Belə bir peşə var - dəniz neftçisi Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.

Dəniz neftçiləri maraqlı insanlardır. Əvvəla, özləri yaranışdan cəsur və qorxmaz olurlar. Bu xüsusiyyətlərə malik olmayanlar Xəzərin qoynunda çox az qala bilirlər. Deyilənlərə görə, bəziləri buraya həvəslə gəlir, lakin elə birinci qasırğadan sonra çıxıb gedirlər. Özü də həmişəlik.

Xəzərlə ülfət bağlayanlar isə daha da möhkəmlənir, mətinləşirlər. Belələri üçün Xəzər ömürlük olaraq iş yerinə, çörək təknəsinə, hünər meydanına çevrilir. Hünər demişkən, Azərbaycanın dəniz neftçisi peşəsinə könül verən neçə-neçə hünərvər oğlunun adı tariximizin şanlı səhifələrinə yazılıb. Təkcə neft tariximizin deyil, bütövlükdə xalqımızın qəhrəmanlıq salnaməsinin səhifələrində onlarca belə şərəfli ada rast gəlmək mümkündür.

Xəzər neftçisinin həyatı bəzən nağıllaşıb da - neftçi Qurban Abbasov haqqında rəvayət danışıb, usta Mixail Kaveroçkin haqqında heyrətlə söhbət açıb, qazmaçı İsrafil Hüseynov haqqında nəğmələr qoşublar. Lakin Xəzər neftçisinin hünəri, işi-əməli nə qədər əfsanəyə, nağıla bənzəsə də, reallıqdır, həqiqətdir. Bu da bir həqiqətdir ki, hələ sovetlər dönəmində neçə-neçə Xəzər neftçisi dövlət mükafatı, əmək qəhrəmanı adını alıb, şan-şöhrət qazanıb, yüksək vəzifələrə irəli çəkilib.

"Dəniz neftçisi" sözləri xalqımızın leksikonuna ötən əsrin ortalarında daxil olub. Əslində, elə bu peşənin özü də həmin dövrdən - "Neft Daşları" kəşf olunandan, burada mədən və polad dirəklər üstündə şəhər salınmağa başlayandan sonra formalaşıb. Dənizdə kəşf edilən yataqlar artdıqca, Xəzər neftçilərinin sıraları da genişlənib. İllər keçdikcə "dənizdə işləyirəm" sözləri artıq heç kəsə qəribə görünməyib.

Xəzərin "üzü nə qədər boz olsa da", səxavəti də boldur. Onun bərkdən-boşdan çıxardığı mərd oğullarına bəxş etdiyi təkcə hörmət-izzət deyil, həm də xoş duyğular, kövrək hisslərdir. Maraqlıdır ki, dəniz neftçiləri insanlarla tez ünsiyyət qurmağı bacarır, sözübütöv və dostluqda möhkəm olurlar. Bununla yanaşı, onlara bir romantiklik də xasdır, şeiri, musiqini çox sevirlər.

Bu yaxınlarda bir köhnə jurnalı vərəqləyərkən keçən əsrin 60-cı illərinin ikinci yarısında Azərbaycanın neftçıxarma sənayesi naziri olmuş, bu vəzifəyə fəhləlikdən başlayaraq pillə-pillə gəlib çatmış Bəxtiyar Məmmədovun "Bizim gözlərimiz qarşısında tamamilə yeni peşə - dəniz neftçisi peşəsi yaranır" adlı qeydlərinə rast gəldik. Neftçi qələmindən çıxsa da, əsl publisist duyğularla "şirələnmiş" bu qeydləri olduğu kimi təqdim edərək yuxarıda söylədiyimiz fikirlərə söykək tuturuq: "Bəşəriyyət minillər ərzində gəmilər yaratmış və onları təkmilləşdirmiş, minillər ərzində dənizçilik ustalığını cilalamışdır. Lakin dənizdə, qazma vışkasının polad əsasları üzərində, tufanla və böyük dalğaların zərbəsi ilə mübarizə aparmağa, sərt şəraitdə yaşamağa və işləməyə yalnız fövqəladə insanlar qadirdirlər. Mənə Neft Daşlarında dəniz neftçıxarma veteranları ilə işləmək şərəfi nəsib olmuşdur və mən bu insanları yaxşı tanıyıram.

Bugünkü dəniz neftçisi xarakteri nədən yaranır?

Hər şeydən əvvəl, məşğul olduqları işin onların xüsusi, şəxsi işi olduğunu dərk etməsindən. Həqiqətən də, bu dərketmədən başqa insanı həftələrlə dəniz vaxtını tərk etməməyə nə vadar edə bilər? Bu yüksək şüurdan başqa nə? Bəlkə məhəbbət... Biz neftçilər deyirik: insan öz işini sevir, işdən sonra biri ovla, digəri poçt markası, üçüncüsü isə idmanla məşğul olur. Bizim işimiz həm məhəbbət, iş, həm də vurğunluğumuzdur. Belə qəhrəman işə insan özünü bütövlüklə həsr etməyə bilməz.

Nəsil hisslərini, ənənə hisslərini də qeyd etmək olar. Əgər mədənləri gəzsəniz görərsiniz ki, burada atası, babası və ulu babası da neftçıxaran olmuş fəhlələr işləyirlər. Bizdə "neft" və "həyat" sözlərini vahid anlayış kimi qəbul edən nəsillər vardır. Və bu, rədd edilə bilməz. Bu gözəl varislik tükənməzdir.

Siz bəlkə də deyərsiniz: nazir obyektiv deyildir, o öz peşəsini, neftçilərini tərifləyir. Etiraz edə bilmərəm, siz haqlısınız. Lakin mənə elə bir adam göstərin ki, o, həyatda ona ən əziz olan, həyatının əsas amili haqda kənar adam obyektivliyi ilə, soyuq ürəklə danışsın. İnanmıram ki, belə bir adam ola bilsin".

Bir neçə kəlmə də bilavasitə yuxarıdakı sözlərin müəllifi Bəxtiyar Məmmədov haqqında: çünki onun özü əsl dəniz neftçisi idi, bu peşəyə məhəbbət qanına-iliyinə hopmuşdu. Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) oxuya-oxuya mədəndə işləmişdi. Sonra gənc mütəxəssis Qaraçuxurda usta, "Umbakı" mədənində rəis olmuşdu. Dənizə artıq püxtələşmiş mütəxəssis və səriştəli təşkilatçı kimi gəlmişdi. 27 yaşında o, Neft Daşlarında böyük bir mədənin müdiri, 30 yaşında isə neft-mədən idarəsinin rəisi olmuşdu. Bundan sonra "Başdənizneft"in rəisi vəzifəsinə irəli çəkilmişdi. 1965-1970-ci illərdə nazir kimi Azərbaycanın neftçıxarma sənayesinə rəhbərlik etmişdi.

Amma dəniz neftçisi heç vaxt tutduğu vəzifənin böyüklüyünə-kiçikliyinə varmaz. Onun üçün ən böyük vəzifə kürsüsü də, fəaliyyət meydanı da elə dənizin özüdür. Odur ki, Bəxtiyar Məmmədov nazir postundan sonra adi idarə rəisi vəzifəsinə keçəndə də işə qəlbinin bütün odunu sərf edirdi. Bibiheybətdə köhnə quyuları həyata qaytarır, gücdən düşmüş laylarda ehtiyatlar axtarıb tapır, istehsalata yeniliklər tətbiq edirdiE

Belə idi onların hamısı - Azərbaycanın dəniz neftçilərinin ilk dəstələrinə daxil olan Ağaqurban Əliyev, Yusif Səfərov, Sabit Orucov, Süleyman Vəzirov, Əli Əmirov, Bəhmən Hacıyev və onlarca digərləri.

Ümummilli lider Heydər Əliyev dəniz neftçilərinin böyük dostu idi, onların əməyini yüksək qiymətləndirirdi: "Azərbaycan neftçiləri Xəzər dənizinin neft-qaz yataqlarının kəşf edilməsində böyük xidmətlər göstərmiş və həmişə irəlidə getmişlər". Ulu öndər dəfələrlə dəniz mədənlərində, özüllərində olmuş, buradakı görüş və söhbətlərində Azərbaycanın neft-qaz sənayesinin sabahının Xəzərlə bağlı olduğunu söyləmişdir.

Ümidlər doğrulur. Bu gün də mətin neftçilərimiz az deyil. XXI əsrin neftçisi yüksək ixtisaslı, savadlı, ən mürəkkəb qurğulardan baş çıxaran, ən müasir dəniz platformalarında çalışan mütəxəssisdir.

Bu gün müasirlik ənənələrlə çulğalaşaraq dəniz mədənlərinə yeni bir əhval-ruhiyyə və işgüzarlıq, yeni bir həyat gətirib. Neft Daşlarında çalışan cavan mühəndislərin hamısının əmək tərcümeyi-halında maraqlı bir oxşarlıq gördük və belə nəticə çıxardıq: deməli, ali məktəbi bitirib buraya işləməyə gələn gənc mühəndisə dərhal diplomunda yazılmış ixtisas üzrə vəzifə tapşırılmır. O, əvvəlcə qazmaçı köməkçisi, qazmaçı işləyir. Özünü doğrultduqca addım-addım irəliyə gedir. Onlar üçün həmişə "yaşıl işıq" yanır və dəniz şəhərində sanballı vəzifə etibar edilmiş neçə belə cavan mütəxəssis var. 2009-cu ilin payızında Neft Daşlarının 60 illiyi qeyd edildiyi günlərdə orada iki Azərlə tanış olduq. Cavan olmaqlarına baxmayaraq, biri sex rəisi, digəri şöbə müdirinin müavini idi. Bu günlərdə eşitmişik ki, Azərlərə daha məsul vəzifələr etibar edilib. İndi Azər Rüstəmov "Neft Daşları" NQÇİ-nin istehsalat şöbəsinin, Azər Aşurov isə Mərkəzi Mühəndis-Texnoloji Xidmət şöbəsinin rəisidir.

Hər ikisi deyirdi ki, həyatını dənizsiz təsəvvür etmir. "Quruda sizə buradakından yüksək maaşlı iş təklif olunsa, necə?" sualına eyni cavabı verdilər: "Yenə dənizi seçərik!" Dəniz də belələrini mütləq mükafatlandırır...

Bu günün Xəzər neftçisi həm də xarici həmkarları ilə çiyin-çiyinə çalışan, səriştəsini daim artıran, qabaqcıl təcrübələri əxz edən dünya səviyyəli mütəxəssisdir. Xəzərin Azərbaycan bölməsindəki "Azəri-Çıraq-Günəşli", "Şəhdəniz" yataqlarında belələri onlarcadır. "Şərqi Azəri" platformasına Abdulla Abdullayev və "Dərinsulu Günəşli" platformasına Orxan Quliyev kimi mütəxəssislərimizin rəhbərlik etməsi böyük qürur doğurur.

Yeni "Çıraq Neft Layihəsi"nin tikinti işlərinə də azərbaycanlı menecer - İlqar Məmmədov rəhbərlik edir. Böyük etimaddır...

Dənizi seçən (və dənizin seçdiyi), "neft" və "həyat" sözlərini qoşa səsləndirən bu fədakar insanların Azərbaycanın inkişafına verdikləri töhfə ölçülməzdir. Ölkənin bugünkü yüksəlişində onların rolunu dövlət başçısı İlham Əliyev belə dəyərləndirir: "Bütün bunların təməlində, bir daha demək istəyirəm ki, neft sənayesidir, Azərbaycan neftçiləridir. Həmişə olduğu kimi, Azərbaycan neftçiləri çox böyük hörmətə malikdirlər. Bu hörməti onlar öz zəhməti hesabına, çətin, ağır şəraitdə Azərbaycanın inkişafı üçün çəkilən zəhmət hesabına qazanmışlar".

Şərəfli peşədir qəlbi sular kimi təmiz, yaşamaq, qurub-yaratmaq eşqi Xəzərin özü qədər coşqun və dərin olan dəniz neftçisinin peşəsi!

"Azərbaycan"