Incə bədənin sirləri: pəhriz necə tutmalı? - FOTO

Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.

Yüngül geyimlərə keçməyin vaxtıdır. Bəs artıq çəki mane olursa, onda nə edək?

Narahat olmayın, hər şeyi dəyişmək hələ gec deyil.

Kök, ya da kökəlməyə meylli olan insanlar yayın gəlişi ilə bağlı sövqi-təbii olaraq zahiri görünüşləri barədə düşünməyə başlayırlar. Səbəb isə yüngül, nazik geyimlərin bədəndəki qüsurları daha aşkar göstərməsidir.

Və həmin adamların bir çoxu əksər hallarda orqanizmə xeyir vermək əvəzinə zərər verirlər, çünki heç bir mütəxəssis məsləhəti almadan pəhriz tutmağa başlayırlar.

Onlar ac qalır, aylarla dilinə çörək, yağ, ət, vurmurlar. Nəticədə orqanizmin müxtəlif xəstəliklərə tutulma riski artır. Pəhriz nəticə vermədikdə isə stressə düşürlər.

Bəs hansı qidalar insanı zəiflədir? Kökəlməyə səbəb olan ilkin amillər hansılardır? Artıq kalori almamaq üçün qidalanmada hansı məhsullara üstünlük vermək lazımdır? Yeyərək pəhrizi necə saxlamaq olar?

Arıqlamağa kömək edən qidalar hansılardır?

Orqanizmdə qış fəslindən qalan artıq piylər yaya doğru əriməyə başlayır. Gözəl və cazibədar görsənmək istəyənlər üçün kökəlmək əsl kabusa çevrilir. Zəifləmək naminə qidadan üz döndərənlər də olur. Əslində, bu, düzgün deyil. Əsl pəhriz təbii yolla, yeyərək saxlanılır. Burada ən əsas məsələ qida seçiminə diqqət etməkdir. Bəs insanı zəiflədən qidalar hansılardır? Pəhriz saxlayanlar ən çox nələri içməli və yeməlidirlər?

Mütəxəssislər insana toxluq verən qidalara üstünlük verməyi məsləhət görürlər. Məsələn:

Su. İştah azaldan vasitələrdən biri də gündəlik maye qəbulunu artırmaqdır. Yaş və boya görə miqdarı dəyişsə də, orta hesabla hər gün 2-3 litr su içmək iştahanı azaltmaqda sizə kömək edəcək. Bitki çaylarından da istifadə etmək bu hesaba daxildir. Yaşıl çay, darçınlı çay kimi içkilər arıqlamaq istəyənlər və az yeməyi üstün tutanlar üçün yaxşı seçimdir.

Su içmək vacibdir. Suyun super qida kimi qəbul edilməsinin ən əsas səbəbi onun "sıfır kalorili" olmasıdır. Əgər yüksək kalori ehtiva edən içkilərdən istehlak etsəniz bunu tarazlaya bilmək üçün daha az yemək məcburiyyətində qalarsınız. Araşdırmalar göstərir ki, karbohidratları içməkdənsə, yemək daha yaxşıdır. Su bütün orqanizm üçün xüsusi əhəmiyyət daşıyır və günün hər saatında içilə bilər. Adi suyu içməyi xoşlamayanlar içinə təzə meyvə dilimləri atıb bir az gözlədikdən sonra içə bilərlər.

Quru paxla növləri (noxud, mərcimək, lobya, maş), lifli qidalar (kəpəkli taxıl məhsulları, yarma plovu, kəpəkli düyü). Vitamin və zülal baxımından son dərəcə zəngin bir qida olan paxlanın dənələri təzəykən yaşıl, quruyanda qəhvəyidir. Quru paxla təzə paxla ilə müqayisədə daha qidalıdır. Paxla həzmi asanlaşdırır, sidik yollarını təmizləyir. Böyrəklər üçün olduqca faydalıdır. Paxlada nişasta nisbəti yüksək olduğu üçün qandakı şəkər miqdarını artırdığından, şəkərli diabet xəstələrinə tövsiyə edilmir.

Quru paxlalıların tərkibində liflər olduğuna görə, özünüzü tox hiss etmənizi təmin edir. 1,5 stəkan quru maş lobyada təxminən 8 qram lif, 7 qram zülal və təxminən 110 kalori var. Paxlalıları yemək kimi qaynadıb, salat və şorbaların içinə də əlavə etmək olar.

Qatıq. Yağsız qatığın tərkibində olan kalsiumun zəiflədici təsirə malik olduğu təcrübələrlə sübut edilmişdir. Təcrübələrin birində gündə 3 boşqab yüksək kalsiumlu və yağsız qatıq istehlak edən kök fərdlər, aşağı kalsium və yağlı qatıq yeyən kök fərdlərlə müqayisədə yüzdə 22 daha çox kilo və yüzdə 61 daha çox bədən yağı itirmişdir. Buradan alınan ən təsiredici nəticə isə yüksək kalsiumlu və yağsız qatıq yeyənlərin yüzdə 81 daha çox qarın bölgəsindəki yağları itirmələridir.

Qatığın tərkibində karbohidrat və zülal mineralı birlikdə olduğu üçün qan şəkərinin nizamlanmasında və aclığa nəzarət etməkdə təsirlidir.

Yaşıl salat. Aşağı kalorili salatlar əsas yeməkdən əvvəl yeyildikdə insanın özünü doymuş hiss etməsinə səbəb olur. Aparılan araşdırmalara görə, yeməklə birlikdə yeyilən aşağı kalorili kiçik salat yemək payında alınan kalorini yüzdə 7, böyük bir salat isə yüzdə 12 azalda bilir. Ancaq araşdırmanın nəticələri yüksək kalorili salatlar üçün tərsinin doğru olduğunu aşkara çıxardıb. Pay zamanı yeyilən yüksək kalorili kiçik bir salat alınan kalorini yüzdə 8 artırarkən, böyük bir salat yüzdə 17 artırır.

Şorba (ət və ya balıq suyu ilə hazırlanmış bol pomidorlu şorba). Əsas yeməyə başlamadan əvvəl içilən ət və ya balıq suyu ilə hazırlanmış bol pomidorlu şorba adama doymuş hissi verir. Beləcə, insan əsas yeməyə keçəndə özünü tox hiss etdiyi üçün daha az kalori alma meylində olur. Aşağı kalorili şorbalar aclıq hissini aradan qaldırmaqda çox işə yarayır.

Yaşıl çay. Bir böyük stəkan buzlu yaşıl çay və ya bir böyük stəkan isti yaşıl çay içmək arıqlamağa yaxşı təsir göstərir. Aparılan təcrübədə mütəxəssislər belə bir nəticə əldə etmişlər: könüllü olaraq 3 ay ərzində hər gün bir şüşə yaşıl çay içənlər, digər qrupa nisbətdə daha çox yağ itiriblər. Mütəxəssislərə görə, yaşıl çayın içində olan kateinler (faydalı bir kimyəvi maddədir) kalorini azaldır və çəki itirilməsinə kömək edir.

Kökəlməyə səbəb olan amillər hansılardır?

ABŞ ən çox kök və piylənmədən əziyyət çəkən ölkələrdən birincisidir. Amerika mütəxəssisləri kökəlmənin heç də çox yeməklə bağlı olmadığı haqda müəyyən mülahizələr söyləyirlər. Onların apardıqları araşdırmaların bəzi nəticələrini təqdim edirik:

1. Çox stress altında olmaq kökəlməyə təkan verən amillərdən birincisi ola bilər.

Stressə düşən insanların şəkərli qidalara meyli daha da artır. Təcrübələrin birində iki siçana eyni qidaları veriblər. Stress altında saxlanılan siçanın o birisinə nisbətən 2 dəfə çox çəki verdiyi üzə çıxıb. Buna əsas səbəb stressdə hərəkətə keçən nöropeptid adlı çəki artıran hormondur.

2. Kökəlməyə səbəb olan viruslar vardır.

Heyvanlar üzərində aparılan təcrübədə ən az 10 virusun kökəlməyə səbəb olduğu üzə çıxıb. Bu viruslar insanlarda da vardır. Əkizlər üzərində aparılan araşdırmalarda bədəndə bəzi anticisimləri daşıyanların, daşımayan taya nisbətən daha ağır olduğu müəyyən edilib.

3. Normal hava şərtləri çəkini artırır.

Aparılmış təcrübələrə əsasən çox isti və ya çox soyuq yerlərdə yaşayanlar daha asan yağ əridirlər. Bundan əlavə isti iqlim şəraiti insanın daha az yeməsinə səbəb olur.

4. Yüksək fruktozalı qarğıdalı siropu çəkinin artmasına səbəb olur.

Qida sənayesində getdikcə şəkərin yerini tutan qarğıdalı siropunun digər maddələrə nisbətən qanda triqliserid nisbətini və xolesterolu daha çox artırdığı məlum olub. Mütəxəssislər bu maddənin daha çox çəki artımına səbəb olduğunu irəli sürürlər.

5. Az yağlı qidalar daha çox yedizdirir.

Az yağlı qidalar təəssüf ki, yüksək karbohidratlı məhsullardan alınır. Bu qədər karbohidratın kökəlməyə səbəb olduğu normaldır.

6. Dərmanlar kökəlməyə səbəb olur.

30 il bundan əvvəl bu qədər dərmanlardan istifadə edilmirdi. Əgər dərmanların tərkibini oxusanız, çoxunun kökəlməyə səbəb olduğunu görəcəksiniz.

