Avtomobildə mobil telefondan istifadə etmək niyə olmaz?
Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.
Avtomobilin etibarlı bir şəkildə yol alması hər şeydən öncə sürücünün məsuliyyətinə bağlıdır.
Bu baxımdan bütün sürücülər avtomobili idarə etməni çətinləşdirən bütün vəziyyətləri öyrənərək qəza riskini azaltmağa yönəlmiş tədbirlər görməlidirlər. Avtomobil idarə edərkən mobil telefondan istifadə etməmək bu baxımdan ən təsirli tədbirlərdən biridir.
Mobil telefonla danışarkən sürücü təhlükəli vəziyyəti hiss etmir
Artıq bu bir faktdır ki, avtomobil idarə edərkən mobil telefonla zəng etmək, gələn zəngi cavablandırmaq, nömrə yığmaq kimi davranışlar sürücünün diqqətinin dağılmasına səbəb olur ki, bu da qəzaya yol açır. Mobil telefondan istifadə etməklə sürücülər daha çox xətalar edir, bəzi təhlükəli vəziyyətlərin heç fərqinə varmır, ya da qabaqlayıcı tədbir görməkdə gecikmiş olurlar. Aparılan bir araşdırmaya görə, bu gecikmə ətraf şərtlərə, avtomobilin o andakı sürətinə və sürücünün yaşına bağlı olaraq 6 saniyədən 9 saniyəyə qədər arta bilir. Saatda 60 km sürətlə gedən bir avtomobilin sürücüsünün əyləcə basmasının bu qədər gecikməsi durma məsafəsinin 15 metr daha artması deməkdir.
Dünyada mobil telefonla mesajlaşma bəzən "xəstəlik" halına gəldiyindən, ABŞ-da dövlətin apardığı araşdırma nəticəsində avtomobildə mesajlaşmanın 50 faiz artdığı məlum olub. ABŞ-da ötən il min adamdan altısı avtomobil idarə edən zaman mesajlaşarkən bu il nisbət artıq 9-a çatıb. Eyni zamanda mobil telefonla danışan bir sürücünün ətrafındakı təhlükəli vəziyyətlərin bəzilərini heç fərq etmədiyi müşahidə edilib. Belə ki, sürücülər telefonda sadə bir axtarış edərkən 20 faiz, zehni çox məşğul edən bir danışıqda isə 29 faiz nisbətində təhlükəli bir vəziyyəti gözdən qaçıra bilərlər. Mobil telefondan istifadə yalnız nömrə yığarkən, yaxud danışarkən deyil, zəng gözləyərkən və danışıq bitdikdən sonrakı müddət ərzində belə qəza riskini artıran faktorlardandır.
Sürücünün təcrübəli olması və ya mobil telefondan istifadəyə öyrənmiş olması belə riski azaltmır
699 sürücü üzərində aparılan bir araşdırmada telefonla danışıq bitdikdən sonrakı 5 dəqiqə içində qəza ehtimalının 4,8 qat, 15 dəqiqə içində isə 1,3 qat daha çox olduğu aşkarlanıb. Digər fakt isə daha sıx rast gəlinən sürücülərin mobil telefondan istifadə edərkən sürəti azaltmalarıdır ki, bununla onlar avtomobilə nəzarət etmək məqsədilə baş verə biləcək xətaların qarşısını almağa çalışırlar. Ancaq bu daha öncə göstərilən təhlükələri ortadan qaldırmaq üçün yetərli deyil.
Mobil telefondan istifadə edərkən sürücünün təhlükəli bir vəziyyətə heç reaksiya verməməsi ehtimalı da var ki, bu da 12 faiz təşkil edir. Sürücünün təcrübəli olması və ya mobil telefondan istifadəyə öyrənmiş olması belə riski azaltmağa kifayət etmir. Hətta belə sürücülərin 2-3 qat daha çox xəta törətdikləri müşahidə edilib. Son illərdə aparılan araşdırmalar göstərir ki, mobil telefondan istifadə insanları fiziki olaraq məşğul etməsindən çox, artan zehni fəaliyyət və buna bağlı olaraq diqqətin dağılması səbəbi nəticəsindən qəza risklərini artırır. Bu baxımdan ən təsirli tədbir avtomobil idarə edərkən mobil telefonu açmamaqdır.
Qulaqcıqdan istifadə də çarə deyil
Avtomobil idarə edərkən sükanı tək əliylə tutan sürücü qəza riskiylə qarşılaşdığı zaman tez reaksiya verməkdə çətinlik çəkir. Əllərini boş saxlayan, telefonda qulaqcıqlardan istifadə edənlər üçün də sükan arxasında mobil telefonla danışmaq doğru davranış deyil. Araşdırmalara görə, sükan arxasında əllərinizdən istifadə etmədən telefonla danışmaq etibarlı deyil, çünki mobil telefon yenə də beynə zərər verməyə davam edir. Eləcə də danışarkən bir az sonra nə deyəcəyinizi düşünmək diqqəti dağıdır. Yəni sükan arxasında telefonla danışmaq telefonun bağlı olmasından 4 qat daha çox qəza riskiylə qarşı-qarşıya qalmağa səbəb olur.
Ölkəmizdə müvafiq cərimənin məbləği sürücülərə sərf edirmi?
Avtomobil idarə edərkən mobil telefonla danışmaq artıq bir çox ölkədə, o cümlədən, Rusiya, Türkiyə, İngiltərə, Almaniya, Hollandiyada qadağan edilib. Alimlərin araşdırmalarına görə, mobil telefonla danışaraq avtomobil idarə etməyin riski elə içkili vəziyyətdə sükan arxasında əyləşməyə bərabərdir. Eyni zamanda qəzalara səbəb kimi mobil telefonla danışan anda sürücünün görmə qabiliyyətinin zəifləməsi göstərilir. Harvard Risk Analiz Mərkəzinin gəldiyi qənaətə görə, avtomobil idarəsi zamanı mobil telefondan istifadə yol-nəqliyyat hadisələrinin 6 faizində mühüm rol oynayan faktordur. Əgər bir insan 2, hətta 3 telefondan istfadə edirsə, mütləq yolda olan zaman ona zəng gələcək və o, cavab verəcək ki, bunu həm tıxacda, həm də işıqfor dayanacaqlarında görmək mümkündür.
Qeyd edək ki, ölkəmizdə də bu istiqamətdə tədbirlər rəsmi olaraq öz həllini tapıb. Bakı şəhər DYPİ-nin bölmə rəisi Vaqif Əsədov Milli.Az-a bildirdi ki, Milli Məclis tərəfindən qəbul edilən qanuna əsasən, avtomobil idarə edərkən mobil telefondan istifadə edən sürücü 50 manat məbləğində cərimə edilir. Yol nəqliyyat hadisələrinin bir çoxunun sürücülərin sükan arxasında diqqətsizliyi səbəbindən baş verdiyini deyən bölmə rəisinin sözlərinə görə, qəzalara ən çox səbəb olan amillərdən biri telefon danışıqlarıdır.
İnsan psixikası eyni anda iki və daha artıq sahəyə diqqət verməyə çətinlik çəkir
Psixoloq Tariyel Faziloğlunun sözlərinə görə, maşın sürən insanların sükan arxasında telefonla danışması çox təhlükəli vəziyyətdir: "Maşın idarəçiliyi diqqət tələb edən bir vəziyyətdir. Çünki o, həm öz həyatına, həm də başqa maşınlarda olanların və piyadaların həyatına təhlükə yarada bilər. Buna görə də maşın sürərkən diqqəti yayındıran vasitələrdən uzaq olmaq lazımdır. Maşın idarə edən zaman telefonla danışmaq insanın diqqətini yayındıran ən böyük vasitələrdən biridir. Telefonla danışanda insan istər-istəməz ona deyilən sözlərə diqqətini yönəldir, bununla da yola olan diqqəti yayınır. Çünki insan psixikası eyni anda iki və daha artıq sahəyə diqqət verməyə çətinlik çəkir".
Psixoloqun fikrincə, bu da sürücünün yola olan diqqətinin telefonla olan danışığa yönəlməsinə səbəb olur: "Sürücü, demək olar ki, yolu yarıkor vəziyyətdə sürməyə baslayır. Üstəgəl, ona verilən xəbər əgər həyəcanlandırıcıdırsa, onda onun qəza törətmək riski çox yüksək olur. Çünki həyəcan insanın diqqətini özünə cəmləşdirir və olduğu yeri, vəziyyəti unutdurur. Bu da həm öz həyatına, həm də başqalarının həyatına qəsd deməkdir".
Beləliklə, avtomobilə əyləşərkən mobil telefonun zənginə cavab verməmək daha məqsədəuyğundur ki, bununla uzun və sağlam həyata addım atmış olarsınız.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре