Aysel Nazim: "Təkliflər çoxdur, həm də müxtəlifdir"

Day.Az представляет новость на азербайджанском языке:

Teleaparıcı-aktrisa Aysel Nazimin Milli.Az-a müsahibəsi.
 

- Aysel xanım, artıq yay gəlib. İstirahətə vaxt tapmısınız?

- Bu il həddindən artıq çox çalışmışam, əslində istirahətə çox ehtiyacım var. İşlərim bitmədiyi üçün hələ ki, tətilə çıxa bilməmişəm. Bu yay işlər bitəcək kimi də görünmür. Amma arada iki həftə fasilə var, o fasiləni tam mənası ilə dəyərləndirməyi düşünürəm.
 

- Adətən istirahətə ailə ilə yollanırsız, yoxsa dostlar ilə?

- İstirahət istirahətdir. Dostlarla, yaxud da ailə ilə olmasından asılı olmayaraq. Amma ailəmlə, əsas da oğlumla olan istirahət başqadır (gülür).
 

- Hal-hazırda hansı işlərə başınız qarışıb?

- Vaxtım hal-hazırda 2 serial çəkilişi ilə keçir. Biri "Sənin deyil", digəri isə "Gülüm" serialıdır. Serialın hər ikisi də ailə-məişət problemlərindən bəhs edən melodramadır. Hər iki serialda fərqli rollar və fərqli xarakterləri oynayıram. Bundan başqa, yeni layihələr üzərində də işləyirəm. Yeni mövsümdə TV proqramı və yeni bədii film də olacaq.


- Yeni layihədə yenə də xəbər aparıcısı kimi fəaliyyət göstərəcəksiz, yoxsa bu dəfə tam fərqli?


- Təkliflər çoxdur, həm də müxtəlifdir. Yeni mövsüm üçün xəbər aparıcısı kimi də mənə təklif gəlib, moda verilişinin aparıcısı kimi də.


- Məncə, sizin kimi baxımlı xanıma moda verilişi yaraşır.


- Təşəkkür edirəm. Yeni mövsümdə, inşallah, görəcəksiz. Moda verilişi öz layihəmdir, bu sahə ilə yaxından maraqlanıram. Moda verilişimin yolunu gözləyənlər də hədsiz çoxdur.


- Hər hansı rola təklif gələrkən çox götür-qoy edirsiz?


- Bəli, ssenarini oxuyuram, sonra cavabı həmin rejissora deyirəm. Çünki rolun xarakteri mənim üçün çox önəmlidir. Özümə uyğun görmədiyim rolda niyə oynayım ki? Kino və serial mənim üçün yeni səhifədir və bu sahədə ilk addımlarımı atıram.


- Yəqin ki, imtina etdiyiniz açıq-saçıq rollar olub...


- Xeyr, heç açıq-saçıq rollara dəvət gəlməyib. Dəvət gəlsə, qəbul da etmərəm.


- Bəs açıq-saçıq rollarda çəkilən həmkarlarınıza münasibətiniz necədir?


- Açıq-saçıq rollarda çəkilənlərə münasibətim normaldır. Hər iş zəhmət tələb edir və hər kəsin zəhmətinə də hörmətim var.


- Xaricdə yaşasaydınız da, bu cür rollarda çəkilməzdiniz?


- Hərənin bir həyat tərzi var. Bu kimi rollar mənim tərzim deyil.


- Gözəlliyinizə çox pul xərcləyirsiz?


- Gözəlliyi verən Allahdır. Sadəcə biz onun qayğısına qalmağa çalışırıq (gülür).


- Çalışdığınız telekanalda sizlə rəqabət aparanlar olurdumu? Söhbət teleaparıcı həmkarlarınızdan gedir.


- Olmazmı? Rəqabət hər sahədə var, olmalıdır da, amma sağlam rəqabət.


- Hansı teleaparıcını özünüzə rəqib bilirsiz? Bu Xoşqədəm, yaxud Zaur Baxşəliyev ola bilər?


- Zaur və Xoşqədəmi özümə rəqib görmürəm, çünki tərzimiz tamam fərqlidir. Hərə öz ampluasında bir nömrədir, Zaur da, Xoşqədəm də, mən də. Hər ikisi ilə münasibətim çox yaxşıdır və hər ikisinin xətrini çox istəyirəm. Özümə heç kimi rəqib görmürəm, amma məni özünə rəqib görənlər çoxdur (gülür).


