Elnurun şousu Avropada böyük marağa səbəb oldu - MÜSAHİBƏ

Day.Az представляет новость на азербайджанском языке. 

"Dünya Azərbaycanda "Eurovision" mahnı müsabiqəsinin nə qədər rəngarəng, əsrarəngiz və fərqli keçirilməsinin şahidi oldu. Əminliklə deyə bilərəm ki, bizim çıxışımız hər zaman olduğu kimi, bu dəfə də uğurlu olacaq. Təmsilçimizin ifa etdiyi mahnı artıq Avropada kifayət qədər sevilir. Elnur Hüseynovun pərəstişkarları çoxdur. O, qardaş Türkiyədə keçirilən "O səs" layihəsinin qalibi olub".

Bu sözləri Azərbaycanın "Eurovision" mahnı müsabiqəsindəki nümayəndəliyinin rəhbəri Tamilla Şirinova AzərTac-a müsahibəsində deyib:

- "Azərbaycanın bu müsabiqədə böyük təcrübəsi var. Tam əminliklə qeyd edim ki, çoxlu sayda beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi etmiş, hər dəfə də xarici qonaqları sözün yaxşı mənasında heyrətləndirməyi bacarmış Azərbaycan hər zaman başladığı işi böyük uğurla sona çatdırıb. Bu il mətbuat mərkəzində olan jurnalistlər və müsabiqəni izləmək üçün Avropadan gəlmiş fanatlar hələ də "Eurovision" mahnı müsabiqəsinin Bakı şousunun möhtəşəmliyindən danışırlar.

- Elnur Hüseynovun builki şanslarını necə qiymətləndirirsiniz?

- Azərbaycan təmsilçisinin hər çıxışı qələbə deməkdir. Ölkəmizin şousu hər zaman layiqli yerə sahib olub. Azərbaycan bu müsabiqəyə böyük diqqət ayırır. Bu il milli seçim turunda bir çox istedadlı gənclər iştirak etdilər. Lakin onların arasında Elnur Hüseynov xüsusilə seçildi. Təmsilçimizin güclü səs imkanları var. Elnur Hüseynovun səhnə şousu Avropa tamaşaçıları arasında böyük marağa səbəb oldu. Elnurun bu yarışmada böyük təcrübəsi var. O, 2008-ci ildə də "Eurovision" mahnı müsabiqəsində iştirak edib. Təmsilçimiz bukmeykerlərin və fanatların səsverməsinə görə öndədir. Biz bu müsabiqədə artıq qələbə sevincini yaşamışıq. Ümumiyyətlə, ölkəmiz bu müsabiqədə iştirak etdiyi ildən hər zaman onluqda olub. Bu isə bizim müsabiqəyə necə ciddi hazırlaşmağımızdan xəbər verir. Mən Avropada yaşayan bütün həmvətənlərimizi Azərbaycana səs verməyə çağırıram.

- Sizin "Eurovision" mahnı müsabiqəsində böyük təcrübəniz var. Builki şounu Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision" yarışması ilə necə müqayisə edərdiniz?

- Bizim nümayəndəliyin əməkdaşları hər zaman fanatların, təmsilçilərin, nümayəndə heyətlərinin rəylərini soruşurlar. Hər kəs Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirir. Xalqımız istiqanlılığı ilə hər zaman seçilib. Artıq bir neçə ildir ki, mən nümayəndə heyətinin tərkibində bu şouya qatılıram. Bunların içərisində, şübhəsiz ki, ideal təşkilatçılıq, yüksək səviyyəli səhnə şousu yalnız Azərbaycanda oldu. "Eurovision" mahnı müsabiqəsini mən möhtəşəm bayram adlandırardım. Təbii ki, "Baku Crystal Hall" özlüyündə tamamilə bir sensasiya idi. Bu, insanlarda unudulmaz, əsrarəngiz təəssürat yaratdı. Müasir standartlara cavab verən bu məkan, həmçinin çox gözəl memarlıq üslubuna da malikdir. Ölkəmiz daha bir möhtəşəm idman bayramı - "Bakı-2015" birinci Avropa Oyunlarını keçirməyin astanasındadır. Azərbaycan bu mötəbər idman yarışmasına da yüksək səviyyədə ev sahibliyi edəcək.

- Avstriyanın təqdim etdiyi şou müsabiqə iştirakçılarına və tamaşaçılara necə təsir bağışlayır?

- Müsabiqədəki iştirakçıların sayı getdikcə azalır. Bunun səbəbi Avropada hökm sürən iqtisadi böhrandır. Ölkələr bunu elan edirlər. Avstraliya bu il "Eurovision" mahnı müsabiqəsinə qoşulmağı qərar verib. Bu yarışmanın nəticələri barədə öncədən nə isə söyləmək çox çətindir.

Mən məşqləri izlədim. Avstriyanın təqdim etdiyi şou da çox maraqlıdır. Zənnimcə, tamaşaçılar şounu ekranlardan izləyərək doğru qiyməti verəcəklər. Ümumiyyətlə, Avstriya dünya musiqi sənayesində önəmli yer tutur. Builki şouda "Eurovision" əhval-ruhiyyəsi hiss olunur. Bir daha Bakı səhnəsinin daha gözəl olduğunu, "Eurovision" mahnı müsabiqələrinin səhnələri ilə müqayisədə ölkəmizin arenasında qurulmuş yeni texniki avadanlığın mükəmməlliyini vurğulamaq istərdim.

Onu da qeyd edim ki, ölkəni dünyada tanıtmaq üçün mədəniyyət mühüm rol oynayır. Qısa müddət ərzində yarışmada iştirak etməyimizə baxmayaraq, biz 2011-ci ildə qalib olduq. Milyonlarla insan, Avropa mətbuatının nümayəndələri, müsabiqənin fanatları Bakıda bir araya gəldi, Azərbaycanın mədəniyyəti, incəsənəti, tarixi ilə yaxından tanış oldular.