İlk tibbi yardımın 10 yanlışı

Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.

Düzgün və dərhal ilkin təcili yardım göstərərkən tələsmək, vaxtı itirməmək gərəkdir. Lakin bəzən gecikmə ölümə bərabərdirsə nə etməli: nə isə edərək zərər vurmaqdansa, heç nə etməmək daha məsləhətdir...

İlkin tibbi yardımla bağlı problemlər tükənmək bilmir. Çünki onu əksər hallarda həkimlər və ya tibb bacıları, xilasedicilər və ən nəhayət, işinin peşəkarları yox, qeyri-peşəkar, təbabətdən uzaq insanlar göstərir. Hamımız nə zamansa haradasa jqutlar, sarıqlar və şinlər barədə eşitsək də, hafizəmizə sadəcə, onlardan nə zaman və necə istifadə etmək barədə təxmini biliklər həkk olub.

Nəticədə jqutlar saatlarla bağlı qalır, ürəyin birbaşa olmayan masajı isə yol-nəqliyyat qəzasında qabırğası sınmış adamın sinəsində aparılır.

Bu səbəbdən də ilkin təcili tibbi yardımların göstərilməsi zamanı ən çox yayılmış 10 yanlışlığı sıralamaq qərarına gəldik.

1. Lazımsız hərəkətlər

Yol-nəqliyyat qəzasında xəsarət alan və ya hündür yerdən yıxılmış adamı təcili yardım maşını gələnədək yalnız o halda tərpətmək olar ki, insanın həyatı üçün birbaşa təhlükə var. Məsələn, yaralı adam yanan ev və ya maşının içində, su basan yerdədir və s.

"Zərərçəkəni tərpətmə və döndərmə" qaydası qorxunc "əlillik" kəlməsinin yazıldığı mürəkkəb və qanla qələmə alınıb.

Xilasedicilər bəzən qəzaya düşmüş avtomobili söküb dağıtmağı orada ilişib qalmış yaralını dartıb çıxarmaqdan üstün tutunlar. İnfarkt və ya insult şübhəli adamları boş yerə tərpətmək olmaz. Belə adamı stansionara xərəkdə aparmaq lazımdır. Əks halda həkim yanına gediş ona çox baha başa gələ bilər.

2. Burxulmanı "düzəltmək"

Zərərçəkəndə burxulma olduğuna 100% əminsiniz və burxulan yeri düzəltmək istəyirsiniz. Dayanın! Məgər gözləriniz rentgen şüaları buraxmağı bacarırmı? Əgər cavab "hə"dirsə, onda ya Nobel mükafatını almağa, ya da yaxınlıqdakı ruhi xəstəxanaya yollanmalısınız.

Yerdə qalan hallarda isə (cəngəllik və ya səhra şəraiti istisna olmaqla) burxulan yeri özbaşına düzəltməyin. Ən təcrübəli həkim belə, belə travmanı gözəyarı təyin etməyə cürət göstərməz. Yaranmış situasiyada adekvat davranış zədələnmiş ətrafın hərəkətsizliyini təmin etmək, təcili yardım çağırmaqdır.

Bilin ki, şinin qoyulması sınıq əl və ayağa düz taxtanın bağlanması deyil. Əgər şin qoymaq qərarına gəlibsinizsə, yaddan çıxarmayın ki, ətrafı zorla düzəltmək olmaz. Sınıq əl və ya ayağı olduğu kimi, zərərçəkən üçün ən rahat şəkildə sarıyın. Bəzi hallarda xəsarət nəticəsində tək sınıq yeri yox, iki və ya üç ən yaxın oynaq da hərəkətsiz qalır.

3. Jqutlama

Qanaxmanı dayandırmaq üçün jqutun qoyulması zamanı əksər hallarda yer səhv seçilir, "qənaət etmə" psixologiyası ilə lazım olduğundan artıq sarıq qoyulur. Buna görə mütəxəssislər zədələnmiş damardan yuxarıda olan oynaqdan əl və ya ayağı azacıq əyib bağlamaq, ya da yaraya sıx tampon qoymaqla kifayətlənməyə çağırırlar.

Özü də sarıqları dəyişmir, birini o birinin üstündən qoyurlar. Yox əgər ağır arterial qanaxma varsa, vaxtı jqut axtarışlarına sərf etməyin. Al qan fəvvarəsini barmaqlarınızla sıxın: əks halda yaralı jqutlama barədə biliklərin tətbiq edilməsinə qədər sağ qalmaya bilər.

Arterial qanaxma zamanı jqut qışda ən uzağı 1 saat, yayda isə 1,5-2 saat müddətinə qoyulur. Bu səbəbdən də hər 20 dəqiqədən bir jqutu boşaldın ki, zərərçəkən sonradan əl və ya ayağı kəsilmiş adama dönməsin.

4. Burun qanaxması

Burun qanaxması zamanı başı geri əyəndə qan dayansa da, qanaxma dayanmır. Sadəcə, qan burunla boğaza, oradan da mədəyə axacaq. Belə halda qanaxmanın dayanıb-dayanmadığını müəyyənləşdirmək olmur. Üstəlik də qan qusmağı da unutmayın.

Burun qanaxması zamanı zərərçəkənin başını azacıq irəli əymək, burun deşiklərinə hidrogen-peroksiddə isladılmış təmiz pambıqdan tampon qoymaq gərəkdir.

5. Dərman müalicəsi

Reseptsiz dərmanı içməyin. "Bir dəfə mənə yaman kömək etmişdi" düşüncəsi ilə hərəkət etmək insanın axırına çıxa bilər. Ən azı ona görə ki, eyni dərman bütün insanlarda analoji simptomlara səbəb olmur.

Ürəyini tutmuş adama validol və ya nitroqliserin təklif etmək "adi" hal sayılır. Belə yardımın nəticəsi isə qan təzyiqinin kritik həddə qədər aşağı düşməsinə səbəb ola bilər.

6. Ağıza qaşıq

Bir çox hallarda ağıza zorla dürtülən qaşıqlardan ürəktutması olanlar və epileptiklər əziyyət çəkir.

Qaşıq və hətta bıçaq vasitəsilə "humanist" kəslər epilepsiya tutması zamanı yardım göstərməyə çalışırlar. Belə "təcili kömək"dən sonra sınan dişlər, metal əşyalardan boğazın travması, traxeya və bronxların obstruksiyası kimi fəsadlar müşahidə olunur. Epileptikin əl-ayağından bərk-bərk yapışmağa lüzum yoxdur. Sadəcə, onun başını yüncülcə tutun ki, travma almasın. Tutmalar keçəndə isə insanı böyrü üstə çevirin.

7. Yanığa yağ, yaraya yod

Nənələrimizin "yanan yerə yağ sürt" sözləri beynimizə yeriyib. Halbuki təzə yanıq yerinə nə yağ, nə də çoxsaylı pantenollar sürtmək olar.

Xəsarət yerini soyuq su ilə 15-20 dəqiqə ərzində soyutmaq gərəkdir. Dərin yaraya yod, spirt tökmək də mənasız işdir: bunun faydası yox, zərəri var. Yara mütləq şəkildə hidrogen-peroksidlə təmizlənməli, sonra da sarınmalıdır.

9. Çeçəyənin kürəyinə vurmaq

Çeçəyən və yediyi təamın bir tikəsi boağzında qalan adama belə yardım geniş yayılıb. Halbuki vurma və döyəcləmələr tikənin nəfəs borusuna düşməsinə səbəb ola bilər.

Yaxşısı budur ki, nəfəsi tıncıxan və çeçəyən adam bir qədər irəli əyilsin, üç-dörd dəfə sürətlə nəfəs alıb-versin.

10. Yaraların təmizlənməsi

Barmağa batmış tikanı, dərini azacıq cızmış mismarı və ya şüşə qırığını çıxarmaq olar. Amma ciddi yaradan kənar predmetləri heç bir halda dartıb çıxarmaq olmaz. Əgər insanın vücudundan paslı məftil çıxsa belə.

O əşya ilə vücuda infeksiya düşdüyünü fikirləşirsinizsə, artıq gecdir: bütün mikroblar içəridədir. Təcili yardım həkimləri insan bədənindəki bıçaq və ya başqa əşyaları xəstəxanaya qədər ona görə çıxarmırlar ki, sonradan qanaxmanı dayandırmaq çox çətin olur.

Sinəsinə və ya ayağında bıçaq olan adam nə qədər qorxulu görünsə də, bıçağı dartıb çıxarmayın. Bu işi həkimin öhdəsinə buraxın.

/Express/