Model Leyla Babayeva: “Kamera qarşısında soyunmaram” - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Hafta.az bildirir ki, bu dəfə "Həftənin modeli" gənc model Leyla Babayeva seçildi. Gənc yaşlarından bir çox uğurları qazanan Leyla ilə olan müsahibəmizi sizə təqdim edirik.
 

- İlk öncə qazandığınız uğurlardan danışaq...


- Mənim ilk uğurlarım məktəbdən başlayıb. Məktəbdə oxuduğum zamanda müxtəlif dövlət tədbirlərində iştirak etmişəm. Novruz bayramında, Gül bayramında, "Buta Palace" da Heydər Əliyev Fondunun təşkil etdiyi Yeni il şənliklərində də rəqslər nümayiş etdirmişəm. Mən artıq 11 ildir ki, Respublika İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsində təhsil alıram. Bununla yanaşı həm də mahnı ifa etmək qabiliyyətim var. Ən əsası isə model olaraq da fəaliyyət göstərirəm. Xatırlatmaq istəyirəm ki, "Özünə Bax 2014" layihəsinin finalçısı olmuşam və 2-ci yeri qazanmışam, daha sonra "Mr and Mrs Land Of Fire" beynəlxalq gözəllik yarışmasının qalibi olmuşam. Bundan başqa, seriallarda rol almışam və bir çox verilişlərdə iştirak etmişəm. Fotosessiyalarım mövcuddur, reklam çəkilişlərində çəkilmişəm. Qeyd edim ki, bir çox brend geyim mağazalarının geyimlərini nümayiş etdirmişəm.

- Müsahiblərimiz arasında ən gənc model sizsiniz. Az yaşınızda bu qədər uğurun sirri nədir?


- Əslində səbəbini bilmirəm. Lakin özüm bir yerdə oturmağı sevmirəm. Çalışıram həmişə öndə olum, qalib olum. Bilmirəm onu nə dərəcədə bacarmışam, ən çox da xeyriyyə konsertlərində çıxış eləmişəm. Uşaq evində, hərbi hissədə çıxışlarım var. Məncə, bu, ən böyük uğurlarımdan biridir. Sadəcə, məndə vaxt məhdudiyyəti var. Vaxtım çox olsa, daha çox uğurlarım olar, çünki indinin özündə təkliflər çoxdur. Sadəcə, dərslərimlə bərabər hamısını çox təəssüf ki, çatdıra bilmirəm.


- Xarici ölkələrdən iş təklifi gəlib?


- Bəli, bu günə qədər çoxlu təkliflər gəlib. Sadəcə, xaricə getməyim alınmaz. Elə bu yaxınlarda Türkiyədən model olaraq işləmək təklifi gəlmişdi. Onlar serialda da çəkilməyimi istədilər, lakin mənim dərslərimin çoxluğu səbəbindən bu təklifi qəbul edə bilmədim. Ancaq bunu da qeyd edim ki, ilk növbədə bu il əsas məqsədim universitetə daxil olmaqdır. Hal-hazırda ona görə çox çalışıram. Buna görə mənə edilən bir çox təklifləri qəbul edə bilmirəm.


- Hansı sahə üzrə təhsil alacaqsınız? Modelliklə bağlıdır?


- Xeyr, modelliklə əlaqəsi yoxdur. Lakin düşünürəm ki, universitetə daxil olduqdan sonra da bu sahə ilə ciddi məşğul olacağam. Çünki mən bu sahəni həqiqətən çox sevirəm və dərindən öyrənməyə çalışıram. Hal-hazırda Model Akademiyasında təhsil alıram.


- Az yaşınızda qazanılan uğurlarınıza həmkarlarınızın münasibəti necədir?


- Sözün düzü bu haqda çox danışmaq istəmirəm. Ancaq bunu qeyd edim ki, aydın məsələdir ki, insanı istəyən də olur, istəməyən də. Deyə bilmərəm ki, uğurlarıma hər kəs sevinir. Dəstək olanlar var, sağ olsunlar. Münasibət də normaldır, sırf iş münasibəti var.


- Ailənizin işinizə olan münasibəti necədir?


- Normaldır. Mənə ən çox anam dəstək olur. Bütün uğurlarımı qazanmaq üçün böyük bir çətinliklərdən keçmişəm. Əvvəl atam qarşı çıxırdı, narazı idi. Bu uğurlarımı qazanmaq üçün mübarizə aparmalı olmuşam. Amma bunu da söyləyim ki, belə çətinliklər olmasaydı, uğurlarım çox olardı.


- Atanız işinizlə barışdı?


- Tam yox. Sadəcə, biz onunla elə şərtləşdik ki, bu il ancaq dərslərimə çox vaxt ayıracağam və mən öz işimə davam edirəm.

- Bir gün modellik maddi cəhətdən sizi təmin etməsə, yenə bu sahədə çalışardınız?


- Mən bu işi sevdiyimə görə məşğul oluram. Heç vaxt pul güdməmişəm bu sahədən. İnsan sevdiyi bir işlə məşğul olanda heç pul yadına da düşmür. Elə bu günə qədər heç bir qazancım olmayıb.


- Nə vaxtsa, cəsarətli fotolarla gündəmə gələ bilərsiniz?


- Xeyr, əsla. Mən heç vaxt bununla razılaşmaram. Çünki kamera qarşısında soyunaraq gündəmə gəlmək, məşhur olmaq istəmirəm. Açıq-saçıq tərzdə olan fotosessiyaları sevmirəm.

- 2015-ci ildə hansı yeniliklər gözlənilir?


- Vallah, mən qabaqcadan heç nə deyə bilmərəm. Ancaq onu deyim ki, bir çox yeniliklər olacaq. Hər halda Allah bilən məsləhətdir.

Böyütmək üçün şəkillərə klikləyin.