"Bəyaz kimdir ki, bizim müğənnilərlə elə rəftar edir"

Day.Az представляет интервью на азербайджанском языке.

Milli.Az lent.az-a istinadən İzzət Bağırzadənin müsahibəsini təqdim edir.
 
- Söhbətimizə ilk öncə müğənniyə veriləcək ənənəvi sualdan başlayaq. Yaradıcılığınızda nə yenilik var?
 
- Yeni mahnılar yazdırmışam. Amma bu il ağzıdolusu deyə bilərəm ki, Azərbaycanda məndən çox işləyən müğənni olmadı. Çünki 4-5 klip çəkdirdim, 18 mahnıdan ibarət "Ey dost" adlı albomum işıq üzü gördü və nəhayət "Yaşıl teatr"da möhtəşəm konsert verdim. Demək olar ki, fasiləsiz işlədim. Bundan başqa ifa etdiyim "Bəs mən indi neyləyim?" adlı mahnımı Türkiyənin tanınmış müğənnisi Nilufər oxudu. Mahnının bəstəkarı Gövhər Həsənzadədir. Həmin mahnını mən illərdir oxuyurdum. Nilufər də bu mahnını mənim ifamda eşidib, bəyənib. Hər zaman deyirlər ki, İzzət türk müğənnilərin mahnılarını oxuyur. Amma indi gördünüz ki, onlar da mənim mahnılarımı oxuyur. Özü də Türkiyənin elə-belə sənətçisi yox, Nilufər. Bu, ilk deyil. Bundan öncə "Yaraman yar" adlı mahnıma da türkiyəli müğənni oxumuşdu.
 
- Bu qədər iş gördüyünüzü söylədiniz. Bəhrəsini görürsünüzmü?
 
- Son dövrdə etdiyim bütün işlərim səs-küyə səbəb oldu. Əslində mətbuat işçilərinə minnətdaram ki, konsertimi gözəl işıqlandırdılar. Hətta həmin gecədə olan xırda problemlərə də göz yumdular. Bu, mənə olan hörmət idi. Konsertdən sonra gözəl şeylər yazdılar.
 
- Şou-biznes sahəsində sizi narahat edən nəsə varmı?
 
- Açığı, mən bu sənətdə elədiyimi eləmişəm. Mahnılardırsa, mahnılarım olub, kliplərdirsə, kliplərim olub. Hətta o vaxt mən Dubayda klip çəkdirəndə, Bakıdan heç kimsə ora gedib klip çəkdirmirdi. İlk dəfə mən çəkdirmişəm. 100-ə yaxın klipim var. Şou-biznesdə bir çox şeylər ürəyimcə deyil. Məsələn dünən və ya bu gün sənətə gələn uşaqlar var, adamın yanında elə danışır ki... Bu qədər də olmaz axı. İyirmi altı il ərzində elədiklərimi danışmıram, amma onların saymamazlığını görəndə əsəbiləşirəm. Mən hər zaman özümdən böyüklərə hörmət edirəm. Hərdən haqsızlıqlar olur, həmin zamanlarda özüm-özümlə küsürəm, sonra barışıram. Çünki bu yaşdan sonra gedib başqa işlə məşğul olası deyiləm axı. Bir sözlə bu gün çox haqsızlıqlar var. Hansını deyim ki? Saysam, gərək kiminsə adını çəkim. Bu da mənə düşməz.
 
- Bir çox tanınmış müğənnilər gənc ifaçılarla eyni verilişdə iştirak etmək istəmir. Sizdə o cür kaprizlər var?
 
