Azərbaycanda valideynlər daha çox hansı dayələrə üstünlük verirlər? Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.

Dayə işə götürülərkən sağlamlıq haqqında arayış, psixoloji durumu və dayə kimi fəaliyyət göstərə bilməsi üçün zəmanət tələb edilməlidir.

"Ekspress" qəzeti yazır ki, Azərbaycanda dayəlik iş növü olmadığı üçün bu sahəyə bir o qədər də önəm verilməyib. Amma son zamanlar valideynlərin dayələrlə bağlı qarşılaşdıqları problemlər ölkədə belə kursların açılmasına böyük ehtiyac olduğunu bir daha sübut etdi.

Uşaq tərbiyəçiliyi və dayəlik məktəbinin rəhbəri Xalisə Şahverdinin sözlərinə görə, bu məktəb ötən ilin mayından fəaliyyətdədir. Məktəbdə bağçalarda və ya fərdi dayəlik fəaliyyəti ilə məşğul olmaq istəyənlərə peşəkar dərslər keçirilir.

Məktəbdə dayələrə uşaq psixologiyası, davranış qaydaları öyrədilməklə yanaşı, onların psixikasına da diqqət yetirilir. 46 dərsdən ibarət olan kurslar iki ay ərzində həyata keçirilir. Dayə kimi fəaliyyət göstərmək istəyənlərə əsasən uşaq intellektualının artırılması, uşaq enerjisinin müsbət yönlərə istifadəsi, yaradıcılıq qabiliyyətlərinin inkişafı istiqamətində olan dərslər keçirilir. Bundan əlavə, xüsusi pediatrlar qadınlara uşaqların qidalanması və gigiyenası sahəsini öyrədirlər.

Müsahibim bildirir ki, kurslar hamı üçün açıq olsa da, dayə kimi fəaliyyət göstərməyə zəmanət kursu bitirən hər kəsə verilmir. Belə ki, dərslərdə iştirak ediyi müddətdə onların davranışları və psixologiyası nəzərə alınır. Kursda qadınlara uşaq hüquqları və dayənin məsuliyyətləri xüsusi olaraq öyrədilir. "Dayələrə məsuliyyətləri öyrədilərkən onlara başa salınır ki, maddi məsuliyyəti də nəzərə alsınlar. Belə ki, bəzən dayələr uşaqlarla düzgün davranmır, çalışdıqları evə maddi zərər vururlar. Bu səbəbdən də məktəbimizdə kursa götürməmişdən əvvəl dayə kimi çalışmaq istəyənlərin psixoloji portreti hazırlanır. Kursu bitirən, amma psixoloji durumu uşaq baxıcılığı üçün uyğun olmayan şəxslərə zəmanət verilmir".

Müsahibim qeyd edir ki, valideynlər dayə üçün müraciət edərkən daha çox rusdilli və yaşlılara üstünlük verirlər. "Ailələr nadir hallarda cavan dayəyə üstünlük verirlər. Xüsusi təbəqə var ki, uşaqlarına daha intellektual səviyyəyə malik olan dayə axtarışında olur. Belə dayələrin maaşı da yüksək olur".

Dayənin məsuliyyətləri müqavilə ilə tənzimlənsə də, bəzi insani faktorlar var ki, nəzərə alınmalıdır. "Ailədə hər hansı əmlaka, əşyaya ziyan vurmaq, oğurluq, uşağa qarşı hər hansı zorakılıq davranışı dayənin məsuliyyəti çərçivəsindədir. Bəzən olur ki, ailələr təkcə ailə deyil, ev işlərinin görülməsini də tələb edirlər. Təbii ki, hər bir hal müqaviləyə əsasən tənzimlənir".

Dünya təcrübəsi göstərir ki, bütün ölkələrdə dayə işə götürülərkən agentliklər və ya şirkətlər tərəfindən təklif edilən dayələrə zəmanət verilir. Amma Azərbaycanda bu, hələ ki, inkişaf etməyib. Hər qadın dayə kimi fəaliyyət göstərə bilməz. Dayə işə götürülərkən sağlamlıq haqqında arayış, psixoloji durumu və dayə kimi fəaliyyət göstərə bilməsi üçün zəmanət tələb edilməlidir.

Dayənin psixoloji durumu psixoloq tərəfindən müəyyən edildikdən sonra o bu fəaliyyətlə məşğul ola bilər.

Uşaq Liqasının rəhbəri Yusif Bəkirov bildirir ki, Azərbaycanda dayə anlayışı yeni gündəmə gəlib. Xarici ölkələrdə isə dayə anlayışı başqa prinsip üzrə inkişaf edir. "Xaricdə dayələrə böyük ehtiyac olduğu üçün dayəlik kursları fəaliyyət göstərir və bütün məsuliyyəti dövlət daşıyır. Dayələr evlərə işləməyə gedərkən, xüsusi olaraq sağlamlıq kağızı ilə işə qəbul olunurlar".

Azərbaycanda dayələrlə bağlı dövlət proqramı olmadığına görə, bu sahə dövlət tərəfindən tənzimlənmir. Ölkədə bu sahənin imkanlı valideynlər tərəfindən tənzimləndiyini bildirən Y.Bəkirovun dediyinə görə, ölkədə dayələr şifahi müqavilə ilə işə alınırlar.

Bəkirov hesab edir ki, dayə müqaviləsiz işə götürülən zaman uşağın hüququ öncə valideyni tərəfindən pozulur. "Valideynlər çox zaman çalışırlar ki, dayənin işi ucuz olsun, yəni dayəyə az pul ödəsinlər. Müqaviləsiz işə götürülən dayə heç bir məsuliyyət daşımır. Valideyn evdə olmayan zaman uşağa baxan dayə uşağı vurur da, təhqir də edir. Xarici ölkələrdə uşaq dayə tərəfindən zorakılığa məruz qalarsa, dayə ilə yanaşı, valideyn də məsuliyyətə cəlb olunur. Azərbaycanda dayələr ancaq pul qazanmaq üçün fəaliyyət göstərirlər. Çox zaman uşaqlara da baxmırlar. Valideyn getdikdən sonra onlar istədikləri kimi davranırlar".

Y.Bəkirovun fikrincə, ölkədə dayələr müqaviləsiz işə götürüldükləri üçün onların yoluxucu xəstəlik daşıyıcısı və ya psixoloji xəstə olma ehtimalları nəzərə alınmır.