Azərbaycanlı model: "Seriala çəkilmək üçün rejissorla "xoş münasibət" qurmalısan"

Day.Az представляет новость на азербайджанском языке

Model-aktrisa Aysel Fətəliyevailə söhbətə başlayanda onun olduğundan da səmimi olmağı heç ağlımıza gəlməzdi. Amma söhbət zamanı onun necə səmimi və cəsarətli olduğu məlum oldu. 

big.az həmin müsahibəni sizə təqdim edir.

- Aysel xanım, bir neçə müddət bundan öncə siz sənətə vurğun olduğunuzu deyirdiniz. Hərçənd ki, bu peşədə çox neqativ halların olduğunu özünüz vurğulamışdınız. İndi necə? Fikriniz dəyişməyib ki?

- İnandırım sizi ki, əvvəlki fikirlərimlə indiki fikirlərim arasında dağlar qədər fərq var. İndi sənətdən iyrənmişəm desəm, yalan olmaz. 

- İnsanın yaşı artdıqca kamilləşir. Fikirlərinizin dəyişməsi bəlkə də ondan irəli gəlir. Ümumiyyətlə, tez-tez fikirlər, suallar "arasında" qalırsınız?

- Bəli, mənim fikirlərim tez-tez "şaxələnir". Hərdən heç özüm də bilmirəm ki, nə istəyirəm (gülür).

- Qayıdaq bayaqkı suala... Sizdə sənətə qarşı belə ikrah hissi yaradan nə oldu ki?

- Gördüyüm "iyrəncliklər". Bilirsiniz, rejissorların hərəkətlərini gördükcə öz-özlüyümdə qərar verdim ki, başımı götürüm, çəkilim dayanım kənarda.

- Hansı hərəkətləri?

- İndi Azərbaycanda seriala çəkilmək üçün, baş rol almaq üçün hansısa rejissorla "xoş münasibət" qurmalısan. 

- Bunu bütün rejissorlara şamil edirsiniz?

- Xeyr, təxminən əlli faizinə.

- Bəs aktrisaların bu işdə heç bir günahı yoxdur?

- Var. Elə şəraiti yaradanlar da həmin "aktrisalar"dır. Hansı ki, sənətdən zərrə qədər də anlayışları yoxdur. Küçədən kimi tutdurlarsa, öz mənafeləri üçün seriala çəkirlər. 

- Gözəl danışırsınız, amma bu, böyük bir iddiadır. Fərqindəsinizmi?

- Mən dediyim sözün üstündə dayanmışam və axıra qədər də dayanacağam.

- Nəticə etibarilə, siz demək istəyirsiniz ki, bir aktrisanın qabağa getməsi üçün rejissorun yatağından keçməsi lazımdır?

- Bəli, tamamilə doğrudur.

- Gözəl bir xanımsınız. Sizə də "sponsorluq" etmək istəyən çoxdur, yəqin...

- Kifayət qədər elə adamlar var. Deyiblər ki, Aysel, mənə məxsus ol, sənin həyatda istədiyin hər bir arzunu yerinə yetirək. 

- Razılaşmamısınız?

- Xeyr, qürurum yol verməyib. 

- Maraqlıdır, bəs bir anlıq o qüruru içinizdən atıb, azad yaşamaq keçibmi ürəynizdən?

- İstəmişəm, amma alınmayıb.

- Məncə, siz ruhən azad insansınız, onsuz da...

- Elədir, mən həmişə istəmişəm ki, ruhum azad olsun. Kimsə mənə hansısa qadağanı qoyanda sıxılıram. O insandan uzaqlaşıram.

- Yəqin ki, söhbət əks-cinsin nümayəndələrindən gedir...

- Elə də demək olar. Bir insanla münasibət qururamsa, ondan birinci tələbim və istəyim məni sərbəst buraxmağı olur. Əgər razı olmursa, dərhal münasibəti kəsirəm. 

- İndi münasibətdə olduğunuz insan var?

- Olub... Mən, ümumiyyətlə, sevgisiz yaşaya bilmirəm.

- Sizin özünüzdə necə, qısqanclıq hissi hansı dərəcədədir?

- Mən sevəndə dəli kimi qısqanıram. 

- Sizi qısqanmaqları ilə səhvmi edirlər? Axı siz gözəl və cazibədar bir xanımsınız. İstər-istəməz kişilərin diqqəti sizdə olur. Bu, sizi yormur ki?

- Əslində, kişilərin mənə baxmağından zövq alıram, amma bəzən bundan yoruluram, bezirəm. O ki qaldı qısqanmaqla düz edib-etməməklərinə, bəlkə də özlərinə görə haqlıdırlar, amma yenə də deyirəm ki, mən öz ruhumu azad buraxmışam. Heç kim mənin azadlığımı əlimdən ala bilməz. 

- "Seksual aktrisa" ləqəbini götürərsiniz?

- Xoşum gəlmir o addan (gülür).

- Bəs evlənmək barəsində nə vaxt düşünəcəksiniz?

- Evdə hər gün deyirlər ki, bu qədər bəsdir, ailə qur!

- Siz istəmirsiniz?

- İstəyirəm, hər bir xanım kimi mən də ana olmaq istəyirəm. 

- Yalnız ana olmaq üçün ərə getmək fikriniz var?

- Düşünürəm ki, məni başa düşən insan olsa, evliliyim axıra qədər davam edəcək. Amma mənimlə bir az çətindir (gülür). Mən fərqi insanam axı...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.