Nərgiz Mütəllimova: "Özümdən beş yaş kiçiyə ərə gedərəm" Day.Az представляет новость на азербайджанском языке со ссылкой на Publika.az

Nərgiz Mütəllimova. Bəlkə də, bu ad çoxlarınıza heç nə demədi. Amma xalq artisti Firəngiz Mütəllimovanın bacısı kimi o, yetərincə tanınır.

Son bir-iki ildə isə yaradıcılıqla bağlı heç bir fəaliyyəti gözə dəymir. Bu və digər məsələlərlə bağlı sualları Nərgiz Mütəllimova cavablandırır.

- Nərgiz xanım, hazırda nə işlə məşğulsunuz?

- "Bacanaqlar" serialına çəkilirəm.

- Oradakı rolunuz barədə məlumat verərdiniz.

- Elə öz adımla oynayıram - Nərgiz. Qonşuyam, gəlib camaatın evinə dava salıb, gedirəm.

- Həyatda da belə insansınız?

-Yox, yox, qətiyyən elə deyiləm. O gün Elməddin (Elməddin Cəfərovu nəzərdə tutur - red.) mənə deyir ki, real oyna e, özün kimi ol. Deyirəm, axı həyatda mən elə deyiləm (gülür).

- Siz yaradıcılığa müğənni kimi başlamışdınız. Nə oldu ki, birdən-birə aktrisa olmağa qərar verdiniz?

- Bəli, müğənni kimi başlamışdım. Elə fikirləşirəm ki, bir mahnı yazdırıb, radiolara verim.

- Sonuncu dəfə nə vaxt mahnı yazdırmısınız?

- Bir-iki il olar.

- Niyə belə tez-tez mahnılar yazdırırsınız?

- (gülür) Nə bilim vallah. Mən elə vaxt oxudum ki, onda hələ az-az adam oxuyurdu.

- 10-15 il əvvəli nəzərdə tutursunuz?

- On beş il olmaz, haradasa on iki il bundan əvvəl idi. Səhv etmirəmsə, 2002-ci ildə oxumuşdum. İndi o qədər müğənni var ki. Çoxları deyir ki, tənbəlsən. Deyirəm ki, mən nə oxuyum?

- Onda belə çıxır ki, müğənniliyə hobbi kimi başlamışdınız.

- Ola bilər. Axı müğənnilik mənim öz sənətim deyil.

- Deyirsiniz ki, müğənni kimi davam etmək istəyirəm. Hobbidirsə, niyə davam edirsiniz?

- Həvəslənirəm də.

- Hesab edirsiniz ki, səsiniz var?

- Mən Şuşadanam axı...

- Bu, o deməkdir ki, şuşalısınızsa, oxumalısınız? Yaxud hər şuşalının səsi olur?

- Səsim olmasa da, musiqi duyumum var. Həm də pianino müəllimiyəm.

- Hazırda pedaqoji fəaliyyətiniz var?

- Bəli, Şuşa Musiqi Kollecində fortepianodan dərs deyirəm.

- Müəllimlik rahatdır, yoxsa səhnə, efir?..

- Məncə, müəllimlik daha rahatdır. Səhnə çox çətindir.

- Nə vaxt sizi xalq artisti Firəngiz Mütəllimovanın bacısı kimi yox, öz işinizlə tanıya biləcəyik?

- İnşallah.

- Amma indiki durum fərqlidir. Haqlıyammı?

- Düz deyirsiniz.

- Məsələn, bir vaxtlar Firəngiz xanım da rəhmətlik Yaşar Nuriyə görə tanınırdı. Amma bir müddət sonra o "şinel"dən çıxdı, özünü təsdiqlədi. Siz isə 12 ildir...

- (gülür) Deyəsən, ölənə qədər də belə olacaq.

- Yayda müxtəlif ölkələrdə istirahət edirsiniz. Fotolarınız sosial şəbəkələri bəzəyir...

- İndi də Türkiyəyə getməyə hazırlaşırıq. Həm də Firəngizin müayinəsinə gedirik. Bir-iki həftəyə yola düşəcəyik.

- İstirahətə bu qədər vaxt ayırınca, onu işə sərf etmək olmazdımı?

- Nə bilim e. Toylara gedən deyiləm. Şou proqramlara da getmirəm.

- Dəvət etsələr, getməyəcəksiniz?

- Yox, getmirəm. İnanırsınız, o vaxt klip çəkdirdim, efirlərdə göründüm. Nə qədər pulum çıxırdı.

- O vaxt reklamınıza nə qədər pul xərcləmişdiniz?

- Çox idi, indi yadımda deyil. Özü də klipim əla alınmışdı. Ülviyyə Könül mistik janrda çəkmişdi o klipi.

- Onda da toylara getmirdiniz?

- Yox, heç vaxt getməmişəm. Bir-iki şou proqrama getmişəm. O da elə-belə .

- Belə çıxır ki, başlayanda da efirə tanınmaq üçün çıxmışınız, sənət üçün yox...

- Yox e, yox.

- (zarafatyana) Soruşmaq ayıb olmasın, niyə ailə qurmursunuz?

- (gülür) İstəmirəm. İstəsəm, bu dəqiqə ərə gedərəm. Amma beynimə girib, ərə getmirəm.

- Səbəb?

- İstəmirəm...

- Bəlkə, kiminləsə mərcə girmisiniz, and içmisiniz, söz vermisiniz ki, ailə qurmayacaqsınız?

- Yox, elə deyil. Yəqin ki, qarşıma istədiyim insan çıxmayıb. Amma yenə deyirəm ki, istəsəm, gedərəm.

- Sizə görə şəxsi münasibətlərdə yaş fərqi çox önəmlidir?

- Məni sevənlərin çoxu yaşca məndən balacadır. Amma istərdim ki, öz yaşıma uyğun olsun.

- Yaşca balacaya ərə getmək olmaz?

- Olar...

- Məsələn, 10 yaş kiçik olsa...

- Yox, on yaş ola bilməz. Ən uzağı, özümdən beş yaş kiçiyə, beş yaş böyüyə ərə gedərəm.