Müğənnilərimiz xarici ulduzlarla niyə oxumur?

Day.Az представляет новость на азербайджанском языке

Bu, onların tanınması ilə yanaşı, milli musiqimizin də təbliği olardı

Şou-biznes daimi olaraq yenilik tələb edir, desək yəqin ki, yanılmarıq. Peşəkar sənət əhli hesab edir ki, tanınmağın ən sağlam yolu yaradıcılıqda yeniliklər etmək, ona fərqlilik qatmaqdır. Kimisi bunu soyunmaq, sponsor tapmaq kimi qəbul etsə də, sənətin dərinliyinə varan, onu olduğu kimi qəbul edən ifaçılar dəyişiklik dedikdə başqa nüansları nəzərdə tuturlar. Belə ki, onlar xarici ifaçılara müraciət edir, başqa ölkələrin müğənniləri ilə bir araya gələrək iş birliyinə başlayırlar. Bir sözlə, ortalığa iş qoyurlar. 

Bu minvalla hər iki ölkə arasında mədəniyyət körpüsü də yaranır, azdan-çoxdan o ölkədə bizim ifaçılarımız tanınır. Azərbaycanın tanınmış ifaçıları da xarici sənət əhlinə müraciət edərək yaddaşlarda qalmağı bacarıblar. Belə ki, Sevda Ələkbərzadə, Aygün Kazımova, Röya Ayxan, İlhamə Qasımova, Tünzalə Ağayeva, Faiq Ağayev, Roza Zərgərli, Alim Qasımov və başqa sənətçilər var ki, onlar xarici ifaçılarla birlikdə çalışaraq maraqlı ifaları ilə yaddaşlarda qalıblar. Amma bu da var ki, xarici sənətçilərlə iş birliyi dedikdə, bəzi ifaçılar güman edirlər ki, qardaş Türkiyənin hər hansı tanınmamış, səsi yalnız kafe və barlardan eşidilən ifaçılarıyla oxumaqla dünya arenasında öz imzalarını qoyurlar... 

Məsələ ilə bağlı sənət əhli ilə söhbət etdik. Onların xarici şou əhli ilə fəaliyyətlərinin hansı vəziyyətdə olduğunu xəbər aldıq. Kimisi xaricilərlə işləməyin çətin olduğunu, kimisi də iki mədəniyyəti bir araya gətirməkdən, milli musiqimizi digər ölkənin ifaçısının sayəsində tanıtmaqdan böyük zövq aldığını bildirdi. 

Bacarmadığım işə əl atmaram

Xalq artisti Gülyanaq Məmmədova bizimlə söhbətində xarici müğənni ilə mahnı ifa etmək istədiyini, ancaq bunu necə edəcəyini bilmədiyini qeyd etdi: "Açığı, hələ ki hər hansı xarici ifaçıdan heç bir təklif almammışam. Amma fərqlilik baxımından hər bir ifaçı bu üsuldan istifadə etməlidir. Ən azından mühitini dəyişib, tamaşaçılarının könlünü oxşamaq üçün hər bir ifaçı üçün bu vacibdir. Bilirsinizmi, istəməklə də iş bitmir. Gərək o ifaçı ilə mənim səs diapazonum uyğun gəlsin. Bir dəfə fərqlilik etmək istədim, məndə xarici mahnılara həvəs yarandı. Mən də gənc ifaçı Nurxan Quliyevə müraciət etdim. Biz onunla birlikdə "Can not help falling in love" duetini ifa etdik. Xalq artisti Samir Cəfərovla birlikdə Celine Dion obrazını canlandırmışdım. Onunla birlikdə "Titanik" filmindəki məşhur mahnını - "My heart"-ı oxuduq. Bunları sadalamaqda məqsədim odur ki, həmin mahnıları həvəsim olub ki, oxumuşam. Bəlkə də risk etsəm oxuyaram. Sinəmə döyə bilmərəm ki, mən qəhrəmanam. Bilirsiniz ki, mən muğam ifaçısıyam, hər ifaçı bu kimi işlərə əl atmır. Gərək səsinə də düşə ki, oxuya biləsən. Mən heç zaman bacarmadığım işə əl atmaram. Amma istəyərəm ki, hansısa ulduzla duetim olsun. Niyə də olmasın? Bəlkə də Allah qismət elədi, oxudum". 

Onlar peşəkar işin tərəfdarıdırlar

Xalq artisti Tünzalə Ağayeva isə "Kaspi"-yə açıqlamasında yaxın zaman ərzində Avropada bir neçə ifaçıyla layihələr edəcəyini dedi: "Bilirsiniz ki, mən hər hansı layihəni həyata keçirməyincə, onun haqqında danışmağı xoşlamıram. Hər zaman Qərb mədəniyyəti ilə bizim mədəniyyətin qovuşması - istər instrumental, istərsə də vokal ifa - mənə çox maraqlı olub. İfaçı olduğum üçün digər ölkələrin mədəniyyəti, musiqi tərzi hər zaman mənim diqqət mərkəzimdə olub. Mənim əcnəbi ifaçı ilə ən uğurlu layihələrim Kelli Coys ilə "Bakı-2015" Avropa Oyunları ərəfəsində "Bakımın üzü gülür" layihəsi oldu. Kelli əslində fransız müğənnisidir. Özü İtaliyada yaşayır. Çox tanınmış arinbi-pop ifaçısıdır. O, hətta mənimlə birlikdə mahnının nəqarət hissəsini Azərbaycan dilində oxudu. İnanıram ki, digər ölkələrin maraqlı ifaçıları ilə duetlərimiz olacaq. Niyə də olmasın? Hesab edirəm ki, bu bir növ təbliğatdır. Bir neçə mədəniyyətin bir araya gəlməsi bir-birimizi daha yaxından tanımağımız deməkdir".

Xalq artistindən əcnəbi ifaçıların kaprizləri ilə bağlı da soruşduq: "Əgər Beyonce ilə gedib duet oxusam, təbii ki, onun öz kaprizləri, tələbləri olacaq. Bu tip ifaçılarla razılaşmağa gələndə özündən qabaq tələbləri gəlir (gülür). İfaçı nə dərəcədə dünya bazarında tanınıbsa, oradan da irəli gələrək kaprizləri irəli sürülür. Misal üçün, Kelli ilə çalışmamızda o məndən soruşurdu ki, hansı diapazonda, hansı tembrlərdə oxumalıdır. Xarici ifaçıların demək olar ki, əksəriyyətini tanıyıram. Onların çoxu elə də kaprizli deyil. Avropalılarla daha çox ünsiyyətdə olduğum üçün görürəm ki, onlar peşəkar işin tərəfdarıdırlar. İki peşəkar insan görüşəndə daha çox işimizin haqqında danışırıq. Hansısa bir ifaçının oxu tərzini də pozmaq düzgün deyil. Ortaq bir məxrəcə gəlirik. Misal üçün, Kelli afrikalıdır və mənim mədəniyyətim onun üçün bir yenilikdir, o bizim boğazları, mənim yazdığım musiqiləri birə-bir ifa edə bilməz. Onun marağı ondadır ki, o öz üslubu ilə oxusun. Ona görə qarşılıqlı razılaşma olmalıdır".

T.Ağayeva yerli ifaçıların da kaprzilərinin olduğunu dedi: "Bəzən bizim havaya girən ifaçılarımız da olur. Baxmayaraq ki, onların auditoriyaları çox kiçikdir. Amma artıq özlərini ulduz hesab edirlər. Hər kəs bir cür fərqlənir. Hər millətin öz mentaliteti, davranış xasiyyəti var. Məsələn, italyanlar bir başqa cür olurlar. Onların elə xüsusiyyətləri var ki, sanki Hollivud ulduzlarıdır. Kelli isə inanılmaz sadə və səmimi insandır". 

Layiqli bir şey olsa, qəbul edərəm

Xalq artisti Mənsum İbrahimov mütəmadi olaraq beynəlxalq layihələrdə iştirak edir. Onun sözlərinə görə, 2007-ci ildən başlayaraq "Sinfomuğam" layihəsi ilə ölkəmizi dünyada təbliğ edir: "Artıq bir neçə ildir ki, 15 ölkənin simfonik orkestri ilə dünyanın tanınmış ölkələrində özümüzü təqdim edirik. Biz orada Fikrət Əmirovun "Şur" simfonik muğamı, Vasif Adıgözəlovun "Segah" və "Qarabağ şikəstəsi"ni ifa etmişik. Sonuncu dəfə Latviyada, Riqada "Liyeta" simfonik orkestrinin müşayiəti ilə həmin mahnılar lentə alınıb. Yaxın zamanlarda Avropa ölkələrində yayılacaq".

M.İbrahimov onu da bildirdi ki, hər hansı bir xarici ifaçı ilə bir səhnəni paylaşmağı özünə şərəf bilir: "Əgər layiqli bir şey olsa, qəbul edərəm. Mən hər zaman yeniliyin, inkişafın tərəfdarı olmuşam. Ancaq inkişaf xatirinə deyil, ortaya bir iş qoyanda nəticəsi olsun. Misal üçün, Siyavuş Kərimi Latın Amerika musiqiçiləri ilə sintez şəkildə konsertlər vermişdi. Bunun ölkəmizin tanınması yolunda əvəzsiz rolu olmuşdu. Hətta onların Bakıdakı konsertində mən də çıxış etmişdim. İfamda "Adı gözəl yar" mahnımla birlikdə xarici musiqini sintez edib oxumuşdum. Çox da maraqlı alınmışdı".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

kaspi