7. Ana bətnində uşağın gələcək halı formalaşır.

Ananın hamiləlik dövründə şəkərli diyabeti varsa, siqaret çəkirsə və nizamsız qidalanırsa, doğulacaq körpənin kökəlmə riski normal hamiləlik keçirənlərə nisbətən 2 dəfə çox olur.

8. Ətraf mühitin çirkli olması kökəlməyə səbəb olur.

Sən demə ətraf mühitin də kökəlməyə təsiri varmış. Alimlər piylənmədən əziyyət çəkənlərin qanlarında daha çox kimyəvi çirklənmə olduğunu üzə çıxarıblar. Bu çirklənmə orqanizmdə maddələr mübadiləsinin işini zəiflədir və nəticədə kökəlmə prosesi getməyə başlayır.

9. Yuxusuzluq kökəlməyə səbəb olur.

Yuxunun normada olmaması orqanizmin tarazlığını pozur və insan daha çox yeməyə başlayır. Ümumiyyətlə insan sutkada 6-8 saat yatmalıdır.

10. Diqqət! Siqaret maddələr mübadiləsini pozur və müxtəlif şəkillərdə kökəlməyə səbəb olur.

İnsanların çoxu belə fikirləşir ki, siqareti tərgitsə, kökələcək. Əslində bu fikir tamamilə yanlışdır. Mütəxəssislər siqaretin alma şəklində kökəlməyə səbəb olduğunu sübut etmişlər. Siqaretin tərkibində 5 mindən artıq zərərli maddə vardır. Bunlardan biri də nikotindir. Nikotinin biokimyəvi və farmoloji təsiri çox güclüdür. Siqaret iştahı azaldır və çəki itkisinə səbəb olur. Buna səbəb nikotin maddəsidir. Nikotin beyindəki iştah artırıcı maddələri azaldır və orqanizm buna pis vərdiş edir. Ona görə də siqareti tərgidən zaman kökəlməmək üçün müəyyən pəhrizə əməl edilməlidir.

Nikotin həm də orqanizmə yağın sorulmasını artırır. Nəticədə orqanizmdə yağ ehtiyatları günü-gündən artır. Onlar orqanizmin müxtəlif yerlərində toplana bilir. Fərdə görə piylənmə nahiyəsi də artır. Məsələn, qadınlarda yağlar ayağın bud və omba nahiyəsində toplanır və armud şəklində köklük yaradır. Kişilərdə isə göbək nahiyəsində toplanır və alma şəklində köklüyə yol açır. Son zamanlarda alma şəklində kökəlmə istər kişilərdə, istərsə də qadınlarda artıb. Bu arada maraqlı bir faktı nəzərinizə çatdırmaq istərdik. Araşdırmalara görə:

- Kök və siqaret çəkən qadın, normal kiloda siqaret çəkən qadından 7,2 il daha az yaşayır.

- Kök və siqaret çəkən kişi, normal kiloda siqaret çəkən kişidən 6,7 il daha az yaşayır.

- Kök və siqaret çəkən qadın normal kiloda siqaret çəkməyən qadından 13,3 il daha az yaşayır.

- Kök və siqaret çəkən kişi normal kiloda siqaret çəkməyən kişidən 13,7 il daha az yaşayır.

Azərbaycanda da son zamanlarda arıqlamaq istəyənlərin sayı artıb. Bunu özünə fürsət bilən bəzi işbazlar müxtəlif preparatları hər yerdə reklam edirlər. Həmin dərmanların tərkibində insan üçün zərərli olan maddələrin olduğunu da unutmamalıyıq. Hər kəs sağlamlığını düşünərək addımlarını atmalıdır.

Arıqlamaq istəyənlər üçün bir neçə pəhriz nümunəsi

Pəhriz menyusunda ən az 1 porsiya süd, qatıq və ya ayran, 2 porsiya meyvə, 2 porsiya tərəvəz, 100 qram ət, 2 yemək qaşığı yağ və çörək mütləq olmalıdır.

İştahanı azaltmaq, özünüzü tox hiss etmək üçünsə meyvələri ədviyyatlarla yemək məsləhət görülür. Məsələn:

* Dilimlənmiş almaya darçın əlavə edərək yemək olar.

* 1-2 dilim ananası bir fincan süd və ya qatıq ilə yemək olar.

* yeməklərdə cəfəridən bol istifadə etmək toxluq hissini artırır.

* 1 stəkan ayran və ya kefirə cəfəri və nanə qataraq içmək olar.

* Səhər, günorta və axşam 2-3 ədəd quru ərik, 2-3 ədəd qoz və ya 4-5 ədəd badam; 1 ədəd meyvə və bir stəkan yağlı qatıq və ya süd; 1 dilim çörək, bir dilim pendir və bir stəkan şəkərsiz çay.

Нажмите на фотографии для увеличения: