Elarizin Tovuz-Kürdəmir söhbəti, İradənin doğmaq üsulu, Nadirin bir günlük vəzifəsi və… HƏFTƏBECƏR

Day.Az представляет новость на азербайджанском языке:

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (42-ci say) təqdim edir.
 

Xəbərlərə keçməzdən öncə ötən həftə diqqətimi çəkən bir şərh barədə fikirlərim var. Oxuculardan biri yazmışdı ki, yazının duzunu, istiotunu çox eləyin. Nəysə, birdən yadıma tələbəlikdə tez-tez yolumuzu saldığımız dönərxana düşdü. Qeyri-ixtiyarı olaraq beynimdən belə bir sual keçdi: mayonezi də bol olsun?

Zarafat bir yana, amma elə bu layihənin duzu da, istiotu da, dadı da oxucular və onların yazdığı şərhlərdir.
 

Yəqin razılaşarsınız ki, ötən həftənin ən çox oxunan və maraq doğuran xəbərlərindən ikisi Elza Seyidcahanla bağlıdır. Birincisi, gözünüz aydın olsun, Seyidcahan deputatlığa verəcək namizədliyini. İkincisi də, sənətçinin ailəsində xeyir iş olub. Qızı Gülşən ailə qurub. Xoşbəxt olsun! Doğrusu, sosial şəbəkələrdə, saytlarda şəkillərə baxanda əvvəlcə elə bildim ki, ərə gedən Elza Seyidcahan özüdür. Sonra bir də baxdım ki, yox e... Adam var idi ki, toydan 42 şəkil çəkdirib, onun 39-da Elza xanım var, biri restoranın fasadının şəklidir, qalan iki foto da selfiefason bir şey. Adam bilmir ki, ərə gedən kimdir.

Toyla bağlı diqqətimi çəkən başqa bir məqam sənətçinin qızının toyunda elədiyi rəqs idi. Əslində, rəqs etməkdə qəribə bir şey yoxdur. Məsələ burasındadır ki, Elza xanım qızının atasıyla, yəni keçmiş həyat yoldaşıyla oynayıb:

"Övladımın atasıdır. Məclisdə ancaq qohumlar, bizə yaxın olan insanlar iştirak edib. Mənim borcum idi ki, qızımın xoş günündə atasını da çağırım. Gəldi, xeyir-dua verdi. Allah onun canını sağ etsin".

Bu xəbəri şərh etməyəcəm. Bircə onu deyə bilərəm ki, yer kürəsində formallığı sevən, "camaat nə deyər" prinsipi ilə hərəkət edən üç millət varsa, onun üçü də bizik.
 

Mən deyəndə ki, türklərdən (Türkiyə türkləri) bizim millətin xanımlarına ər olmaz, biri deyir ki, istisnalar həmişə var, o biri qayıdır ki, meşə çaqqalsız olmaz, o biri zoopark açır, bu biri üstümə hücum edir. Ay kişi olmaz da, olmaz. Oxuyun biləcəksiniz... Model Minarə Allahverdiyeva ilə türkiyəli prodüser Cenk İçtenlə boşanmış kimidilər. Model deyib ki, 9 aydır bir-birlərini görmürlər. Guya iş güc çox olub, ər Türkiyədə, arvad da burada qalıb neçə aylardır. Ardınca da deyib ki, ayrılmamışıq, hər şey yaxşıdır, danışırıq. Sizə inandırıcı gəldi? Mənə yox.
 

Müğənni İradə İbrahimova sosial şəbəkədə bir "sanballı" sual verib. İndi bilmirəm o yazdıqlarını olduğu kimi sizə çatdırım, yoxsa şərh edə-edə deyim? Sitata keçməzdən əvvəl deyim ki, aranızda ginekoloq varsa, daha diqqətlə oxusun: "Gördüyünüz kimi oturduğum yerdə yatıram. Çox şükür bir şey qalmadı, yolun sonuna yaxınlaşıram. Övlad üçün hər şey fəda olsun. Xanımlardan məsləhət almaq istəyirəm. Aranızda süni sancı ilə övladını dünyaya gətirən var? Oğlumun kilosu, boy ölçüsü 2 həftə öndə getdiyi üçün həkim uşağı tez, 38-39 həftə arasında süni sancı ilə dünyaya gətirməyimi məsləhət görür. Əlbəttə ki, əgər o vaxta qədər təbii yolla özü gəlməsə. İpək 4 kiloqram 200 qram doğulmuşdu. Gözüm qorxub. Bu da oğlandır, 5 kiloqram olar deyə, qorxuram. Bəziləri süni sancı zərərlidir deyir. Həkim isə heç bir zərəri olmadığını söyləyir. Arada qalmışam. Bir də yeni doğulan uşağa sünnət etdirmək doğrudur? İstəyirəm ki, doğulandan 2 gün sonra sünnət olsun".

Sizin işə bir baxın. Adam həkimə inanmır, sosial şəbəkədə camaatdan məsləhət istəyir ki, necə doğum? Bax bu 2015-ci ilin yeniliyidir ha, gələn il belə şey olmayacaq.
 

Nadir Qafarzadəni də gül kimi vəzifəyə qoymuşdular, yazığın arzusu gözündə qaldı. Daha doğrusu, camaat Leyla Ramazanlının Suraxanıdakı mədəniyyət sarayının direktoru olması xəbərinin şokundan ayılmamış, Qafarzadə söhbəti ortalığı qarışdırdı. Kişi çıxıb mətbuata deyib ki, məni Abşeron rayonu Qobu qəsəbəsində mədəniyyət sarayına direktor qoyublar. Rayonun mədəniyyət və turizm şöbəsinin müdiri İlham Manafov da söhbəti təkzib edib. Deyib ki, heç kimi heç yerə qoymamışıq, qoymaq da fikrimiz yoxdur. Əgər kimisə harasa qoymaq fikrimiz olsa, birinci Qobu camaatı biləcək, sonra jurnalistlər xəbər tutacaq ki, bəli, filankəsi filan yerə qoydular. Toba nəfəsim kəsildi. Bu nə qoyhaqoy idi ə?
 

Axırda sizə çoxdandır yazmadığım bir şou-lətifəni təqdim edirəm. Deməli, Elarizin əli aşağı olur. Düşünür ki, nə işləyim, haradan qazanım? Axırda qərara gəlir ki, rayonlararası avtobusların birində işə başlasın. Nəysə bəxtinə Tovuz avtobusu düşür. Elə birinci iş günündə Bakıdan çıxhaçıxda arxadan yaşlı bir qadın əsə-əsə gəlir ki, dərdin alem, Kürdəmirə çatanda maa deyərsən. Elariz deyir ki, oldu nənəcan, keçin əyləşin, mütləq deyəcəyəm. Bildiyiniz kimi rayon avtobusları da adətən Kürdəmirdə saxlayır. Nəysə, iş elə gətirir ki, bu dəfə Ucarda dayanası olurlar. Elarizin də yadından çıxır nənəyə Kürdəmirdən keçəndə desin. Gəlib Tovuza çatanda nənə deyir ki, a bala Kürdəmirə çatdıqmı? Arvad da heç yeri düz-əməlli tanımırmış. Elarizin yadına düşür ki, Kürdəmirdə qadına xatırlatma eləməliydi. Uzun sözü qısası, deyir ki, narahat olmayın, indi çatırıq. Camaatı düşürdüb, avtobusun üzünü çevirir geriyə və nənəni Kürdəmirə kimi gətirir. Deyir ki, nənəcan, buyurun, bu da Kürdəmir, düşə bilərsiniz. Sizin xatirinizə avtobusu Tovuzdan Kürdəmirə kimi boş sürmüşəm. Arvad deyir ki, bala, mən elə Tovuzda düşməliydim e, intəhası evdən çıxanda uşaqlar dərman vermişdilər ki, Kürdəmirə çatanda bunun birini atarsan. Di sür gedək Tovuza...