Nigar Babayeva: "Heç bir vaxt plastik əməliyyat etdirməmişəm" - FOTOSESSİYA

Day.Az представляет новость на азербайджанском языке.

Aktrisa Nigar Babayevanın Milli.Az-a müsahibəsi
 

- Nigar, söhbətimizə, istərdim, universitet illərindən danışmaqla başlayaq.

- Əvvəla, onu deyim ki, universitet illərim çox gözəl keçib. Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsində təhsil almışam. İlk aktyor sənəti müəllimim xalq artisti Firəngiz Mütəllimova olub. Tərifləmək olmasın, amma seçilən tələbələrdən olmuşam. Bunu müəllimim də sizə deyə bilər (gülür). Universiteti də qırmızı diplomla bitirmişəm.
 

- Universiteti artıq bir neçə ildir ki, bitirmisiz. Firəngiz xanımla əlaqələriniz qalıb?

- Əlbəttə ki, vaxtaşırı görüşüb, zəngləşirik. Bir-birimizlə həmişə əlaqə saxlayırıq. Həmişə konsertlərdə çıxışlarımdan öncə zəng edib mənə uğurlar diləyir.
 

- "Planet Parni iz Baku" komandasına gəlişiniz necə oldu?

- 2009-cu ildə telekanalların birində "Şən Nar Yumor Kuboku" adlı yarış keçirilirdi. Bu yarışın təşkilatçısı adını çəkdiyiniz ŞHK (KVN) komandası idi. Komandamız orada qalib gəlmişdi və Tahir İmanov bizi öz teatrına dəvət etdi. 2010-cu ildən bu günə kimi mən bu komandanın üzvüyəm. Mən bu komandasız özümü təsəvvür edə bilmirəm. Əvvəllər mənə dram daha yaxın idi, KVN-ə gələndən özümü yumorda çox rahat hiss edirəm.


- "Bu şəhərdə" komandasından sizə dəvət gəlsə, qəbul edərsiz?


- Xeyr, heç vaxt "Planet Parni iz Baku" komandasını "Bu şəhərdə"yə dəyişmərəm. Bu kollektiv mənim bir ailəm kimidir. Mən sadiq insanam.


- Xarici görkəminiz sizə daha çox açıq-saçıq rolları oynamağınıza imkan yaradır. Rejissorların seçimi bəs necədir?


- Mən elə deməzdim. Düzdür, mənfi və müsbət olmaqla mən özümü hər rolda sınamışam. Təbii ki, açıq-saçıq oynadığım rollar da olub. Həm KVN-də, həm seriallarda, həm də oynadığım tamaşalarda. Mənim fikrimcə, aktrisa hər rolu oynamağı bacarmalıdır. Sadəcə verilən obrazın üstündə işləmək lazımdır, o zaman hər şey alınır. Mənim oynadığım rollarda siz dediyiniz qədər açıq-saçıqlıq yoxdur. Konkret açıq-saçıq səhnələrdə çəkilmərəm.


- Amma verilən obraz ilə xarici görkəm də üst-üstə düşməlidir. Yəqin ki, mənimlə razısız.


- Yəqin, mənim xarici görkəmim müxtəlif obrazlara uyğun gəlir. Çünki rejissorlar tərəfindən yalnız açıq-saçıq obrazlara deyil, müxtəlif rollara dəvət almışam. Mən hələ özümü bir çox obrazlarda görürəm və sınamaq istəyirəm.

- Şəxsi həyatınıza vaxt ayıra bilirsiniz?


- Şəxsi həyatım üçün həmişə vaxtım var. Həyatımda sevdiyim insan da var. Sevdiyim şəxs həmişə mənim yanımdadır, hər bir işimdə mənə dəstəkdir.


- Sənət adamıdır?


- Xeyr, bizim sənətdən uzaq birisidir.


- Toy haqda düşünürsüz?


- Əlbəttə, toy haqda da düşünürük. Hər şeyin öz vaxtı var.


- Sizə sənətinizdə qadağalar qoyur?


- Sənətdə mənə həmişə dəstəkdir. Əgər rol qadağasından söhbət gedirsə, elə rollar var ki, mən özüm çəkilmərəm, heç onun qadağa qoyması lazım
deyil.


- Plastik əməliyyatları sevirsiz?


- Heç bir vaxt plastik əməliyyat etdirməmişəm. Amma etdirənlərə də pis baxmıram, sadəcə hər şey öz normasında gözəldir.


- Dodağına silikon vurduran aktrisalara münasibətiniz necədir?


- Yenə də deyirəm, hərənin öz işidir, pis baxmıram. Amma mən dodaqlarıma silikon vurdurmazdım. Təbii gözəllik hər şeydən önəmlidir.


- Niyə aktrisanın, müğənninin adı bədnamdır?


- O sualın cavabını bilsəniz, mənə də deyərsiz. Özüm neçə vaxtdır, bu sualın cavabını axtarıram (gülür).


- Ola bilər ki, günah elə onların özündədir?


- Ola bilər. Bəzi müğənni və aktrisalar bizim adımıza kölgə salırlar.


- Kimlərdir o bəziləri?


- Mən qalmaqallardan uzaq olan biriyəm, ona görə də ad çəkə bilməyəcəyəm.


- Xəyanəti bağışlayarsız?


- Xeyr, heç vaxt. Həyatımda bağışlamadığım iki şey var: xəyanət və yalan.


- Əgər o insanı çox sevirsizsə...


- Dəli kimi sevsəm belə, heç vaxt xəyanəti bağışlamaram.


- Həyatınızda uğursuz sevgi olub?


- Kimin həyatında uğursuz sevgi olmayıb ki? Əlbəttə ki, olub. Amma bunlar hamısı keçmişdə qalıb. Mən indi sevdiyim insanla xoşbəxtəm.
Hal-hazırda keçmişim haqda yox, yalnız gələcəyim haqda düşünürəm.


- Məncə, çox açıq-saçıq geyinirsiz.. Hər kişi bu cür qadını qəbul etmir. Evlənəndən sonra yəqin ki, ətəyinizi uzun edərsiz.


- Xeyr, qətiyyən. Siz deyəsən, açıq-saçıq geyinən xanımlar görməmisiz. Mən səhnədə hər şey geyinə bilərəm, amma gündəlik həyatda geyimlərim tam fərqlidir.


- Kişilərin hansı xüsusiyyətini bəyənmirsiz?


- Başqalarının həyatına burnunu soxan, sirr saxlamayan, yalan danışan kişiləri bəyənmirəm.


- Kişilər də qadınların qeybətini sevmirlər.


- Elə sadaladığım xüsusiyyətlər qadınlara da aiddir. Qeybət edən qadınları mən də sevmirəm.


- İnanmıram ki, siz qeybət etməyəsiz.


- İnanmaya bilərsiz, amma həqiqətən qeybət etməyi sevmirəm. Mən yalnız öz həyatımı yaşayıram, başqalarının həyatını yox.


- Qazancınızı daha çox nəyə xərcləyirsiz?


- Düzünü desəm, qazancımı yalnız özümə xərcləyirəm. Ən çoxda paltarlara. Geyim almaq mənim ən böyük xəstəliyimdir.


- Gözəllik salonunda çox vaxt keçirirsiz?


- Bəli, onu hansı qadın sevmir ki? Vaxtımı gözəllik salonunda keçirməyi sevirəm.


- Kişilər bu cür qadınlardan uzaq gəzir.


- Gələcək həyat yoldaşım mənim haqqımda hər şeyi bilir (gülür).


- Sonda istərdim gələcək palnlarınızdan danışasınız.


- Hal-hazırda bir filmə çəkilməyim planlaşdırılır. Bu barədə hələ ki, açıqlama vermək tezdir. Özümü həm də aparıcı kimi sınamaq qərarına gəlmişəm. Düzdür, səhnələrdə aparıcılıq etmişəm, amma televiziya aparıcısı kimi hələ ki, özümü göstərməmişəm. Yaxın 2-3 aya məni, inşallah, televiziya aparıcısı kimi görəcəksiz.

Нажмите на фотографии для увеличения: