəni elə bir qadın ola bilməz?

- Ola bilməz. Olsa da gərək iki başı ola, ikisini də cibində gəzdirə. Yoxsa qopardaram.

- Qarşıdakı planlarınız nədir?

- Qarşıda iki konsertimiz var. Yeni mahnım gəlir "Şirin çay" adında. Bir də albomum hazırlanır.

- "Kaş bu işlə yox, başqa işlə məşğul olardım" demisiniz heç?

- Yox, deməmişəm. Amma bu sual "Dünyaya ikinci dəfə gəlsəydiniz, nə olardınız?" sualına yaman oxşayır (gülür).

- İstəyirsinizsə, soruşum. Dünyaya ikinci dəfə gəlsəydiniz, nə olardınız?

- Ya kosmonavt, ya aşpaz.

- Ən yaxşı bişirdiyiniz yemək hansıdır?

- Elə hamısı! Azərbaycan, Avropa mətbəxi. Əlimdən gəlməyən yemək yoxdur.

- "Yaxşı ki, etmişəm" sözünü necə, tez-tez işlədirsiniz?

- Özümlə bağlı yox, amma yaxşı ki, valideynlərim vaxtında bir-birlərin tapıblar və mən dünyaya gəlmişəm. Bu, yaman yaxşı iş olub.