- Sizcə, rəqabət yalnız düşmənçilik zəminində olur?


- Xeyr, sağlam rəqabət hər zaman lazımdır. Sağlam rəqabət quyu qazmaqla olmur.


- Bəyəndiyiniz teleaparıcı varmı?


- Yenə də deyirəm ki, hərənin bir tərzi var, mənim tərzim fərqlidir. Hərə öz tərzində sözünü deyir. Bu fərqliliklər də tamaşaçının xoşuna gəlir və biz heyran kütləmizi belə yaradırıq. Bu da gördüyümüz işin xeyrinədir. Ad desəm, yalnış olar, özəl olaraq bəyəndiyim teleaparıcı yoxdur.


- Bəs sizi bəyənməyənlər necə, varmı?


- Bilmirəm, yəqin ki, var. Özüm haqqında hələ ki, yaxşı sözlər eşidirəm. Əsas da müəllimlərimdən. Onların fikri mənim üçün çox qiymətlidir.


- Amma çox vaxt tamaşaçılar teleaparıcıların diksiyasından, ləhcələrindən şikayətlənirlər. Bunu saytlara yazılan rəylərdən də görürük.


- Çox şükür, tamaşaçılar da, Mətbuat Şurası da qüsurlu teleaparıcıları yaxşı görür və adlarını açıqlayır. Aparıcı, ümumiyyətlə, ləhcə ilə danışmamalıdır. Dilimizin gözəlliyinə xələl gətirən söz və ifadə işlənməməli, ləhcə hiss olunmamalıdır. Teleaparıcı rəsmi üslubda danışmalı, ədəbi dilimizin zənginliklərindən istifadə etməli və dilimizin təmizliyini qorumalıdır. Heyf ki, adını fərdi üslub qoyub, ləhcə ilə danışıb dilimizi korlayan aparıcılarımız da var. Mətbuat Şurası buna etiraz edir, adlarını açıqlayır, amma kanal rəhbərləri səssiz qalır və həmin teleaparıcılar öz üzərində işləmirlər.


- Danışmadığınız teleaparıcı varmı?


- Xeyr, heç bir teleaparıcı ilə problemim yoxdur. Allah hamının yolunu açıq etsin.


- Yəqin ki, erkən ailə qurmusuz... 6 yaşlı oğlunuzun olduğunu bilirəm.


- Bəli, erkən ailə həyatı qurmuşam, 6 yaşında oğlum var. Adı Candır, o mənim canımdır. Çox xoşbəxtəm, çünki ailəm, oğlum, sevdiyim işim və məni sevən tamaşaçılarım var. Xoşbəxtlik budur.


- Yoldaşınız çox qısqancdır?


- Qısqanclığını bəlli etməməyə çalışır, amma hərdən hiss edirəm (gülür). Məncə, kişinin qısqanclığı normaldır. Əsas odur ki, onun mənim sənətimə və şəxsiyyətimə hörməti var. Mənimlə fəxr edir.


- Evdə ciddi söz-söhbət olubmu nə vaxtsa?


- Xeyr, heç vaxt.


- Ara vuranlar da olmayıb heç vaxt?


- Həyat yoldaşımla aramızı vurmaq istəyənlər çox olub, amma alınmayıb. Onsuz olmaz ki. Amma biz həmin insanlara qarşı birlikdə mübarizə aparmışıq. Çünki aramızda inam və hörmət var. Sevgi də bundan qidalanır.


- Kimlər idi o insanlar?


- Mənim evim mənim qalamdır. Hər şeyi evimin içində həll edirəm.


- Elçiləriniz, yəqin ki, çox olub. Niyə məhz o insanı seçdiniz?


- Həyat yoldaşımla toyda tanış olmuşam. Mən qismətə inanıram.


- Ondan əvvəl sevmişdiniz, alınmamışdı, yoxsa ilk sevginizdir?


- Bu məsələdə şanslı olanlardanam. İlk sevdiyimlə ailə qurmuşam.


- Ən pis xüsusiyyətiniz nədir?


- Kinli olmağım. Bir az kinliyəm, bir də səbirsiz.


- Kimə kin saxlayırsız?


- Yaxşılığımdan sui-istifadə edənlərə və etmək istəyənlərə qarşı kin saxlayıram.

Нажмите на фотографии для увеличения: