"Ona yüz min, milyon ödəyirlər, azərbaycanlı qızlara isə 500-800 manat" - FOTO Day.Az представляет новость на азербайджанском языке

Ölkəmizdə tekstil sahəsi, yüngül sənaye o qədər inkişaf etməsə də, xüsusilə paytaxt Bakıda az sayda olsa da, moda evləri fəaliyyət göstərir. Müxtəlif modelyerlərin əl işləri zaman-zaman nümayiş olunur. Həm milli, həm də Avropa stilində, müasir və sintez olunmuş geyim kolleksiyalarının nümayişi zamanı diqqət çəkən bir məqam ölkədə model biznesinin hələ də dünya arenasına çıxacaq səviyyədə olmamasıdır.

Azərbyacanda model kimi fəalliyyət göstərən xanımların aylarla işsiz qalması, onların bu sənəti müğənni və aktrisa kimi sahələrə dəyişməsi ilə nəticələnir.

Bu gün Validə Abbasova, Günay Musayeva və onun timsalında bir-iki model istisna olmaqla bu sənəti özünə peşə kimi seçənlər onun peşmançılığını yaşayırlar. Dünyada model kimi fəaliyyət göstərən xanımların illik gəlirləri milyonlarla ölçüldüyü halda, bizdə bu sənətin sahiblərinin aylıq gəliri sadə azərbaycanlının gəlirindən fərqlənmir. Əslində, xaricdə prestijli, gəlirli sahə olan model biznesi, demək olar ki, bizdə öz tənəzzül dövrünü yaşayır.

Bu gün podiumda görəcəyimiz modelləri müxtəlif otellərdə açıq-saçıq fotosessiyalar edərkən görürük. Standartlara cavab verən bədən ölçülərini hər hansı sənət nümunəsinin nümayişində göstərməli olan modellər, çox təəssüf ki, tanrının onlara verdiyi bu gözəllikdən başqa məqsədlərlə istifadə edərək pul qazanmaq məcburiyyətində qalırlar. Ən acınacaqlısı isə xarici ölkələrdə tanınan azərbaycanlı modellyerlərin də hazırladığı geyimlərin nümayişində xarici modellərə üstünlük verməsidir.

Maraqlı sual ortaya çıxır, Azərbaycanda model kimi tanınanlar, el dili ilə desək, niyə "Biləcəri"dən o tərəfə keçə bilmirlər? Nədir onların Adriana Lima, Keyt Moss kimi tanınmış modellərə hələ də rəqib ola bilməməsinin səbəbi?

Milli.Az xəbər verir ki, bu sualı ilk növbədə atvxeber.az modellərin özünə ünvanladı:

Hal-hazırda İsveçrədə yaşayan, "Miss-milenium" gözəli, əks cinsin ağlını başından alan seksual model Validə Abbasova:

"Azərbaycanda sürətlə inkişaf edən bir çox sahələr var. Lakin dəb onlara aid deyil. Fransa və İtaliyada olduğu kimi bizim nə öz brendlərimiz və dəb ənənələrimiz, nə də Braziliyadakı kimi həyat tərzi var, amma zövq, peşəkarlıq, keyfiyyət - tək-tək rast gəlinir. Ona görə də Azərbaycanda model sahəsinə real biznes kimi tələb yoxdur, bu sahə dekorativdir. Lakin dekorasiya da vacib elementdir. Bu sahədə işləyib inkişaf etmək olar. Təbii ki, bizim modellər çox az pul qazanırlar, ona görə də Azərbaycanda peşəkar model arzusunda olanları mən anlaya bilmirəm. Modellər müsabiqəsinə başçılıq etmək üçün mənə müraciət edəndə mən belə hesab edirdim ki, qızların arzularını və oğlanların özlərini ifadə etmələri üçün onları dəstəkləmək mənim borcumdur, çalışırdım ki, gözəllik və estetika anlayışını populyarlaşdırım. Bununla belə hər zaman model olmaq arzusunda olan hər kəsə xatırladırdım ki, onların həyatında əhəmiyyətli olan yaxşı təhsil almaqlarıdır. Çünki bu, çox nadir defile və kastinqlərdən fərqli olaraq daha çox imkanlar açacaq. Və əslində, ulduzlar ciddi qonorar alırlar və haqları var ki, dəvət olunan yerə kiçik qonorara gəlməsinlər. Lakin Azərbaycanda işləyən yerli, hətta xarici brendlərə bizim modellərə baxmağı və öz məhsullarını bizim bazarda, bizim insanlarla (xalqımızla) reklam etməyi tövsiyə edərdim. Əminəm ki, bunun hər kəsə faydası olacaq. İnsanlara tez-tez yaxın xaricin gözəlləri və parlaq nişanlara deyil, öz məhsullarına baxmaq maraqlıdır.

V. Abbasova hal-hazırda yaşadığı İsveçrənin model biznesi barədə də danışdı:

"Müxtəlif ölkələrdə model biznesi tələbi fərqlidir. Məsələn, İsveçrədə heç kim bu bizneslə ciddi maraqlanmır. Bankirlər, hüquqşünaslar, turizm, dünyanın ən yaxşı saatları olan ölkənin model biznesi və ya şou təbliğatını sensasiyalara gətirməyə heç bir marağı yoxdur. Bu ölkədə də heç bir təlaş olmadan, müasir mədəni həyatın bir gözəl elementi kimi gözəllik müsabiqələri keçirilir. İsveçrədə hər kəsin, hətta ofisiantların qazancı az olduqda, modellərin mənfəəti yüksəkdir. Milanda, Parisdə, Nyu-Yorkda, Londonda - həqiqətən də model biznesi mövcuddur. Burada dünyanın ən yaxçı markaları ilə işləyən ən yaxşı agentliklər, media var. Diqqət yetirin ki, ən yaxşı moda markaları - İtaliya, Fransa, İngiltərə və Amerika markalarıdır. Bax bütün məntiq və sistem budur".

V. Abbasova Azərbaycanda model biznesinin inkişafına inanır: "Azərbaycan üçün neft ölkəsi olmaq kifayətdir. Dünyada ilk dəfə olaraq bizdə neft çıxarmağa başlayıblar. Avrooyunların, müxtəlif konfranslar kimi maraqlı hadisələrin platforması ola bilər, bunun üçün böyük işlər görülmüşdür, hansı ki, artıq öz bəhrəsini verir. Bizdə bioməhsulları yaxşı inkişaf etdirmək olar, bilirəm ki, artıq oriyentir müəyyən olunmuşdur. Buna baxmayaraq, modellik fəaliyyətini dəstəkləmək və inkişaf etdirmək lazımdır. Xalqımızın yaxşı zövq və gözəllik təbliğinə ehtiyacı var. Amma mənim fikrimcə, bunu pis məqsədlər üçün istifadə etmək lazım deyil, düzgün baxış və düzgün istiqamətdə təbliğ etməyi öyrənmək lazımdır. Mən əminəm ki, Azərbaycanda reklam işi tədricən keyfiyyətdə dəyişəcək. Buna nümunələr də var və mən arzu edirəm ki, yaxşı zövq bayağı, aşağı əyarlı saxtalıqlara qalib gəlsin, reallıqda və şüurda dominant olaraq qalsın".

Türkiyə vətəndaşı olan, peşəkarlığı ilə sözünü deyən teleprodüser Kemal Cenk İçten:

"Türkiyə və Azərbaycan model biznesi arasındakı fərq böyükdür. Ən başlıcası, Türkiyədə bir çox professional çalışan agentliklər və modellər mövcuddur. Onların hər biri işlərinə çox böyük məsuliyyətlə və intizamla yanaşırlar. Onların hər biri gördükləri işlərə iş kimi yanaşırlar və öz reklamlarından daha çox, çalışdıqları şirkət və firmaların reklamlarına üstünlük verirlər. Tənbəllik etmirlər, çox çalışıb, gündəmdə qalmağı düşünürlər. Həmişə formada olurlar və bütün işlərinin gərəkdiyi hazırlıqları edirlər. Amma təəssüflər olsun ki, Azərbaycanda bu yoxdur. Xarici modellər azərbaycanlı modellərdən qat-qat çox qazanırlar. Çünki xarici ölkələrdə iş çox, potensial çox... Bütün şirkətlər, firmalar reklam üçün çox yaxşı büdcə ayırırlar. Təbii ki, bu sahədə fəaliyyət göstərən modellər də işlərini professional və intizamlı görürlər. Məhz bu səbəbdən də xarici modellər haqları olan qonararı ala bilirlər. Amma Azərbaycanda bunun tam tərsi olur. Modellər "pul necə gəlirsə-gəlsin" düşüncəsi ilə çox aşağı büdcə ilə reklamlara çəkilirlər. Reklama çəkilmək, tanınmaq üçün belə etmək düzgün deyil".

Azərbaycanda beynəlxalq gözəllik müsabiqələrinin təşkilatçısı, son dövrlər tanınmış model şirkətlərindən birinin vitse-prezidenti Aqil Məmiyev:

"Ölkəmizdə model biznesi son üç ildə çox sürətlə inkişaf edib. Hətta o dərəcədə ki, hər kəs model olmaq istəyir. Amma çox yaxşı olar ki, professional şəkildə dərslər keçən agentliklər çoxalsın. Sadəcə maarifləndirilmə zəifdir. Azərbaycandakı model biznesi ilə xarici ölkələrdəki fərq çoxluq təşkil edir. Bunlara Azərbaycan xanımlarının ortalama boylarının model standartlarına cavab verməməsi, professionl dərslərin yetərincə keçilməməsi, bu sahədə mütəxəssislərin azlığı və ən əsası, ölkəmizdə olan şirkətlərin bu sferaya kapital qoymaması fərqə gətirib çıxardır. Ən böyük fərq hal-hazırda ondadır ki, təəssüflər olsun ki, tanınmış modellə yeni başlamış modelə sifarişçi şirkətlər fərq qoymur. Amma onlar bilməlidirlər ki, necə ki müğənillərdən 100 manata da oxuyan var, 5 min manata da, bu sferada da elədir. Amma Azərbaycanda qiymətləndirilmə obyektiv deyil. Bizim modellər əslində normal qazanırlar, çünki bizdə məşhur model yoxdur. Təbii ki, Avropada ulduz olsa, dünya ulduzu olsa, o, milyonlar qazana bilər. Amma təəssüflər olsun ki, eləsi yoxdur. Əgər modellər çox qazanmaq istəyirlərsə, özlərinə reklam üçün maliyyə ayırmalı olacaqlar. Modellərimiz çox qazanmaq istəyirlərsə, Azərbaycanda deyil, Avropada və dünyada, xarici müsabiqələrdə tez-tez iştirak etməli, xarici podiumlara getməlidirlər. Çünki bu tədbirlərdə dünyanın tanınmış bu sektor üzrə mütəxəssisləri, rejissorları, prodüserləri iştirak edir. Gözəlliyinə və yaraşığına güvənən hər bir xanım bunu edərsə, iştirak etdiyi tədbirlərin birində, əminəm ki, çox gözəl film təklifləri, reklam təklifləri, müsabiqələrdə, podiumlarda iştirak təklifləri alacaq, bu üsulla məşhurlaşmaq daha asan olacaq. Eyni zamanda xaricdə çalışırsa, qiymətlər də fərqli olacaq, onu qane edəcək. Bakıya gələndə də tanınmış brendlərin diqqətini cəlb edərək yüksək qonorara çəkilə biləcəklər. Heç nə etmədən sadəcə gözəlliyi olmaq, boyu olmaq kifayət etmir. Modellərimiz öz üzərlərində çalışmırlar".

4 ildir model kimi fəaliyyət göstərən, açıq-saçıq fotosessiyalar etməkdən çəkinməyən cəsarətli model Ramina Abbasova:

"Xaricdə modellər yaxşı qazanırlar. Amma bizdə onlara nisbətən daha az qonarar olur. Məsələn, mən haradasa 500-1000 AZN-ə qədər alıram. Başqa qazanc yerim yoxdur. Ancaq çəkilişlər və podiumdan qazanıram. Mən normal qazanıram, çünki sifarişlərim çox olur. Amma Avropada bu işə görə 1000-2000 verərlər. Məsələn, Adriana Lima, Keyt Moss kimi tanınmış modellərə on min manat da verərlər. Təəssüf ki, biz də model biznesi yüksək deyil. Bizim ölkədə modellər üçün agentliklər, model biznesi, professional stilistlər, fotoqraflar, modelyerlər, jurnallar - bu kimi sahələr zəif inkişaf edib. Zamanla qaydasına düşəcək. Bizdə modellərə baxış da birmənalı deyil. Bu da işə təsirsiz ötüşmür. Mentaliteti bəhanə edib, hər kəs bilib-bilmədən danışır. Monika Beluççi, Adriana Lima həmişə gözəlliyi ilə diqqət cəlb edir, tərif atəşinə tutulur. Amma Azərbaycanda özümüzünküləri bəyənmirlər, tənqidi fikirlər yazırlar. Bizim modellər də öz üzərlərində işləməlidirlər, təcrübə qazanmalıdırlar. Amma işini bilən, savadlı modellərimiz də var".

1 ildir model kimi fəaliyyət göstərən, özünü həvəskar model hesab edən, ancaq kifayət qədər gündəmdə qala bilən model Minarə Allahverdiyeva:

"Model olaraq ən çox qazandığım qonorar 500 manat olub. Xarici modellərdən ən çox sevdiyim Adriana Limanı misal çəkmək istəyirəm. Əslində, bizim modellər də ondan geri qalmırlar. Sadəcə o, peşəkarların əlinə düşüb. Model biznesinin Azərbaycandakı inkişafı məni qane etmir. Çünki burada model biznesi birmənalı qarşılanmadığından, modellər qınaq obyektinə çevrilirlər. Baxın, xarici modellerdən Adriana Limanı misal çəkmək istəyirəm. Adriana çox gözəl olsa da, əslində bizim modellər də heç də ondan geri qalmırlar. Sadəcə, Adriana peşəkarların əlinə düşüb. Onun saçı, makiyajı, geyimi mütəxəssislərin məsləhəti ilə edilir. Bizdə isə modellərə o qədər dəyər verilmir. Hər hansı çəkiliş zamanı model özü saçını düzəldir, makiyaj etdirir, geyim tapır. Yerli modellərimiz öz hesabına idmana gedib, bədən quruluşunu formada saxlayırlar. Adriana isə məşhur agentliklərlə müqavilə imzalayıb. Onun idmanından tutmuş masajına kimi diqqətlə maraqlanırlar. Ona yüz min, milyon ödəyirlər, bizim qızlara isə 500-800 manat. İndi gözəl olmaq problem deyil, əsas odur ki, düzgün insanlarla çalışasan. Azərbaycanda model biznesinin inkişafı üçün ilk növbədə bizdə olan bəzi fikirləri geridə qoyub, modellerimizə dəyər vermək, onlara maddi və mənəvi dəstək olmaqdır".

Böyütmək üçün şəkillərə klikləyin.