- Əslində tanınmış müğənnilər düz edirlər. Mən bu günə qədər belə etməmişəm. Amma bəzi gənc müğənnilərlə eyni verilişdə qonaq olmaq lazım deyil. Çünki həmin gənc müğənni gəlib adamın yanında özünü reklam edir, yekə-yekə danışır, başlarından böyük qələtlər edir. Əslində bu günə qədər seçim etməmişəm, amma yaxşı yadıma saldınız, bu gündən sonra verilişlərə gedəndə seçim edəcəyəm. Hərdən elə olub ki, bəzi müğənnilərlə eyni verilişdə olmuşam, proqram bitəndən sonra dostlar mənə deyiblər ki, niyə onunla eyni verilişdə idin? Yəni o kim, sən kim. Bu günə qədər məni efirlərə çağıranda yalnız mövzunu soruşmuşam, amma bu gündən sonra qonağı da soruşacağam. 
 
- Şou-biznesin hazırkı durumuna uyğun olaraq indi müğənni olmaq istəyən şəxsin nəyi olmalıdır?
 
- Mən müğənniliyə başlayan dövrdə səs lazım idi. Amma indi səs yox, ilk növbədə pul lazımdır. Maddi imkan lazımdır ki, yaxşı reklam olunasan. Bizim vaxtımızda ifaçılığa başlayanları "sms" yox, jüri seçirdi. İndi vəziyyət başqadır. Məsələn, mən bu sənətə "7/17" müsabiqəsindən başlayanda Məmmədbağır Bağırzadə, Əlibaba Məmmədov, Arif Babayev, İslam Rzayev, Ramiz Mirişli, Habil Əliyev münsiflər kürsüsündə əyləşmişdi. Amma indi bəzi müsabiqələrdə elə jüri oturub ki, onların özlərini öyrədən lazımdı. Yəni həmin münsifin musiqidən anlayışı yoxdur, kiminsə adamıdır, tapşırtdırıb, oturub kürsüdə. Oturmağı bir yana, kiminsə tələbəsinə deyir ki, elə yox, belə oxumaq lazımdır. 
 
- Şou-biznesdə tanınmaq qadın, yoxsa kişi üçün asandır?
 
- Kişi üçün çətindir. Amma bu söz bütün qadın ifaçılara aid deyil. Elələri var ki, onlar üçün də çətindir. Çünki yalnız öz səsləri, sənətləri ilə tanınırlar. Sponsorlarla yox. Birdə görürsən ki, sənətə təzə gələn qızdır, heç səsinə ehtiyac duyulmur, sponsor tapır, qabağa gedir. Amma bu da müvəqqətidir. Səs olmayandan sonra nə qədər iş görsələr, xeyri yoxdur. Mən 26, Faiq Ağayev 27, Aygün Kazımova 30, Nadir Qafarzadə 20 ilə yaxındır ki, bu sənətdəyik. Hərəmiz öz ifalarımızla yadda qalmışıq. Amma sənətə təzə gələn, səsi olmayanlar isə uzağı 5 il tanınır. 
 
- Olubmu ki, hansısa həmkarınız gündəmdə qalmaq üçün sizə süni qalmaqal təklif etsin?
 
- Yox, heç zaman olmayıb. Çünki mən daim öz sənətimlə sözümü demişəm. İllərdir ki, sənətdə İzzət Bağırov yerini qoruyub, saxlamışam. Əgər Allah bir insanı zirvəyə qoyubsa, onu o zirvədən heç kəs aşağı sala bilməz. Ya da əksinə. Allah kiməsə zirvəni nəsib etməyibsə, min dənə də adam yığışsa, xeyri yoxdur. Allah istəməsə, mümkün olası iş deyil. 
 
- Müğənni Zamiq açıqlama verib ki, qarınlı müğənnilər efirə çıxmasınlar. Onun fikirlərinə münasibətiniz?
 
- Zamiq düz deyir. Səhv deyir ki? Zamiq özü simpatik, səhnəyə yaraşan oğlandır. Özü də yaxşı oxuyandır. Xətrini çox istəyirəm, həmişə ona dəstəyəm. Çünki böyük-kiçik yerini bilən insandır. Hər zaman məni görəndə elə görüşür ki, mən xəcalət çəkirəm. Yəni insan insana bu qədər hörmət edər?! Efirə çıxan insan ümumiyyətlə formasına fikir verməlidir. Faiq Ağayevə baxın, heç kökəlib? Yox. Elə müğənni var ki, axşamlar kababdan yeyir, araqdan içir, sonra da efirə çıxır. Kök müğənni olar? Müğənnin efir ölçüsü olmalıdır. Efir də insanı 8 kilo kök göstərir. Ona görə formada olmaq lazımdır. Bir də görürsən ki, müğənnin 20 yaşı var, fil boydadır, qarın buraxıb. Belə müğənni olmaz axı. 
 
- "Hər şey daxil" verilişində aparıcı sizə sual verdi ki, müğənni Sevda Sanaliyeva ilə sevgili olmusunuz...
 
- (Sözümü yarımçıq kəsir) Aparıcı o sualı mənə ünvanlayır, amma dərinliyinə varmır. Bu sualı vermədən öncə fikirləşmək lazım idi. Dedilər, belə bir şey eşitmişik ki, sən vaxtı ilə Sevdaya qadağalar qoymusan. Başa düşə bilmirəm ki, mən Sevdanın nəyiyəm ki, ona qadağa da qoyum? Sevdaya dost kimi məsləhət verə bilərəm. Sadəcə, o vaxt Sevdaya demişdim ki, rəqqasəlikdənsə, oxusan daha yaxşıdır. Bir dost məsləhəti etdim. O da o məsləhəti müsbət qarşıladı və rəqqasəliyi atdı. Düşünürəm ki, Sevda kimi müğənnilər oxumalıdır. İndiki dövrdə səsi olanlar çəkilib kənara, səsi olmayanlar at oynadır. 
 
- Bir çox həmkarlarınız şou-biznesin yaxşı vəziyyətə gəlməsi üçün televiziyalarda senzuraların vacibliyini vurğulayır. Sizcə senzura lazımdırmı?
 
- Bəli, lazımdır. O vaxt senzura var idi. İndiki "kitayski" oxuyanlar, tanınanlar əvvəlki dövrlərdə oxuya bilməzdi. Hazırki vəziyyət başqa cürdür. Studiyada mahnını xaric oxuyurlar, sonra texnika ilə düzəldib, eləyirlər normal bir mahnı. Amma o vaxtlar mahnını bir dəfəyə yazdırırdıq. İndi müğənnilərin 60 %-i oxuya bilmir.  
 
- Keçək şəxsi həyatınıza. Sual şablon olsa da bilmək istərdim ki, övladlarınızın gələcəkdə müğənni olmasını istərdinizmi?
 
- Oğlanlarımın müğənni olmasına icazə verməyəcəm. İstəmirəm. Çalışacam, mübarizə aparacam ki, oğlanlarım mənim yolumu davam etdirməsin. Mən bu fikirləri bəzi yerlərdə söyləyəndə mənə deyirlər, özün müğənni deyilsən ki? Nə olsun ki, müğənniyəm? İfaçıyam deyə, oğlum da ifaçı olmalıdır? Övlad var ki, istedadı olsa da atasının sözünə qulaq asır. Məsələn, Cavanşir Məmmədovun oğlu Xəqani də qarmon ifaçısı idi. O, Atasının sözünə qulaq asıb, başqa sahəyə keçdi. Maşallah bu gün yaxşı vəzifədə çalışır. Ümumiyyətlə, övlad atasının sözünü eşitməlidir.
 
- Şəxsi həyatınızın mediada müzakirə olunmasına qarşı çıxmısınız. 
 
