Mətanət Əsədova 100 min manat istəyir

Day.Az представляет новость на азербайджанском языке:

Mətanət Əsədova ilə Əziz Musaoğlunun qalmaqalı məhkəməyə çıxdı
 

Vəkil Ceyhun Yusifov "Bizim Yol"-a bildirib ki, hüquqlarını müdafiə etdiyi müğənni Mətanət Əsədova yazıçı, Cəbrayıl rayon sakini Əziz Musaoğlunu məhkəməyə verib. "İyunun 30-da "Space" televiziyasında efirə yayımlanan "Günaydın" verilişində Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Cəbrayıl rayon məktəblərinin birində müəllim işləyən Ə.Musaoğlu müğənninin şərəf və ləyaqətini alçaldan ifadələr işlədib, onu təhqir edib",-deyə C.Yusifov bildirib.

Onun sözlərinə görə, M.Əsədova ona qarşı Ə.Musaoğlunun ictimaiyyət qarşısında göstərmiş olduğu münasibətə hüquqi müstəvidə qiymət verilməsini istəyir: "Şərəf və ləyaqətinin alçaldılması və işgüzar nüfuzuna xələl gətirilməsinə yol verilməsi motivi üzrə məhkəmədə iddia qaldırılıb. İddia ərizəsində Əziz Musaoğlunun "Space" televiziyasının efirində Mətanət Əsədovadan üzr istəməsini istəmişik. Çünki Ə.Musaoğlu efirdə yayım zamanı Mətanət Əsədovanın ünvanına təhqir edici ifadələr işlədib. Həmçinin iddia ərizəsində Mətanət Əsədovanın şərəf ləyaqətinin, nüfuzunun ləkələnməsi ilə əlaqədar vurulmuş mənəvi ziyana görə təzminat olaraq Əziz Musaoğlundan 100 min manat miqdarında tutulması barədə qətnamə çıxarılmasını istəmişik".

Vəkilin sözlərinə görə, iddia ərizəsi hazırlanıb və Cəbrayıl Rayon Məhkəməsinə təqdim edilib. Qeyd edək ki, iyunun 30-da "Space" televiziyasında efirə yayımlanan "Günaydın" verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.