"Vəfa Zeynalovanın qorxusundan işə getmirdim"

Day.Az представляет новость на азербайджанском языке:

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (28-ci say) təqdim edir.

Həftə şou xəbərlərilə xeyli zəngin olub deyə bayaqdan götür-qoy edirəm. Deyirəm, birdən Mətanətin canlı yayımda Rəhimin üzünə tüpürməyindən yazıb, müğənni Günel Zeynalovanın qardaşı Tunar Rəhmanoğlunun növbəti dəfə çıxardığı "hoqqa"dan yazmasam, ikinci tərəfin xətrinə dəymiş olaram.

Onda elə xətrə dəyməmək üçün başlayıram Tunardan. Əslində, bu cür istedad sahibinin (Mənə görə, Tunar bacısı Güneldən daha istedadlıdır - İ.V.) sənətindən deyil, növbəti dəfə polisin qanuni tələbinə tabe olmamağından yazmaq xoş deyil. Ola bilər ki, Tunarı yetərincə bəyənənlər var. Amma bu o demək deyil ki, polis səni saxlayırsa, kiməsə zəng vurmalı, sənədləri təqdim etməkdən boyun qaçırmalısan. Ona qalsa, gərək Alim Qasımov, Arif Babayev ümumiyyətlə avtomobil alanda sənədlərdən imtina etsinlər. Çünki bu şəxslərin elə təkcə siması Tunar Rəhmanoğlunun bütün yaradıcılığından daha çox tanınır.

Xeyli vaxtdır ki, əməkdar artist Vəfa Zeynalova haqda yazmırdım. Verilişlərin birində məni necə hədələmişdisə, bir ay yazılarımı internet üzərindən göndərib, işə getmədim. Çünki indi sənət adamlarının çoxu mühafizəçiylə gəzir, döydürüb-eləyərlər, biabır olarıq. Amma nəhayət özümdə cəsarət tapıb, bu aktrisa barədə yazmaq qərarına gəldim. Aktrisa son zamanlar çəkilən komediya filmlərini bəyənmədiyini deyib. Heç hənanın yeridir? Məgər sən komediya aktrisasısan, ay Vəfa xanım? Ümumiyyətlə, ustad sənətkarlar tərəfindən peşəkar aktrisa kimi qəbul olunduğuna dəqiq əminsənmi? Əlqərəz...

V.Zeynalova ssenaristləri qınayıb, bayağı sözlərdən, hərəkətlərdən yorulduğunu dilə gətirib. Ardınca əlavə edib ki, onu qane edən iş olmadığına görə filmə çəkilmir. Amma yaxşı qonorar müqabilində "xaltura" etməyə razıymış:

"İki prinsiplə işləyirəm: ya yaradıcı heyət o qədər gözəl olmalıdır ki, mən göz yummalıyam, çəkilməliyəm. Amma əgər "xaltura" edəcəmsə, adi bir ssenariyə çəkiləcəmsə, bunun qarşılığında yüksək qonorar istəyirəm".

Əşşi, bir dəqiqə dayanın e. Axı mən sizə bu həftə maraqlı bir əhvalat yazmağı planlaşdırırdım. Hələ ki yer var, başladıq...

O gün qonşumuz Sənəm xala məndən xanəndə Elnarə Abdullayevanın nömrəsini soruşur. Deyirəm ki, ay Sənəm xala, sən hara, Elnarə hara? Deyir ki, o gün eşitmişəm ki, Elnarə indi də su çəkdirmək işinə baxır. Görüm nömrəsini tapa bilsəm, zəng vurub deyəcəm ki, bizim kəndə də su çəksin. Soruşdum ki, ay Sənəm xala, bəs rayonun icra hakimiyyəti, bələdiyyəsi, canım sənə desin, su idarəsi hara baxır ki, sən su çəkdirmək üçün Elnarəni axtarırsan? Deyir ki, bala, bəs Elnarənin su çəkdirdiyi Şamaxıda bu adını sadaladığın qurumlar yoxdur? Bir az çətin sual olduğundan dedim, gözlə, indi nömrəsini tapıb verərəm. Nə isə, getdim evdəki bloknotumdan Aşıq Zülfiyyənin nömrəsini tapdım gətirdim. Elə Sənəm xaladan uzaqlaşmamışdım ki, zəng vurdu. Özümü şübhələndirməmək üçün aradan çıxmadım. Nə isə, başladılar danışmağa. Eşidirəm ki, aşıq Zülfiyyə telefonun o başından deyir ki, ay xala, mən Zülfiyyəyəm e, Zülfiyyə, Elnarə deyiləm. Su işinə Elnarə baxır, mən uşaq vaxtı şüşənin üstündə oynamaq işinə, kəndirbazlıq işinə baxırdım, yaxşı qaçmağım vardı. Amma su söhbəti Elnarə Abdullayevanın kurasiyasındadır.

Sənəm xala Zülfiyyəylə sağollaşandan sonra dedim ki, bilmədən olub, nömrəni səhv vermişəm. Arvadın da əlində bir bel sapına oxşayan odun var, qorxuram ki, hirslənib məni vurar. Vursa, guya nə deyəcəm ki? Nə isə, dedim ki, gözlə, gedim Elnarənin öz nömrəsini tapım gətirim. Dedi, lazım deyil, sən bu dəfə də gedib aparıcı Mətanətin nömrəsini tapıb gətirərsən, bilirəm, o da üzə tüpürmək işinə baxır. Dedim yox, Əli Mirəliyevin nömrəsini gətirəcəm. Dedi, yox, elə sən get Rəqsanənin İbrahim Tatlısəslə çəkdirdiyi bir şəkil var, onu gətir. Əvvəlcə təəccübləndim ki, bəs bu haradan bilir ki, Rəqsanə İbrahim Tatlısəslə şəkil çəkdirib. Sonra öyrəndim. Amma onu axırda deyəcəm.

Nə isə, gəldim evə, başladım interneti axtarmağa. Gördüm ki, saytların birində xəbər var. Şəklə çox baxdım, baxdım, baxdım, axırda İbrahim Tatlısəsi bığlarından tanıdım. Yanındakı da Rəqsanəymiş. Onu necə tanıdım? Bığları yox idi da.

Elə bu vaxt gördüm ki, Xatunla bağlı iki maraqlı xəbər var. Xəbərin birində yazılır ki, Xatun məclislərə mühafizəçilərlə gedir. İkinci xəbərdə də deyilir ki, Xatun ikinci dəfə ailə qurmaqdan qorxur. Xəbərin bir yerində yazılıb ki, Xatun kaprizli insandır, nə bilim nə:

"Övladım universitetdə təhsil alır. Ehtiyatlı olmaq lazımdır ki, bu dəqiqə onun həyatı daha əsasdır. İkinci dəfə evlilik məsələsi o qədər məsuliyyət tələb edir ki, mən çox "kaprizni" insanam. Sonra alınmaz, biabırçılıq olar".

Dedim, vay dədə, əgər şou nümayəndələri bunu oxusalar, qan düşəcək. Çünki bu aləmdə ayda bir dəfə "nezakonnı", ildə bir dəfə rəsmi ərə getməyənə pis baxırlar. Birdən yadıma düşdü ki, axı Sənəm xalaya Rəqsanəylə İbrahim Tatlısəsin fotosunu söz vermişəm. Elə bu an bir də gördüm Feysbuk dostum "Şirinka Jaliçka" yazır ki, ay bala, noooldu Rəqsanənin fotosu? Dedim bııy, Sənəm xala, sənsən?