- Bilirsiniz, şəxsi həyat elə şəxsi qalmalıdır. Bu gün də bilmirlər ki, mənim neçə uşağım var, qızdı, yoxsa oğlandır. Amma mənim üç övladım var. İkisi əkizdir. Bir neçə gün öncə əkizlərimin 4 yaşı oldu. Keçən ay da böyük oğlum Əlinin isə 6 yaşı oldu. Birinci sinfə gedir. Hər gün övladlarımla özüm ciddi məşğul oluram. İstəyərdim ki, gələcəkdə yaxşı həkim olsunlar. Çünki hazırda bizim yaxşı həkimlərə çox ehtiyacımız var.

- Bir çox müğənnilərimiz Türkiyə şou-biznesinə meyl edir. Bəs siz necə?
 
- Siz baxın, görün bizim müğənnilər Türkiyədə efirə çıxanda nə hala qalırlar. Bizimkilərin də işi odur ki, ancaq Türkiyəyə qaçsın. Amma bilmirlər ki, Türkiyədə bizim müğənnilərə dəyər verməyəcəklər. Mənə Türkiyə şou-biznesinə qatılmaq təklifi 4-5 il bundan qabaq gəlmişdi. O vaxtlarda da Azərbaycandan yalnız Azəri Günel Türkiyədə fəaliyyət göstərirdi. Həmin vaxt bir iş adamı olan qadın təklif göndərdi. Həmin qadının özü gəldi Bakıya, qonağım oldu, danışdıq, razılaşdıq. Razılaşandan sonra getdi Türkiyəyə, bir həftədən sonra da mənə zəng elədi ki, gəl. Mən də o zamanlar prodüser Anar Mədətovla işləyirdim. Anarla ikimiz getdik Türkiyəyə, bizi aeroportda gözəl qarşıladılar, daha sonra bizi dəniz kənarında olan bir otelə yerləşdirdilər. Həmin gün də axşam arxamızca maşın göndərdi.  Axşam da "Kral" TV-də qonaq oldum. Verilişdə 3 türkiyəli müğənni qonaq idi, bir də mən. Məni Azərbaycanının İbrahim Tatlısəsi kimi təqdim etdilər. Özüm də dəhşətə gəlmişdim ki, bunlar nə edirlər? Saat yarım efirdə qonaq oldum, 4 mahnı oxudum və veriliş də mənim  üzərimdə qurulmuşdu. Sabahı gün isə "Fox" Tv-də Pınar Dilşəkərin verilişində türkiyəli müğənni Hakan Pekerlə qonaq oldum. Orada da məni Azərbaycanın İbrahim Tatlısəsi kimi qarşıladılar. Aparıcı da  elə danışırdı ki, elə bil, 20 ildir ki, məni tanıyır.
 
- Bizim bəzi müğənnilərimiz iddia edirlər ki, Türkiyədə tanıyırlar. Sizcə, bu nə qədər düzgündü?
 
- Adama deyərlər harda tanıyırlar səni? Onlar nə qədər də bizimkilərin üzünə gülsələr də, ən axırda seçim olanda özlərinə dəyər verirlər. 
 
- Müğənni Röya Ayxan bu yaxınlarda "Bəyaz show" verilişinə qonaq oldu. Onun proqramın bitməsinə 10 dəqiqə qalmış efirə çıxması isə birmənalı qarşılanmadı.
 
- Röya Azərbaycanda efirlərə gedəndə özünün qanunlarını deyir. İndi mən istəməzdim ki, Röyanın Türkiyədəki çıxışı barədə artıq nəsə deyim. Çünki onu çox istəyirəm. Konsertim olanda heç bir müğənni mənə təbrik yazmadı, amma Röya yazdı. Düzdür, konsertimdən qabaq Natavan Həbibi, Xatun mənim konsert anonsumu öz səhifələrində paylaşmışdı. Röya bu gün Azərbaycanda ən pik dərəcədə tanınmış, sözünü demiş müğənnidir. Amma "Bəyaz show" verilişindəki çıxışı mənim xoşuma gəlmədi. Bəyaz kimdir ki, bizim müğənnilərlə elə rəftar edir? Bəyazın özünü "Kurtlar Vadisi"ndə Polad ələ salır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.