Tanınmış azərbaycanlı aparıcı: “Bizim sevgimiz pulla ölçülə bilməz” – FOTO Day.Az представляет новость на азербайджанском языке:

Son illərdə, ya da özümü dərk edəndən elə sevgilərin, ayrılıqların şahidi olmuşam ki, əsl sevginin, təmiz hisslərin mövcudluğuna inamım qalmayıb. Bu, illərlə müşahidə etdiklərimin nəticəsidir. Xüsusən də məşhur insanların müqəddəs ailə dəyərlərindən çox uzaq olduğunu düşünürdüm. Lakin bu müsahibənin qəhrəmanları məni yaxşı mənada təəccübləndirə bildilər. Onların hər ikisi qısqanclıq məhbusu olsalar da, bu hissin münasibətlərini korlamasına imkan vermirlər və bir-birinə inanılmaz dərəcədə yaraşırlar.

Publika.az -ın "Kokteyl" layihəsi çərçivəsində bu həftə tanınmış aparıcı Ramin İbrahimov və onun nişanlısı Nəzrin xanım qonağımız oldu. Yaraşıqlı cütlüklə tanışlıqlarından, bir-birinə nələri qadağan etdiklərindən, ən çox nə üstündə dalaşdıqlarından və toylarının nə vaxt baş tutacağı haqqında xeyli söhbət etdik.

- Gəlin, birinci sizin tanışlıq hekayənizdən başlayaq. Necə tanış olmusunuz?

Ramin: Mən danışım, yoxsa sən danışırsan?

Nəzrin
: Sən danış.

Ramin
: Şəhərdə məşhur kafelərin birində tanış olmuşuq. Amma bizim tanışlığımız virtual şəkildə baş verib. Həmin məkanda olanda sadəcə maraq xətrinə xüsusi axtarış proqramı ilə burda kimlərin olduğunu axtardım. Təsadüfən Nəzrin xanımın fotosu qarşıma çıxdı. Nə gizlədim, fotosunu görən kimi ona vuruldum. Onu qıcıqlandırmaq üçün fotolarının birinə irad bildirmişdim. Daha sonra sosial şəbəkədə danışmağa başladıq və beləcə tanış olduq. Amma o, mənə ciddi yanaşmırdı.

Nəzrin: Şou-biznes nümayəndələri ilə işlədiyi, ümumiyyətlə, tanınmış biri olduğu üçün hisslərinin ciddiliyinə inanmırdım.

- Nəzrin xanımı hisslərinizin ciddiliyinə inandırmaq üçün nə etdiniz? Qəlbini necə oğurlaya bildiniz?

Ramin: Deyim necə oldu?

Nəzrin: Yox, qoy onu mən danışım. Mən ona heç cürə etibar etmirdim. Ramin də məni qısqandırmaq üçün başqa qızların ona olan diqqətindən sui-istifadə edirdi. Hətta bir xanımla az qalsın sevgili olacaqdılar. Xanımın ona yazdığı xoş sözləri görəndə çox əsəbiləşmişdim. Raminin məni qıcıqlandırmaq üçün qurduğu qısqanclıq səhnələri mənə olan hisslərinin fonunda süni görünsə də, onda özümdən çıxmışdım.

Ramin: Hətta sosial şəbəkədə Nəzrinə "Ramin kimi oğlanı niyə əldən verirsən" kimi iradlar da bildirirlər.

Nəzrin: Amma sonda sevgimiz qalib gəldi və mən Raminlə münasibət qurmağa, onunla yaxından tanış olmağa razı oldum.

- Şou-biznes nümayəndələrinə olan bu inamsızlıq nədən irəli gəlir?

Nəzrin: Mən çox qapalı və qısqanc insanam. Çox sərt qaydalarım var. Onun səhnədə olmasını, aparıcılıq fəaliyyətini heç cürə qəbul etmək istəmirdim. Bu qısqanclıq hissi hələ də davam edir. (Gülür).

Ramin: Şou nümayəndələri kənardan əyləncə həvəskarı, qeyri-ciddi insan kimi görünürlər. Amma bunu hamıya şamil etmək olmaz. Şou nümayəndələri arasında uğurlu ailəsi olanlar da az deyil. Məsələn, mən 10 ildən çoxdur ki, efirdə şou verilişlərin aparıcısı və müxbir kimi fəaliyyət göstərirəm. Yavaş-yavaş şoudan kənarlaşıb istiqamətimi ciddiliyə doğru dəyişməyi qarşıma məqsəd qoymuşam.

- Bu qərarı sırf Nəzrin xanımın daxili rahatlığını təmin etmək üçün vermisiniz?

Ramin: Təkcə Nəzrin xanımın şərtindən irəli gələrək bu qərarı verməmişəm. Həm də yaş artdıqca şoudan, əyləncədən bir qədər uzaqlaşmaq istədiyini başa düşürsən. Bəlkə də sevgi insanı dəyişdirir. Mən ancaq bu insanla xoşbəxtəmsə, niyə də yaxşılığa doğru dəyişməyim ki?! Mən bir insanı xoşbəxt edib xoşbəxt olmağı bacarıram. Onun kefi-əhvalı pis olanda, mənim də əhvalım korlanır. Buna görə də onun xətrinə dəyəcək, qəlbini incidəcək hər hansı bir səhvə yol vermək istəməzdim. Məncə, öz xanımını həqiqətən sevən bütün kişilər mənimlə razılaşar.

- Qısqanc insansınız?

Ramin
: Nərzin həddindən artıq qısqancdır, aşırı dərəcədə....

- Bəs siz?

Ramin: Mən də qısqancam, amma mən güvənirəm.

- Onun ən çox hansı xüsusiyyətini sevirsiniz?

Ramin: Çox yumşaq ürəyi var. Ümumiyyətlə, yaxşı keyfiyyətləri çoxdur. Bəyənmədiyim ancaq bir xüsusiyyəti var. O da səbirsizliyidir. Səbirsiz olanda çox dözülməz olur. (Gülürük).

- Ən çox nəyin üstündə küsürsünüz?

Ramin: Yenə də səbirsizlik ucbatından. Məsələn, zəng gələndə mən telefona hələ baxmamış soruşur ki, "Kimdir?, Nə deyir?".

- Barışmaq üçün birinci addımı kim atır?

Ramin: İkimizdə.

Nəzrin: 1 saatdan çox küsülü qala bilmirik.

- Qısqanclığın, xaraktercə ikinizin də emosional olmasının gələcəkdə münasibətlərinizə təsir etməsindən qorxmursunuz ki?

Ramin: Mən çox inanclı və Allaha inanan insanam. Hamımızı Allah yaradıb. İnsanlar birinci Allahı, daha sonra onun buyurduğu kimi insanları sevməlidir. O da məni eyni tərzdə və Allah rızası üçün sevirsə, aramızda heç bir problem ola bilməz.

- Dindar insansınız?

Ramin: Dindarlıq çox dərin mövzudur. Tam dindar deməzdim, sadəcə dinə bağlı insanam. Müasirliyi də qədərində qəbul edirəm. Nə qədər müasir olsam da, içki olan məclislərdən mümkün qədər uzaq gəzməyə çalışıram.

- Bəs, siz Ramin bəyin hansı xüsusiyyətindən şikayət edirsiniz?

Nəzrin: Əsəbi olanda qəlb qıra biləcəyini düşünmür. Kişilər hirsli olanda nədənsə, çox kobud danışır və səslərini qaldırırlar. Amma yaxşı ki, Ramin öz səhvini tez başa düşür və üzr istəyir. Hirsi tez soyuyur. Onda da adam bilmir hansına inansın.

- İndi xüsusilə xanımlar kişilərdən daha çox diqqət tələb edirlər. Siz gözlədiyiniz diqqəti və sevgini ala bilirsiniz? Romantik insandır?

Nərzin: Nazımı çox çəkir. Mən bir xanımın nazını onun qədər çəkə biləcək ikinci bir kişinin olduğuna inanmıram. Romantik deməzdim, amma tez-tez gül alır.

Ramin: Niyə? Fransadan danış da...

Nəzrin: Hə, yadıma düşdü. "Fort boyard" layihəsində iştirak etməsini və Fransaya getməsini istəmirdim. Sağ olsun, xahişimi yerinə yetirdi. (Gülür) Fransadan qayıdan da isə özünə bir dənə çöp də almamışdı. Çamadanı mənə aldığı hədiyyələrlə doldurmuşdu.

- Hansınız daha çox fədakarsınız?


Nəzrin
: Ramin. Mən öz istəklərimdən tez əl çəkmirəm.

- Müasir dövrdə bir-birini həqiqətən sevən və dəyər verən cütlüklər çox azdır. Münasibət 1-2 aydan çox davam etmir. Siz münasibətinizi qorumaq üçün nə edirsiniz?

Ramin: Sevginin qorunub saxlanılmasında hörmət vacib amildir. Biz bir-birimiz sevir və xoşbəxtiksə, valideynlərimizi də eyni dərəcədə sevməliyik. Ailənin bütöv olması çox əhəmiyyətlidir. Belə izah edim. Məsələn, mən Nəzrini nə qədər sevsəm də, mənim valideynlərim ona, ya da onun valideynləri mənə qarşı hər hansı bir haqsızlıq etsə, istəsək də, istəməsək də, münasibətimizə təsir edəcək, axsamalar olacaq. Çünki nə mən, nə də o, atası-anasını satası deyil. Münasibəti tarazlaşdırmağı bacarmalısan. Əks halda problem yaranacaq. Şükürlər olsun ki, bizim ailələrimiz çox humanistdir. Bir-birimizin valideynlərini öz atamız-anamız hesab edirik. Onlar da öz doğma övladı kimi bizim qayğımıza qalırlar. Çox həssas və qayğıkeş valideynlərimiz var. Mən hamıya belə gözəl və nəcib ailə ilə qohum olmağı arzu edirəm.

- Valideynləriniz aparıcı ilə ailə qurmağınıza etiraz etmədi ki?

Nəzrin: Xeyr.

Ramin: Dəqiq?

Nəzrin
: Düzü, hər qız evi kimi oğlan tərəfini bir az gözlətdik. (Gülürük).

- Səhv etmirsəmsə, ikiniz birlikdə bizneslə məşğul olmağa qərar vermisiniz.

Nəzrin: Uşaqlıqdan həmişə gəlinlik evimin olmasının xəyalını qurmuşam. Hər şey öz nişan alış-verişimlə başladı. Hər ikimizin valideynləri nişan alış-verişini etməyi bizə həvalə etdilər. Onda daha maraqlı olur. Gül mağazasına girdik. Ordakı güllərə heyran oldum və öz buketimi özüm düzəltməyə qərar verdim. Evə gələn kimi düzəltməyə başladım. Çox da yaxşı alındı. Düzəltdiyim buketlərin şəkillərini sosial şəbəkədə paylaşdım. Tələbat və maraq olandan sonra Raminlə məşləhətləşib öz işimizi qurmağa, gəlinlik evi açmağa qərar verdik.

- Bəs televiziyada nə kimi layihələr həyata keçirməyi planlaşdırırsınız? Yeni veriliş gözlənilirmi?

Ramin: Azad Azərbaycan kanalına yeni layihə təqdim etmişdim. Sadəcə kanalın verilişlər planı artıq dolmuşdu, həm də layihəni gec təqdim etmişdim. Bir az gözləməli olacam, amma çox maraqlı layihədir.

- Nəzrin xanımla nişanlanandan sonra nəyisə qadağan etmisiniz?

Ramin: Nəzrin xanımın geyiminə ciddi irad bildirməmişəm, çünki onun stili çox xoşuma gəlir. Həm də onu tanıyandan istədiyim tərzdə geyinib. Ancaq bir-iki xırda qadağalar olub, vəssalam.

- Bəs Nəzrin xanım? 

Ramin
: O, mənə nəfəs almağı qadağan edib. (Gülürük).

Nəzrin: Sosial şəbəkədə başqa qızlarla ünsiyyət qurmasına etirazımı bildirirəm.

- Bir-birinizin parollarını bilirsiniz? 

Nəzrin: Əlbəttə.

- Bu gün əvvəlcədən hansı mövzunu danışmaq olmaz barəsində danışmışdınız?

Ramin: Yox, qətiyyən. Aparıcılıq fəaliyyətim ərzində efirə heç vaxt hazırlaşıb çıxmamışam. Bəzi aparcılar kimi əzbərçi deyiləm. Bu, kənardan da gülməli görünür. 

Nəzrin: Gizlədəcəyimiz, çəkinəcəyimiz heç nə yoxdur. Məncə, suallara əvvəlcədən düşünülmüş şəkildə cavablar verəndə səmimi alınmır.

- Nəzrin xanımın əl qabiliyyətindən razısınız? 

Ramin: Əla, ona söz ola bilməz. Amma bir problem var ki, Nəzrin xanım resepti 5 manata hazır olan yeməkləri 10 manata hazırlayır. (Gülürük).

Nəzrin: Yeməklərin daha dadlı olması üçün reseptdən kənara çıxıram. Ona görə də bir az baha başa gəlir. Amma dadlı olur.

- Turan İbrahimovun həyat yoldaşı, sizin isə eltiniz olan Nərmin xanımla münasibətləriniz necədir? Yola gedirsiniz? 

Nəzrin: Münasibətlərimiz çox gözəldir. Onu özümə bacı kimi doğma bilirəm.

- Toyunuz nə vaxtdır?

Ramin: Toyumuzu mart ayına planlaşdırmışdıq, bir-iki yüngülvari problemlərə görə təxirə salmalı olduq. Amma toyumuz Allahın izni ilə bu il mütləq olacaq.

- Gündə neçə dəfə bir-birinizə sevginizi etiraf edirsiniz?

Nəzrin: O qədər çox deyirdik ki, hesabını itirmişik. (Gülürük).

- Ramin bəy, belə bir məsəl var ki, "Kişinin xasiyyəti pulu çox olanda, qadının xasiyyəti isə kişinin pulu olmayanda bəlli olur". Sizin bu fikrə münasibətiniz necədir?

Ramin: Bu fikir bizim münasibətlərimiz üçün keçərli deyil. Şükürlər olsun ki, Nəzrin xanımla aramızda belə bir problem olmayıb. Bizim sevgimiz pulla ölçülə bilməz. Mən Nəzrin xanıma adi gül də alanda dünyanın ən xoşbəxti olur. İnsanıq, hamının həyatında maddi sıxıntılar ola bilər. İstənilən halda, maddi vəziyyət yaxşı olanda da münasibətimiz yaxşı olur, pis olanda da hər şey yaxşı olur.

- Aranızı vurmaq istəyən olub?

Ramin
: Ara vuranlar yox, bizi gözü götürməyənlər ola bilər. Hamı da bizi sevməlidir deyə bir şey yoxdur. Allahdan hamıya o qədər xoşbəxtlik və gözəl günlər bəxş etməsini arzulayıram ki, başları ancaq özlərinə qarışsın, heç kim heç kimin işinə müdaxilə etməyə vaxtı və həvəsi olmasın.

- Allah sizi də həmişə xoşbəxt etsin və bəd nəzərdən saxlasın. Sizin kimi cütlüklərlə tanış olmaq çox xoşdur. 

Ramin və Nəzrin: Çox sağ olun.

Böyütmək üçün şəkillərə klikləyin: