Şou əhli Novruz bayramını necə keçirdi? Day.Az представляет новость на азербайджанском языке:

Mart - bayramlar ayıdır. İstirahət günləri ilə bol olan bu ayı da başa vurduq. Bayram tətilindən dönər-dönməz, sənət əhlindən Novruz təəssüratlarını, başlarına gələn maraqlı əhvalatları xəbər aldıq. Öyrəndik ki, Novruz bayramını sənət əhli tədbirlərdə, konsert salonlarında keçirib. Onların Novruz əhvalatları isə bitib-tükənmək bilmir. Kimisi bayramda tonqala düşüb, kimisi də tonqalın oduna isinmək istəsə də, paltarı alov tutub.

Əməkdar artist Baloğlan Əşrəfov bizimlə söhbətində cənub bölgəsində bu bayramın xüsusi qeyd edildiyini bildirdi: "Novruz bayramı bizim ən gözəl bayramlarımızdandır. Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Dəfələrlə qeyd etmişəm ki, bayramlar içərisində ən gözəli bizim milli adət-ənənələrimizlə zəngin olan Novruz bayramıdır. Uşaq yaşlarımdan tanıdığım bayram elə Novruz bayramı olub. Hər bayramda rəhmətlik atamla birlikdə qohum-əqrəbanı ziyarətə gedərdik. Hansı səmtdən baxırsan-bax, Novruz bayramı məhz bizim milli mentalitetimizə uyğun olan bayramdır. Hər ilki kimi bu il də mən Novruz bayramına xüsusi hazırlaşmışdım. Bu bayramda bizdə də hər evdə bişirilən bayram şirniləri hazırlandı. Milli adət-ənənələrimizə uyğun Novruz bayramını qeyd etdim".

Baloğlan Əşrəfov bayramı uşaqlıq illərindəki kimi keçirmədiklərini də dilə gətirdi: "Uşaq yaşlarımda bir dəfə tonqalın üzərindən atlanan zaman qarşı tərəfdən kimin gəldiyini görmədim. Qonşuda yaşayan qız ilə tonqalın düz ortasında toqquşduq. Nə yaxşı ki, odun üzərinə düşmədik. O hadisə mənim yadımdan heç zaman çıxmayacaq".

Müğənni Əlikram Bayramov Novruz bayramını hər ilki kimi qeyd etdiyini, əslində Novruz bayramının müğənnilər üçün eyni keçdiyini söylədi. Onun fikrincə, milli adət-ənənələrimizin zəngin olduğu bu bayram əvvəllər daha maraqlı keçirilirdi: "Bizdə hamıda olduğu kimi bayramın adətlərinə uyğun olan şirnilər bişirildi, bayram aşı dəmləndi, mən də ailəmi ətrafıma yığıb bayramı qeyd etdim. Adətən biz ifaçılar bayram günləri evdə çox az hallarda tapılırıq. Bayram günləri tədbirlərə çox gedirik. Bu bayramda mən də bir neçə tədbirdə oldum. Doğulduğum bölgədə, Biləsuvarda konsertdə olduq. Hər il Novruz bayramında maraqlı hadisələrlə qarşılaşırdım. Ancaq bu il elə maraqlı bir hadisə olmadı. Bu dəfə yaxşı qurtardıq".

İfaçı bizimlə söhbətində bir neçə il bundan öncə Novruz bayramında başına gələn bir hadisəni danışdı: "Ötən illərin birində tonqalın üzərindən tullanarkən şalvarımı yandırmışdım. Ondan əvvəlki il ayaqqabımı yandırmışdım. 2015-ci ildə xətasız-bəlasız qurtardıq. Buna da şükür edirəm".

Xalq artisti Səməd Səmədov Novruzun Azərbaycan xalqının sevimli bayramı olduğunu, bu bayrama xüsusi hazırlaşdığını bildirdi: " Hər il Novruz bayramını böyük təmtəraqla qeyd edirik. Bayram günlərində daim çəkilişlərdə, canlı efirlərdə olduq. Bu bayramda da qonşularla bayramlaşdıq. Atılan papaqları boş qaytarmadıq. Bunun üçün özümü xoşbəxt və bəxtəvər hesab edirəm. Həm həyatda, həm də şou-biznesdə. Mənim bəxtim hər yerdə gətirir. Ona görə də başıma bədbəxt hadisələr gəlmir".

Əməkdar artist Səlim Abbasov Novruz bayramını milli adət-ənənələrimizə uyğun olaraq qeyd etdiyini bildirdi: "Bayram ərəfəsində bizim xarici ölkəyə səfərlərimiz, qastrollarımız olur. Bu il də bayram öncəsi Amerikada olduq. Bayramı isə ölkəmdə qeyd etdim. Milli bayramımızı tədbirlərdə və ən yaxın dostlarımın əhatəsində qeyd etdim. Bayram adətlərimizi sevirəm. Hər il də onlara əməl etməyə çalışıram".

Novruzda hər zaman papaq atdığını söyləyən Səlim, atdığı papaqların heç zaman boş qayıtmadığını deyir: "Bayramda papaqlara şirniyyatla bərabər konturlar da alıb qoyurdum. Dostlarımla tonqal qalayıb, üzərindən tullanırıq. Adətən bu kimi adətləri uşaq yaşlarımda edirdim. Yaş ötdükcə isə bayram ab-havası da dəyişir".

Gənc ifaçı Leyla Ramazanlı bizimlə söhbətində Novruz bayramına xüsusi hazırlaşdığını və bu bayramı valideynləri ilə birgə keçirdiyini qeyd etdi. O, Novruzun özəlliklərindən də söz açdı: "Novruz bayramı mənim ən çox sevdiyim bayramlar sırasına daxildir. Bu bayramda mənim sevincimin həddi-hüdudu olmur. Hər il bayıram ərəfəsində tədbirlərdə çıxış edirəm. Biz ifaçılar bayram günlərini canlı verilişlərdə və tədbirlərdə keçirsək də, bacardığım qədər bayramı sevdiklərimin əhatəsində qeyd edirəm. Yəni bayram axşamı evdə oluram".

İfaçı uşaq vaxtı Novruz bayramında başına gələn maraqlı hadisələrdən də danışdı: "Uşaq yaşlarımızda nadinc idik. Bayramı daha həvəslə və maraqlı keçirirdik. Bu bayrama rənq qatan milli adətlərimizdir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Nədənsə yaş ötdükcə bu bayramda elə də təhlükələrlə rastlaşmamışam. Bayram adətləri bizim köhnə inanclarımız olsa da, onların nə dərəcədə düzgün olduğunu deyə bilmərəm. Ancaq çox maraqlı adətlərimiz var. Bu il qulaq falına çıxmadım. Hər il nişan üzüyünü fincanda fırlatsam da, müxtəlif rəqəmlər çıxırdı. Sonuncu dəfə 27 rəqəmi çıxdı. Yadımdadı ki, bir dəfə uşaqkən papaq atanda ev yiyəsi qapını üzümə açmışdı. O zaman çox utanmışdım".

Kaspi.az