Azərbaycanlı aktrisa: Sevgi mənim üçün ikinci plana keçib – FOTO Day.Az представляет интервью на азербайджанском языке со ссылкой на Milli.Аz

Aktrisa Şahanə Yusifovanın müsahibəsi:

- Şahanə xanım, həyatınızda "şahanə" olmayan nədir?

- Demək olar ki, hər şey şahanədir. Həyatımda hər bir şeydən razıyam. Şükürlər olsun ki, mənim üçün qaydasında olmayan heç nə yoxdur.

- Təki həmişə elə olsun... Sizi "Aramızda qalsın" serialı məşhurlaşdırdı desək, düz çıxar?


- Bəli, "Aramızda qalsın" serialı mənim karyeramda çox mühüm rol oynadı. Tamaşaçıların yaddaşında daha çox məhz "Ceyla" obrazı ilə qaldım.

- Hələ subaylıqdır?

- Hələ ailə qurmamışam (gülür).

- Amma yəqin ki, sevmisiniz...

- Sevmişəm. Onunla ailə qurmağı düşünürdüm, ancaq alınmadı.

- Niyə?

- Bu barədə daha danışmaq istəməzdim. Çünki hər şey arxada qalıb.

- Bu uğursuzluq sizi sevgidən soyutmadı ki?


- Əslində, bir qədər soyudub. Sevgi mənim üçün ikinci plana keçib.

- Bunu hiss eləmək elə də çətin deyil. Çünki qolunuzdakı "aktrisa" yazısı diqqətimi çəkdi. Bu peşəni bu qədərmi çox sevirsiniz?

- Əlbəttə, sənətimin vurğunuyam və ona çox bağlıyam. İndi yalnız və yalnız karyera barəsində düşünürəm.

- Karyeradan söz düşmüşkən, son zamanlar seriallarda çəkilən aktrisaların bir çoxu Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları deyil. Sözümün canı budur ki, sizcə, onlara seriallarda baş rolun həvalə olunması nə dərəcədə düzgündür? Onlarda alınırmı?

- Sözsüz ki, peşəkarlıq üçün bu sahədə təhsil almaq mütləqdir. Amma bəzən elə insanlar olur ki, onlarda olan fitri istedad daha qabarıq olur. Rejissorlar da bunu yaxşı görə bilirlər və yaxşı mənada istifadə edirlər. Buna normal baxıram.

- Amma yaxşı mənadan savayı, başqa cür istifadə edən rejissorlar da az deyil. Yəqin ki, nəyi nəzərdə tutduğumu anladınız...

- Təbii ki, elələri də var. Amma mənim başıma belə bir iş gəlmədiyinə görə, belə neqativ hallar barədə danışa bilmərəm.

- Aramızda nə qalsın?

- Sizə desəm, yazacaqsınız, onsuz da aramızda qalmayacaq (gülür). Amma tam səmimi deyirəm ki, mənim gizlədəsi heç bir işim yoxdur. Demək olar ki, bütün sirlərimi yaxın rəfiqələrimlə bölüşürəm. Onlar mənim həyatımı, xarakterimi, bəlkə də məndən yaxşı bilirlər (gülür).

- Xaraktercə sakit təbiətli və komplekssiz bir insan kimi görünürsünüz. Doğrudan belədir?


- Sakit olmağına sakitəm. Komplekssiz demək olar, ancaq mənim də bəzən özümə məxsus komplekslərim olur.

- Bu komplekslər geyim tərzinizdə özünü büruzə verir?

- Geyim tərzimlə bağlı bir kompleksim yoxdur. Ancaq həddindən artıq da vulqar geyinmirəm. Bir sözlə, geyindiyim libaslar yerinə görə dəyişir.

- Dəyişməyən nədir bəs?

- Yəqin ki, mənim xasiyyətim. Necə var idimsə, elə də qalmışam.

- Dram və kino aktyorluğu fakültəsinin məzunusunuz. Niyə daha çox kinoya meyllisiniz, teatra yox? Teatrda çalışmaq fikriniz yoxdur?

- Teatr səhnəsini çox sevirəm. Hətta bir neçə dəfə tamaşalarda da oynamışam. Bundan sonra daim işləmək üçün bir neçə teatrdan təkliflər də almışam. Amma nədənsə film və seriallar məni daha çox çəkir. Gələcəkdə hansı qərar verəcəyim isə hələ mənim özümə də bəlli deyil.

- Planlarınız da bəlli deyil?


- Planlar var, inşallah, görək də. Yeni seriallar və layihələr gözlənilir. Təki sağlıq olsun...