Gülyanaq Məmmədova: "Başqa həyat yoldaşı olsaydı, bəlkə də qısqanardı" - FOTO Day.Az представляет новость на азербайджанском языке:

"Gecə qonşular yatan kimi 5-ci mərtəbədən 1-ci mərtəbəyədək pilləkənləri süpürürdüm".

Xalq artisti Gülyanaq Məmmədovanın Milli.Az-a müsahibəsi:

- Gülyanaq xanım, bu yaxınlarda Mənsum İbrahimov ilə "Leyli və Məcnun" tamaşasını təhvil verdiniz... Çox maraqlı alınmışdı.

- Nə dərəcədə maraqlı alınıb-alınmamasını mən yox, tamaşaçılar deyə bilərlər. Amma apreldə tamaşaçıların istəyi ilə yenidən biz bu tamaşanı oynayacağıq. Yəqin ki, çox bəyənilib. Bildiyiniz kimi, Gülyaz xanımla mən həm də pedaqoq kimi fəaliyyət göstəririk. Çalışırıq ki, yaxşı tələbələri tamaşaçılara tanıdaq. Kaliforniyaya səfər edəcəyəm. Bilmirəm ki, uşaqlarımdan necə ayrılacağam? Keçən il xaricdə səfərdə olanda uşaqlarımdan ötrü oturub gecələri ağlayırdım. Həyat yoldaşım üçün, uşaqlarım üçün darıxırdım.

- Ev işləri ilə, biş-düşlə aranız necədir?

- Mən çox gözəl yeməklər bişirirəm, amma vaxtım olanda. Xoşlayıram ki, öz qoyduğumu özüm götürüm. Ev işlərini də görməyi xoşlayıram. Bacılarım sağ olsunlar, hətta evə girən kimi çayımı da qabağıma qoyurlar. Bu aralar qaynanam bir az xəstələnib, onun üçün də ürəyim çox ağrıyır. Mən də onun bir qızıyam. İstəyərdim ki, çətin günlərində onun yanında olum. Amma işimiz elədir ki, hər şeyə güclə vaxt tapırıq.

- Bu il sizin üçün əlamətdar olan hadisələrdən biri xalq artisti adı almağınız oldu...

- Həmişə Musiqi Günündə gözləyirdik ki, görəsən, bizə nə vaxt ad veriləcək? (gülür) İlin sonunda isə bu xəbəri almaq bizi hədsiz sevindirdi. Bu elə bir hissdir ki, sözlə izah etmək olmur.

- Sizi təbrik etməyənlər oldumu?

- İnanın ki, küsülü olduğum insan yoxdur. Hamı təbrik etdi. Hətta ağlıma gəlməyən insanlar da. Birindən başqa. Ondan heç gözləmirdim də.

- Kim idi o həmkar?

- Ad çəkməyəcəyəm. Çünki o müğənnidən heç kim incimir. Hətta üz-üzə də gəldik, bir dəfə də demədi ki, təbrik edirəm. Mən bunu səmimi qəbul etdim. O insanla mən heç küsülü də deyiləm.

- Amma ən gözlənilməz təbrik sevimli aparıcı Mətanət Əliverdiyevadan gəldi. Bir müddət əvvəl aranızda anlaşılmazlıq yaransa da o gün buzları "əritdiniz".

- Nə Mətanət kinlidir, nə də biz. Sadəcə bir inciklik idi, o da aradan qalxdı. Biz ad alan gün Mətanət efirdən elə səslə bizi təbrik etdi ki, biz ona biganə qala bilməzdik. O həqiqətən də bizim ad almağımıza çox sevinirdi. Bir çox verilişlərdə, yazar jurnalistlər bizim aramızı qızışdırmağa çalışırdılar. Əslində biz ondan incimişdik, amma o incikliyi çoxdan unutmuşuq. Mətanəti mən də, Gülyaz da çox istəyirik.

- Doğulduğunuz kəndə gedib-gəlirsinizmi?

- Kənddən ötrü burnumun ucu göynəyir. Bu arada bir dəfə gedib-gəldik. Kəndimizin qışı da, yayı da gözəldir. Orada böyümüşük də, biz oraya bağlıyıq. Atamın, anamın varlığı elə mənə bəsdir. Atam artıq 80 yaşını tamamlayıb, anam isə 72 yaşındadır. Kaş onların daha da çox yaşaması üçün əlimdən gələni edə bilsəydim... Onlar kəndə öyrəşiblər, Bakıya gəlirlər, qala bilmirlər.

- Qonşularla münasibətiniz necədir?

- Bütün qonşularla münasibətimiz çox yaxşıdır. Sizə bir maraqlı əhvalat danışım. Mən o vaxtı "xruşşovka" deyilən binada yaşayırdım. 3 qonşu idik, hamısı şəhər adamı... Mən, bəlkə də kənddə böyümüşdüm deyə gecə qonşular yatan kimi 5-ci mərtəbədən 1-ci mərtəbəyə kimi binanın pilləkənlərini süpürürdüm (gülür).

- Amma elə sənətçilər var ki, öz evində iş görməyi özlərinə ar bilirlər...

- (Əllərini göstərərək). Baxın dırnaqlarıma, qab yumaqdan bu günə düşüb. Niyə də yumayım? Bu nə ayıb işdir ki? Uşaqlarıma yemək də yedirdirəm, yoldaşımın qulluğunda da dururam. Səhnədə Gülyanağam, evimdə sadə bir adam. Bacılarım da sağ olsunlar, hər bir işimdə mənə dəstəkdirlər. Qızım mənə sual verir ki, bacıların sənə kömək edir, bəs mənim bacım niyə yoxdur?

- Qızınız bacı istəyir?

- Allah mənim bu 3 övladımı min budaq etsin. Bəli, qızım bacı istəyir. Amma bu yaşdan sonra inanmıram ki, ana olam. Allahın qismətidir.

- Həyat yoldaşınız sizə daha çox nəyi irad tutur?

- Ziya hər bir işdə mənə dəstək olur. Mən tamaşa oynayanda siz bilməzsiniz mənə nə qədər ürək-dirək verdi. Mən onun bir az da böyüklüyünü gördüm. Mənimlə birgə stress keçirirdi. Başqa həyat yoldaşı olsaydı, bəlkə də qısqanardı ki, bu necə Məcnunla səmimi olacaq deyə... O mənə deyirdi ki, Məcnunun gözlərinə elə baxmalısan ki, o sevgini verə biləsən. Amma onun da əsəbi, kaprizli vaxtları olur (gülür).

Böyütmək üçün şəkillərə klikləyin: