Azərbaycanın "biznes ledi" müğənnisi iflasa uğradı - FOTO

Day.Az представляет интервью на азербайджанском языке:

"Mənə biznes ledi deyirdilər".

Bu sözləri Lent.az-a müsahibəsində uzun illər şou-biznesdən uzaq düşən müğənni İlahə Fəda deyib. İfaçı "bankrot" olmasından, şou-aləmindəki rəqabət mühitindən tutmuş, bir çox məqamlardan danışıb.
 

- Xeyli müddətdir şou-biznesdən uzaq düşmüsünüz...

- Hə. Uzaq düşmüşdüm. Səbəb odur ki, indi şou aləmində "tıxac" var. Mən o aləmə girmək və "tıxac"da qalmaq istəmirəm. Bilirsiniz, mən uzun müddət şou-biznesdən uzaq düşüb, xarici ölkəyə getdim. Başqa ölkəyə getməyimə səbəb isə özümə yeni biznes qurmağım idi. Təxminən 9-10 il Azərbaycandan kənarda yaşadım.

- Vətəndən uzaq düşməyiniz nəyi dəyişdi?

- Bu illər ərzində efirdən uzaqlaşdım. Amma sənətimə fasilə vermədim. Yeni mahnılar yazdırdım, dünyanın bir sıra ölkələrindən konsertlər verdim. Özü də yüksək səviyyədə. Bu konsertlərin lent yazıları da özümdə var. Amma mən bu videoları göstərib, özümü reklam etmək istəmirəm.
 

- Gördüyünüz işləri işıqlandırmaq istəməməyinizin səbəbi nədir?

- Səbəbi odur ki, indiki müğənnilər öz işlərini reklam edirlər ki, toylara getsinlər. Mən də toya getmirəm deyə işlərimi reklam da etmirəm. Həm də reklama pul xərcləmək istəmədim.
 

- Şou aləmində nədən narazısınız?

- Camaat nədən narazıdırsa, mən də ondan narazıyam. Xalqın gözü tərəzidir. Düzdür, indi çaşanlar var.
 

- Yeni çıxan müğənnilər deyirlər ki, "Biz "nömrə 1" müğənniyik. Bizim qabağımızda heç kim at oynada bilməz". Amma...

- (Sözümü yarımçıq kəsir) Mən bu ucuz söhbətləri çox eşitmişəm. Ən azından mənim neçə illik musiqi savadım var. Yəni adımı yazdırıb, diplom alan ifaçılardan deyiləm. Özüm oxuyub, diplom almışam. Əziyyət çəkmişəm, səhnə, nitq mədəniyyəti öyrənmişəm. Müəllimlərimdən mükəmməl dərslər almışam. Onların belə deməyinə baxmayın, onlar mənim qarşımda at oynada bilməzlər. Çünki özlərindən çox razı olan ifaçılarla dəfələrlə toyda olmuşam, məni görən kimi dilxor olurlar. Mən ifaçılığa çox yüksəkdən başladım. İlk əvvəl unudulmaz sənətkar Şövkət Ələkbərovanın repertuarından oxudum. Camaat da məni Şövkət xanımın repertuarına müraciət etməyimdən sonra tanımağa başladı. Bir sözlə, musiqinin generalları mənə qiymət verib. Məsələn 2007-ci ildə Filarmoniyada konsert verdim. Konsertimə Arif Məlikov gəlmişdi. Mən Arif müəllimə dəvətnamə verən zaman mənə dedi ki, "İlahə, konsertə gələcəm, ifan xoşuma gəlməsə, elə 1-ci hissədə oranı tərk edəcəm". Elə konsertin 2-ci hissəsinə başlayan kimi gözüm Arif Məlikovu axtarırdı. Gördüm ki, ikinci hissədə də oturub mənə qulaq asır.
 

- Bu günə qədər şou-biznesə bir çox müğənnilər gəldi və getdi. Çoxları unuduldu. Siz neçə ildir ki, şou-biznesdən uzaqsız, amma unudulmamısınız.

- Hə, unudulmamağıma səbəb nədir, heç bilmirəm. Yəqin vətənimə, xalqıma verdiyim dəyərim yaxşıdır ki, insanlar məni unutmur. Yəni mən tamaşaçıları heç vaxt aldatmamışam, səviyyəsiz musiqi ilə beyinlərini yormamışam. Bir də ki, mədəniyyət, özünü aparmaq qabiliyyəti, danışıq, geyim tərzi bax bunların hamısı səbəblərdir. Mən bütün bu amillərə daima diqqət etmişəm. Belə düşünürəm. Yekəxanayam axı. (gülür) Özümü bayaqdan tərifləyirəm.
 

- Şou-biznes əhli malın, mülkün reklam edir. Bəs siz niyə "qonşudan geri qalma" prinsipindən geri düşmüsünüz?

- Bir milyondan çox qaçqınımız var. Kasıbçılıqla yaşayan insanlar var. Mənə yaraşmaz ki, çıxım efirə evimi, maşınımı reklam edim. Əgər bunu etsəm, böyüklərim mənə töhmət edər.
 

- İlahə Fədanın qazanc yeri hardandır?

- Özümün biznesim, karqo şirkətim var idi. Məlum "krizis"dən sonra iflas oldum. Amma biznesim tam çökmədi. İndi bir istiqamətdə biznesim davam edir. Yəni əvvəlki kimi çox qazana bilmirəm. Müəyyən kanallar var ki, o istiqamətdə işləyirəm. Almaniya və Avropanın bir sıra ölkələri ilə əlaqədar işlərim var.
 

- İfaçılığınızdan qazancınız olmur?

- Musiqiçilər xəbər tutanda ki, mən Bakıdayam, toya çağırırlar. Yəni 5-10 manat da toydan qazana bilirəm.
 

- Söylədiniz ki, iflas olmusunuz. İlahə xanıma yenə "biznes ledi" demək olarmı?

- O vaxtı mənə "biznes ledi" deyirdilər. İndi demirlər. Yəqin, biliblər ki, biznesim çöküb. Əvvəlki kimi qazana bilmirəm.
 

- Yenidən ifaçılığınıza start vermək fikriniz varmı?

- Ümumiyyətlə heç nəyi öncədən planlaşdıra bilmirəm. Planlaşdırmağı da xoşlamıram. Hadisələri həyatın axarına buraxmağı xoşlayıram. Yəni qismətdə nə varsa, yaşayıb, görəcəyik.
 

- Şou-biznesdə bir çox bacıların dueti var. Bəs siz niyə Fədayə Laçınla duet oxumursunuz?

- Bu günə qədər Fədayə ilə duetimiz olmayıb. Bunun üçün vaxtımız olmayıb. Amma belə bir planımız var. Hətta duetimiz üçün mahnılar da var.
 

- Şou aləmində elə bacılar var ki, bir-birləri ilə qalmaqal edirlər. Sizin də aranızda olubmu bu cür qalmaqallar?

- Yox, yox. Fədayə mənim balaca bacımdır. Hətta mən anama deyirəm ki, "ay ana, sən sadəcə bu qızı doğmusan, amma səndən çox mən istəyirəm". Bacımın ilk pərəstişkarı özüməm. Onun yaşında ikinci ifaçı tanımıram ki, gözəl səsi, ürəyi olsun. Bu sözləri bacım olduğuna görə demirəm. Bu, faktdır. Sözlərimi musiqiçi kimi deyirəm. Aramızda da heç zaman inciklik olmayıb. Nə səbəb ola bilər ki, iki bacı bir-biri ilə qalmaqal etsin? Hər kəsin bir xasiyyəti var. Şou aləmində qalmaqal edən bacılara da pis baxıram. Düşünürəm ki, evdə olan söhbətləri efirə çıxarmaq olmaz. 

Şəkli böyütmək üçün klikləyin: