Ürəklə oynamazlar... Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.

Hazırda dünyada ürək infarktı, qəfil ürəktutması nəticəsində hər 10 saniyə ərzində 1 nəfər dünyasını dəyişir. Ürək xəstələrinin 60 faizi müxtəlif yaş qruplarından olan kişi və qadınlar, 40 faizi isə gənclərdir. Bu rəqəmlər Ümumdünya Səhiyyə Təşkilatının məlumatından götürülüb. Təşkilatın məlumatında bildirilir ki, 2015-ci ilədək ürək-damar xəstəliklərindən ölənlərin sayının 37 faiz artacağı proqnozlaşdırılır. Azərbaycanda da ürək xəstəliyinin müxtəlif formalarından əziyyət çəkənlərin sayı az deyil.

Ürəyin işemik xəstəliyinə daha çox təsadüf edilir

Həkim-kardioloq Gülüstan Cavadova son illər ürək xəstəliyindən əziyyət çəkənlərin sayının xeyli artdığını deyir. Onun sözlərinə görə, insanlar arasında ürəyin işemik xəstəliyinə daha çox təsadüf edilir. Bu xəstəlik ürəyin qan dövranının pozulması nəticəsində əmələ gəlir. Pozulma zamanı ürəkdə çatışmazlıq baş verir, miokardın (ürək əzələsinin) qana ehtiyacı lazımi dərəcədə ödənmir və o işemiyaya (qansızlığa) məruz qalır. Bu xəstəliyin əmələ gəlməsinə tütün məhsullarından istifadə, alkoqolizm, yüksək kalorili qida, gərgin zehni və fiziki iş, ailədə və cəmiyyətdə konfliktlər, streslər səbəb olur. Ürəyin işemik xəstəliyi kəskin və xroniki formada ola bilər. Kəskin formaya mikroinfarkt, ağır stenokardiya və qəfləti ölümlə nəticələnən xəstəliklər aid edilir. Xroniki forma isə vaxtaşırı və ağırlaşmasız keçən stenokardiya tutmaları ilə müşahidə olunur.

Ürəyin işemik xəstəliyinin 4 əsas forması var. Bunlar stenokardiya, miokard infarktı, keçid və ağrısız formalardır. Stenokardiya və ya döş inağı forması ürək qan dövranının qısa müddətli çatışmazlığı nəticəsində döş sümüyü arxasında ağrı tutmaları ilə müşahidə olunan xəstəlikdir. Bu xəstəlikdə sklerozlaşan (qalınlaşan) damarların daralması nəticəsində ürəyin qana olan tələbatı lazımınca ödənmədiyindən stenokardit tutmalar baş verir. Bu tutmaların əmələ gəlməsinin digər səbəbi isə damar çatışmazlığı nəticəsində ürəyin qidalanmasının pozulmasıdır.

Gərginlik stenokardiyasında ağrı sol qola və kürək nahiyəsinə vurur

Həkimin dediyinə görə, stenokardiya gərginlik və sakitlik formalarına ayrılır. Gərginlik stenokardiyasında xəstə hərəkətdə olan zaman döş sümüyü arxasında sıxıntı və ağrılar müşahidə edilir. Ağrı sol qola və kürək nahiyəsinə vurur. Bəzən xəstəyə elə gəlir ki, sinəsində ağır yük var və ya ürəyini ovuca alıb sıxırlar. Ağrılar bəzən qısamüddətli olur, əksər hallarda isə 30 dəqiqəyədək davam edir. Ancaq nitroqliserin preparatını qəbul etdikdə ağrı kəsir.

Sakitlik stenokardiyasında isə ağrılar zəif olur və dərman qəbul etmədən keçir.

Miokard infarktı kəskin ürək çatışmazlığının ən ağır forması hesab edilir. Bu formada damarlardakı qan dövranı kəsilir və ürək əzələlərinin müəyyən hissəsində kəskin nekroz (çürümə) baş verir. Miokard infarktının əmələ gəlməsinə əsasən ürək damarlarının aterosklerozu (daralması) səbəb olur. Ateroskleroza uğramış tac damarların mənfəzinin trombozu, uzunmüddətli spazmı ürək əzələsinin həmin hissəsinin qansızlaşması və nekrozuna aparıb çıxarır. Miokard infarktına kişilərdə daha çox təsadüf edilir. Kişilər üçün infarkta görə qorxu dövrü 40, qadınlar üçün 50 yaşdan sonra başlanır. Oturaq həyat tərzi keçirən insanlarda infark ehtimalı daha yüksək olur.

Oturaq həyat və fəaliyyət tərzi keçirənlərdə infarkt ehtimalı lap çoxdur

Kardioloq qeyd edib ki, infarkt əsasən ağır fiziki və zehni işlə məşğul olan insanlar arasında aşkarlanır. Miokard infarktı ürəyin qan dövranının tam pozulduğu zonada inkişaf edir. İnsanlar arasında daha çox ürəyin sol mədəcik infarktına rast gəlinir. Bu ürəyin sol mədəciyinin daha yüksək fizioloji fəallığa və sol tac arteriyanın ən çox ateroskleroza uğraması ilə izah edilir.

İnfarkt klinikası başlanma prosesi və əlamətləri baxımından anginoz, astmatik və abdominal formalara ayrılır. Miokard infarktının ən tipik variantı anginozdur. Əksər hallarda bu forma şiddətli ağrılarla başlanır. Ağrı uzun müddət davam edir, preparatların qəbulu nəticə vermir. Vaxt ötdükcə ağrını neyroplegik dərmanlarla da kəsmək mümkünsüzləşir. Ağrı sıxıcı, əzici, göynədici olur, döş sümüyü, sol qola və kürəkarası zonaya yayılır:

"Astmatik formada ağrılar cüzi olur və ya heç hiss edilmir. Ürək astması qəflətən başlayır. Bu formadan əziyyət çəkən xəstələrdə başgicəllənmə, tövşümə, baş ağrıları, bəzən hətta şüurun itməsinə rast gəlinir. Sonuncu forma olan abdominalda isə ağrılar əsasən qarında və epiqastral nahiyədə olur. Ağrılarla yanaşı, qarının köpməsi, ürəkbulanma, mədənin genəlməsi əlamətləri müşahidə edilir. Xəstədə həmçinin mədənin kəskin eroziyası, xoraları, reaktiv pankreatit və damarların trombozu baş verir. Abdominal formadan əziyyət çəkən xəstədə proses gizli getdiyindən diaqnoz gec qoyulur".

Xəstələrdə bənizin solması, tərləmə, boğulma halları olur

G.Cavadova vurğulayıb ki, işemik xəstəliyin keçid formasına ürək əzələsinin kəskin distrofiyası (dağılması) və xırda ocaqlı infarkt aid edilir. Xəstəlik stenokardit ağrılarla başlayır. Ağrılar 15-45 dəqiqə davam edir. Bəzən çox uzun çəkir və ağır keçir, preparatlardan istifadə nəticə vermir. Xəstələrdə bənizin solması, tərləmə, boğulma halları olur. Bəzən xəstəlik kardiogen şok (ürək şoku) verir. Aparılan müalicə nəticə vermir, lakin bu, tək-tək hallarda ölümlə nəticələnir. İşemik xəstəliyin ağrısız forması zamanı isə xəstə ağrıdan şikayətlənmir. Onda əsasən ürək-damar çatışmazlığı əlamətləri, müxtəlif aritmiyalar müşahidə edilir. Xəstələrə diaqnoz yalnız elektrokardioqrafik müayinə nəticəsində qoyulur.

Ürək xəstəliyinin tez-tez təsadüf edilən formalarından biri də ürək qüsurlarıdır

Həkimin sözlərinə əsasən, ürək qüsurları ürək xəstəliyinin tez-tez rast gəlinən formalarından biridir. Qüsurlar müxtəlif amillərin təsirindən ürək qapaqları və arakəsmələrin zədələnməsi nəticəsində əmələ gəlir. Ürək qüsurları anadangəlmə və qazanılmış olur. Qazanılmış qüsurlar revmatizm və miokard infarktından sonra yaranır. Ürək qapağının biri olmadıqda buna sadə qüsur, ikisi çatışmadıqda və daralma olduqda mürəkkəb, eyni zamanda bir neçə qapağın olmamasına isə kombinə edilmiş qüsurlar deyilir. Qazanılmış qüsurların müalicəsi nəticə verir. Amma anadangəlmə qüsurların müalicəsi mümkünsüzdür.

Kardioloq bildirib ki, ürək xəstəliyinin geniş yayılan miokardit forması isə ürək əzələsinin iltihabı nəticəsində ortaya çıxır. Onun yaranmasında müxtəlif amillər: mikrob, virus infeksiyaları, intoksikasiya (zəhərlənmə), allergiyalar əsas rol oynayır. Yaranma səbəblərindən asılı olmayaraq miokarditlər ürək əzələsində çapıq toxuması verir. Miokarditdən əziyyət çəkən xəstələr yorğunluq, ağırlıq, ürəkdöyünmələr və təngnəfəslikdən şikayətlənirlər. Dəri örtüyü solğunlaşır, temperatur yüksəlir, aşağı ətraflarda ödem (şişkinlik) müşahidə edilir. Nəbzin ritmi pozulur, arterial qan təzyiqi enir. Əksər hallarda miokardit heç bir iz buraxmadan ötüb keçir. Bəzi hallarda (məsələn, revmatizmdə) tez-tez ağırlaşma halları olur.

Revmatizm ürəyə çox ciddi zərbə vurur

G.Cavadovanın rəyinə əsasən, qan dövranı sistemi xəstəlikləri də ürəkdə problemlər yaradır. Bunlardan daha geniş yayılan revmatizm ürəyə çox ciddi zərbə vurur.

Revmatizm infeksion-allergik mənşəli xəstəlik sayılır, daha çox ürəyi və oynaqları zədələyir. Bir müddət sonra isə ürək qüsurları əmələ gətirir. Revmatizmin ürək forması ən çox ürəyin ikitaylı qapağının zədələnməsinə gətirib çıxarır.

Ürək xəstəliklərinin müalicəsinə gəlincə, həkimin rəyinə görə, yalnız dəqiq diaqnoz qoyulduqdan sonra bu prosesə başlamaq olar. İlk əvvəl fiziki müayinə üsullarından istifadə olunmaqla xəstə yoxlanılır. Daha sonra ürəyin xüsusi cihaz vasitəsilə elektrokardioqramı çıxarılır. Ürək xəstəliyinin forması məlum olduqdan sonra xəstəxana şəraitində müalicəyə başlanılır.