Günay İbrahimli: "Təsadüfən tanıdığım adamdan evlənmə təklifi aldım"

Day.Az представляет интервью на азербайджанском языке:

Tanınmış müğənni Günay İbrahimlinin Aile.lent.az-a müsahibəsini təqdim edirik.
 

- Uzun müddətdir müsahibə vermirsən. Necəsən?

- Bayaq bir az əsəbiləşmişdim. Amma indi yaxşıyam.
 

- Tez-tez əsəbiləşirsən?

- Təəssüf ki, çox emosionalam. Ən mənfi xüsusiyyətimdir. Bu xasiyyətimi yığışdıra bilmirəm. Tez coşub tez də sakitləşirəm. Tez özümdən çıxıram.
 

- Səni ən çox nə özündən çıxarır?

- Özümə qarşı laqeydlik, sevmədiyim hərəkət görəndə özümdən tez çıxıram. Amma kinli deyiləm. Mənə edilən pislikləri də tez unuduram. Olub ki, kimisə tərifləmişəm, yanımdakı dostlarım deyib ki, "ay qız, nə tez yadından çıxarmısan onun sənə etdiyi pislikləri?!" Hətta küsülü olduğum adamın tərəfini saxlamışam. Sonradan yadıma düşür ki, həmin adam mənə filan şeylər edib.
 

- Dostların çoxdur, yoxsa rəqiblərin?

- Dostlarım azdır. Rəqib yox, məni sevməyənlər çoxdur. Sevilən müğənniyəm, mahnılarımı dinləyirlər. Həm gənc, həm də orta nəslin nümayəndələri tərəfindən yetərincə bəyənilirəm. Sevənlər qədər də sevməyən var. Çoxunu heç tanımıram. O insanlar mənim xasiyyətimə bələd deyillər. Sadəcə, gözləri götürmür. Bilmirəm, paxıllıqdır, yoxsa nədir? Lakin ətrafımda belə insanları saxlamıram. Hansı insandan bir az paxıllıq, eqoistlik hiss etsəm, yanımdan kənarlaşdırıram. Paxıllıq, gözügötürməzlik olan yerdə ruzi də olmur. İndi ətrafımda olan insanlar mənə doğma olanlardır.

- Yola gedən insansan, yoxsa yola verən?

- Deyilənə görə, yola gedən insanam. Müğənnilikdə ən yaxşı xüsusiyyətim tez-tez dəyişilməyi sevməyimdir. Standart qalmağı xoşlamıram. Bu gün yaşadıqlarımdan bezirəm, sabah başqa şeylər yaşamaq istəyirəm. Bunu da yaradıcılıqla bağlı ətrafımda olan insanlar bəyənir. Məsələn, mənə qəfil deyə bilərlər ki, saçlarını qısaldaq. Mən o saat razılaşıram. Şübhələnmirəm ki, mənə yaraşar, ya yaraşmaz. Riskə getməyi sevirəm. Bu, mənim müsbət xüsusiyyətimdir. Belə risklərin çoxunda qalib gəlmişəm.

Real həyatda isə gün ərzində çox insanla ünsiyyətdə olmuram. Əgər kiminləsə yola getmirəmsə, demək, xasiyyətimizdə uyğunsuzluq var. Özümü heç kimə rəqib saymıram. Məni rəqib sayırlarsa, bu, başqa məsələ. Mən işimi görürəm. Yalnız belə mübarizə aparıram. Əgər başımı qaldırıb düşünsəm ki, filankəs nə yedi, nə geyindi, hara getdi, nə etdi, onda mən vaxt itirərəm və geri düşərəm. Ona görə də "sürətlə irəli" prinsipinə əməl edirəm.
 

- Bəs qadın kimi asan yola gələnsən, yoxsa çətin?

- Qıraqdan elə bilirlər asan qadınam. Amma tanıdıqca görürlər ki, yox. Son vaxtlar özümdə belə bir xüsusiyyət kəşf etmişəm: səbr etməyi bacarıram, ancaq həyatımdakı insandan qəfil ayrıla bilərəm. Lap rəfiqəm, dostum, canım-ciyərim olsun. Hansısa hallar üst-üstə yığıla, səbr kasam daşa bilər və mən birdən-birə o insanla bütün əlaqələri kəsərəm.
 

- Hesablaşmadan?

- Əlbəttə, hesab sorandan sonra. Hesablaşmadan getmək düzgün deyil. İnsanlar olub ki, üz-üzə söhbət etmişəm, bəzi şeyləri aydınlaşdırmışıq, ondan sonra birdəfəlik bütün əlaqələri qırmışam. Və o nəticəyə gəlmişəm ki, mənə uyğun insan deyil. Düşmən qalmıram, salamlaşıram. Amma artıq aramızda pərdə olur.
 

- Günay sevgidə necə biridir?

- Sevgidə dəliyəm. Sevəndə dəli kimi sevirəm. Tez-tez zəng edəcəm, axtaracam, qısqanacam. Amma çalışacam qısqanmağımı bildirməyim. Qısqanmağımı içimdə saxlayıram. Heç bir qız deyə bilməz ki, sevgilisini qısqanmır. Sadəcə, mən büruzə vermirəm, guya vecimə deyil (gülür). Münasibəti qoruyub saxlamaq üçün oğlanın çox üstünə getmək olmaz. Çalışmalısan ki, o, sənin üçün darıxsın, axtarsın səni, sən onu yox.
 

- Axı sən özün deyirsən ki, tez-tez zəng edirəm.

- Düzdür. Amma çox vaxt özümü saxlayıram. Zəng etmək istəyirəm, telefonu əlimə götürürəm, sonra deyirəm ki, Günay, qoy, o, zəng etsin. Özümü elə aparıram ki, guya məşğulam. Amma beynimdə fikirləşirəm ki, görəsən hardadır, nə edir? (gülür). Bütün xanımlar kimi özümə qarşı diqqəti sevirəm. Qarşı tərəfdən də hər zaman diqqət gözləyirəm. Qadın sevdiyi oğlandan diqqət görmürsə, artıq o diqqəti başqa yerdə axtaracaq. Kişi nə qədər çirkin olsa da, qadına diqqət göstərirsə, onun gözündə gözəlləşəcək. Əsas kişinin daxili aləmidir, xarici görünüşünə aldanmaq olmaz. Ən yaraşıqlı kişi belə, gündə bir qadına meyl edirsə, gözdən düşür.
 

- Qısqandırmağı sevirsən?

- Sevirəm ki, məni qısqansınlar. Sevdiyim oğlan desin ki, "bu saç rəngi sənə yaraşır, səndən nə gözəl ətir iyi gəlir". Soruşanda hardasan, manikürdə olduğumu deyim, o da desin ki, "dırnaqlarına bu rəng lak çəkdir". Bunlar hamısı diqqətdir. Qoy lap gündə yüz dəfə zəng etsin, bezmərəm. Çünki həyatımızda biri olmayanda da deyirik ki, "Ay Allah, bir zəng edən də yoxdur" (gülür). Bəzən adamın işi olur, sevgilisi də zəng edir, danışa bilmirsən, əsəbiləşirsən ki, axı dedim, işim var. Sonra küsülü olanda zəng etmir, deyirsən, ay Allah, bir zəng etsəydi (gülür). Zənglər münasibəti qurmaqdan asılıdır. Sevgi müvəqqətidir. Amma sevgini qoruyub saxlamaq üçün qadınla kişi arasında mütləq hörmət olmalıdır. Hörmət olan yerdə münasibət də uzun müddət davam edir.
 

- Zəngini gözlədiyin insan var?

- Zəngini həsrətlə gözlədiyim insan yoxdur.
 

- Bəlkə sənin yanında olan insan Günay İbrahimli olduğun üçün yanındadır?

- Bunu ondan soruşmaq lazımdır. Ola bilər məni müğənni kimi, səhnədən tanıyıb. Bəlkə də adi bir qız olsaydım, onunla rastlaşmazdım. Hər halda mən həmin insanın yanında məhz xasiyyətinə görə olaram. İnsana rütbəsinə görə yox, insanlığına görə qiymət vermək lazımdır. Mənim insanlığıma qiymət verməyən insan yanımda ola bilməz.
 

- Sənə sevgisini etiraf edənlər çox olub?

- Çox olub. Elələri də var ki, məni sevir, amma bunu etiraf etməkdən çəkinir. Yəqin ki, kobud cavab eşitmək istəmirlər. Bu gün də sevgisini etiraf edən var. Mənə sevgi etirafı edənlərin 80 faizi pərəstişkarlarımdır. Mahnılarımı sevirlər, mahnılarımdan doğan sevgi mənə keçir. Bəzən məndən soruşurlar ki, fanatınla ailə həyatı qurarsanmı? Həyatdır, hər şey ola bilər. Amma bu faktdır ki, oğlanların çoxu məhz müğənni olduğum üçün mənimlə münasibət qurmaq istəyir. Adi qız olsaydım, məni saymazdılar.
 

Yanımda olan insan sənətimi qısqanmamalıdır. Mənimlə mehriban olmalı, səsimi bəyənməlidir. Görüşəndə mütləq onun üçün canlı oxumağımı xahiş etməlidir. Musiqini sevən insan heç vaxt mənə deməz ki, sənətini at. Bu sözü deyən adam mənə hörmət etmir demək. Şəxsiyyət olaraq ayrı, müğənni olaraq ayrı sevməlidir məni.
 

- Özün sevgi etiraf etmisən?

- Əslində qadınların məhəbbət etiraf etmələrinə pis baxmıram. İnsan ürəyində olanları deməlidir. Amma baxır bunu kişi necə qarşılayır. Kişilərin çoxu buna pis baxır. Mən indi hansı kişiyə desəm, "sevirəm, ölürəm sənin dərdindən", bunu o saat pis mənada başa düşəcək. Heç vaxt məhəbbət etiraf etməmişəm. Ümumiyyətlə, "səni sevirəm" kəlməsini tez-tez işlətməyi sevmirəm. Deyə bilərəm, lakin ildə bir dəfə. Bunun üçün an, məqam olmalıdır, hansısa hadisə baş verməlidir. Bu sözü mənim ağzımdan qoparmaq çətindir.
 

- Kişidə hansı xüsusiyyətlər sənin üçün önəmlidir?

- Kişi ilk növbədə kişi olmalıdır. Çoxu yalnız adda kişidir. Kişiliyin arxasında mərdlik, comərdlik, dürüstlük, fədakarlıq, sədaqət, ailəyə bağlılıq var. Çox sevgi, evlilik təklifləri almışam. Amma şübhəm yarandığı üçün yaxın buraxmamışam. Mənim yanımda müasir insan olmalıdır. Bu o demək deyil ki, mentaliteti unutmalıyam. Heç vaxt xarici vətəndaşla nə münasibət, nə də ailə quraram. Mənim sevdiyim, ailə quracağım insan sırf azərbaycanlı olmalıdır. Görünüş mənim üçün vacib deyil. İlk növbədə insan insandan elektrik almalıdır. Var-dövlət, diz çökmək boş şeydir. İdeal insan yoxdur. Mənim də xarakterimdə mənfilər var. Amma həyatımda olan insan məni başa düşməli, anlamalıdır, deməməlidir ki, "sənə deməmişəm belə qısa geyinmə!" Çünki mən özüm bilirəm nə zaman, hara qədər geyinmək lazımdır. Kişi ilə qadın arasında inam və güvən olmalıdır.
 

- Səni sevən insan evlənmək təklif etsə, gözəl yaşayış vəd etsə, lakin qarşılığında sənəti tərk etməyini istəsə, hansı addımı atarsan?

- Düzdür, ailə vacibdir. Ola bilər ki, mənə desin oxuma. Toy, şou proqram, məclislərə getməməyə razılaşaram. Amma mənim də şərtim bu olar ki, radiolarda mahnılarım getsin, disk çıxartdırım. Ümumiyyətlə, sənəti tərk etməyimi istəsə, bilmirəm necə edərəm. Bir ona əminəm ki, musiqisiz yaşaya bilmərəm. 5-10 il keçsə də, mütləq geri dönüb oxuyacam. Hər bir halda, məncə, kişi qadından çox pul qazanmalıdır. Evdə çörək kişinin pulu ilə alınmalıdır. Evdə qadının kişidən çox pul gətirməsi boşanma səbəblərindən biridir. Bu, kişinin qüruruna toxunur.
 

- Son iki klipinin süjet xəttində evli kişiyə aşiq olursan....

- Heç bir qadın belə situasiyaya düşmək istəməz. Amma nədənsə ürəklərinə söz keçirə bilmirlər. Çünki ağılla yox, hisslərlə hərəkət edirlər. Ağılla hərəkət edən qadın qüruruna arxalanır. Evli insanlarla münasibət kinolarda, kitablarda olduğu kimi.ş həyatda da var. Heç kim özünə zəmanət verməsin ki, evli insanı sevməz, görüşməz. Evli kişi də evli və ya subay qadınla görüşə bilər. Belə hallar olub, olacaq da.
 

- Evli insan sənə münasibət təklif edib?

- Çox olub sözsüz ki, ancaq imtina etmişəm. Çünki ağılla hərəkət etmişəm. Belə münasibətlər davamlı olmur. Ailə dağıdanın ailəsi olmaz. Onun da ailəsi var. Mən özümü o xanımın yerinə qoyuram və təsəvvür edirəm ki, mənim həyat yoldaşım başqası ilə görüşür. Bunu Allah götürməz. Ona görə belə münasibətlər uzun sürmür, axırı olmur. İnsanın yanında gərək yaxşı dostları olsun ki, məsləhət versinlər, hisslərə qapılmağa qoymasınlar.
 

- Məsləhətə qulaq asansan?

- Bəli. Mütləq dostlarımla və sevdiyim insanla məsləhətləşirəm. Ailədə və sevgidə kişinin sözü keçməlidir. O, mənim ağlıma güvənsə də, yenə mən onunla məsləhətləşməyi üstün tuturam. Çətinlik çəkən kimi məsləhət alıram.

- Kaprizlərin var?

- Çox kaprizli deyiləm. Amma sevgidə hərdən özüm qəsdən kapriz edirəm. İşdə də kaprizim var: heç kəs mənə mahnı seçə bilməz. Oxuyacağım mahnını özüm seçməliyəm ki, onu dinləyicilərə çatdıra bilim. Mahnını hiss edib, sevməliyəm. Mənə mahnı seçən insanla davaya çıxa bilərəm. Dəliliklərim də çox olub. Hətta evdən qaçmışam. Dəmir barmaqlıqları sındırıb, taksiyə minib hava limanına getmişəm və xarici ölkəyə uçmuşam. Sevgidə də çox dəliyəm. Amma hansı dəliliklər etdiyimi deməyəcəm. Məndən hər an dəlilik gözləmək olar.

- Elçilərin çoxdur?

- Evimizə elçi gələnlər də olub, amma söz göndərənlər daha çoxdur. Bilmişəm ki, bizə elçi gələcək, evdə olmamışam. Əvvəlcədən demişəm ki, "yox" cavabı eşitmək istəmirsinizsə, gəlməyin. Əgər elçilərin içərisində xoşuma gələn, ürəyimcə olan olsaydı, razılaşardım, bəzənib-düzənərdim, çalışardım gözəl görünüm, ən gözəl paltarımı geyinərdim. Əslində lap da gec ailə həyatı qurmaq istəmirəm. Amma yaxın iki ildə ailə həyatı qurmaq haqqında düşünmürəm. Çünki uşaq da arzulayıram, istəyirəm övladım olsun. Sadəcə hazırda yaradıcı işlərim çoxdur. Düzdür, istərdim ki, iki ilə ailə həyatı qurum, lakin bu qismətdir. Qəfil qərar verə bilərəm. Bir də gördünüz ki, bir həftədən sonra Günayın toyudur.
 

- Gələcək ailəni necə təsəvvür edirsən?

- Müasir, sevgi, hörmət, güvən dolu ailə. Mən həyat yoldaşımı sevməkdən öncə çox istəyəcəm və hörmət edəcəm. Çünki çox istəmək sevgidən də vacibdir. İnsan "Səni sevirəm" sözünü hərəkətləri ilə göstərməlidir. İstərdim ki, həyat yoldaşım əsl Azərbaycan kişisi olsun. Məni sevsin, sənətimə hörmət etsin. Elə bir xarakteri olsun ki, məni özünə cəlb etsin. İstərdim gözəl övladlarım olsun. Bunun üçün ataları da gözəl olmalıdır (gülür). Övladlarımı yaxşı böyütməyə çalışacam. Hər zaman bir qız, bir oğlan övlad arzulamışam.
 

- Qayınana-gəlin münasibətləri bütün qızları düşündürən mövzudur. Bu barədə sən nə fikirləşirsən?

- Qayınana ilə yola getməyə nə var ki?! Amma, məncə, ilk dönəmlərdə gənc ailə bir-birinə uyğunlaşmaq üçün tək yaşamalıdır. Çünki çox zaman qayınana ilə gəlinin fikirləri üst-üstə düşmür. Bu da davaya gətirib çıxarır. İnsanlar bir-birini tanımaq üçün əvvəlcə məsafəli davranmalıdırlar. Qayınanaların adını bədnam ediblər. Vallah, o qədər yaxşı qayınanalar var ki. Gəlini ilə qızı kimi davranan çox yaxşı qayınanalar görmüşəm. Sevdiyim insanın yanındayamsa qayınana ilə də, lap daxmada da yaşayaram. Əgər o insanı sevirəmsə, heç vaxt demərəm mən mütləq ayrı evdə yaşamalıyam. Villada, daş-qaş, şan-şöhrət içində tənha həyat mənə lazım deyil.
 

- Səni sevdiyin insandan nə ayıra bilər?

- Heç zaman xəyanətə görə ayrılmaram. Əgər sevirəmsə, bağışlayaram. Amma bu xəyanət daimi olarsa, əsla. Əsas odur mənə yalan danışmasınlar. Yalanı bağışlaya bilmirəm. Üzümə qarşı desə ki, olub da, işdir, sənə xəyanət etmişəm, bağışlayaram. Kişilərin çoxu xəyanət edir. Getsin gizlin etsin, amma mən bilməyim. İnsan bəzən istəmədən də hər hansı pis, çıxılmaz situasiyaya düşə bilər. İlk növbədə onunla söhbət edərəm. Əgər başa düşsəm ki, vəziyyət elə gətirib, xəyanət edib, bağışlayaram. Amma mütləq açıqlama alaram.
 

- Sənin üçün münasibətlərdə keçmiş nə qədər önəmlidir?

- İnsanla münasibət qurmazdan öncə onun əvvəl danışdığı, görüşdüyü insan haqqında, necə tanış olmaları və ayrılıq səbəblərin öyrənmək lazımdır. Keçmiş maraqlıdır. Amma keçmişi keçmişdə qoyub gələcəklə yaşmaq lazımdır. Kim desə keçmiş maraqlı deyil, yalandır. Mən həyatımda olan insanın keçmişini eşələmirəm. Amma bilmək maraqlı olar. Hətta məndən əvvəl görüşdüyü qız haqqında öyrənmək istəyərəm. Lap qarşı tərəf də mənim keçmişimlə maraqlansın. Bunu pis tərəfə yozmaram. Amma başqalarından yox, özümdən soruşsun.
 

- Telefonda sevdiyinin insanın adını necə qeyd edirsən?

- Bunu desəm artıq hamının diqqəti mənim telefonumda olacaq (gülür). Çox nümayişkaranə foramda təqdim etməyi, "ömrüm, həyatım, aşkım" yazmağı sevmirəm.

- Sevdiyin insana ən çox hansı sözlə müraciət edirsən?

- Desəm hamıya aid olar. Bunu ancaq bir insan bilməlidir. Amma "hardasan?" sözünü tez-tez işlədirəm. Bu da vərdişdir.
 

- Sənə indiyədək edilən maraqlı evlilik təklifi hansı olub?

- Heç biri (gülür). Maraqlı evlilik təklifi almamışam, hamısı standart olub, ya üzümə deyiblər, ya sms-lə yazıblar. Zarafatla evlilik təklif edənlər də olub. Özünü elə aparıb ki, guya zarafatla edir, amma mən bilmişəm ki, ciddidir, sadəcə reaksiyamı yoxlayır. Heç tanımadığım insan qəfil qarşıma çıxıb və evlilik təklif edib. Əslində mən çox sadə bir evlilik təklifi gözləyirəm. Sevdiyim insan adi bir gündə otursun qarşımda və desin ki, "Günay, mən həyatımın qalan hissəsini səninlə bölüşmək istəyirəm". Lap üzük də almasın. Bu, mənim üçün ən gözəl evlilik təklifi olar.