Dərimizdə "əsən" Qızıl yel

Day.Az представляет новость на азербайджанском языке.

 

Qızıl yeli bəzən yel xəstəliyi, bununla da bağlı olaraq revmatizmlə qarışıq salırlar. Lakin bunlar tamamilə başqa-başqa xəstəliklərdir.

Qızıl yel yoluxucu dəri xəstəliyidir. Bu azarın adında "yel" sözünün niyə işlədildiyi qaranlıq qalsa da, "qızıl"ı başa düşmək olar - infeksiyanın düşdüyü yer qırmızıya çalır. Qızılı biz sarı metal adlandırsaq da, türkcədə qızıl qırmızının sinonimidir.

Qeyd edək ki, rus dilində Qızıl yel "roja" adlanır ki, bu da fransızca qırmızı mənası verən "rouqe" ("ruj") sözündən götürülüb. Yeri gəlmişkən, ruscada "roja" sifət, üz mənası versə də, ruslar onu daha çox neqativ - "idbar" anlamında işlədirlər. Qızıl yel üz dərisinə düşdükdə, doğrudan da, sifəti idbar edir.

Dəridə Qızıl yel iltihabı Hippokrata da məlum idi. Maraqlıdır ki, Avropada bu azara poetik, təmtaraqlı ad qoymuşdular - "müqəddəs Antoninin alovu". Qeyd edək ki, Qızıl yeldə dəridə qabaran əcaib al ləkə alovun dillərinə oxşayır.

Qızıl yel qəfil, çox namərd və məkrli azardır. Təsadüfən qolun və ya ayağın zədə alır, başlayır əziyyət verməyə, gözləyirsən ki, keçib gedəcək. Amma getmir, gedirsə də, dəfələrlə qayıdıb bütün orqanizmdə "yel" əsdirir...

Digər tərəfdən, başqa dəri xəstəliklərinə oxşayır. Həmçinin Qızıl yel hərarətlə, halsızlıqla, baş və əzələ ağrıları ilə başlayır və dəridəki dəyişiklik dərhal özünü büruzə vermədiyi üçün, təəssülər olsun ki, bəzi həkimlər onu qrip, daha sonra fleqmon, absses kimi xəstəliklərlə "qarışıq" salırlar. Təbii ki, yaxşı həkim, təcrübəli infeksionist belə səhv etmir...

Yel əsir,

"qızıllar" oynayır...

Qızıl yel - dəri örtüklərini zədələyən, infeksion xarekterli xəstəlikdir. İnfeksiya mənbəyi A qrupundan olan streptokokk infeksiyasına tutulan və ya onun daşıyıcısı olan insan oynayır.

Azarın gedişi ümumi intoksikasiya (zəhərlənmə) simptomları və tez-tez residivləşmə ilə xarakterizə olunur. İltihab və deformasiya dəri örtüyünün aydın görünən məhdud bir sahəsində baş verir və çox vaxt qızdırma ilə müşayiət edilir. Qızıl yelin zədələdiyi dəri örtüyü qızarmağa başlayır.

İnfeksiya dəriyə həm xaricdən - dəridə olan sıyrıntı və yaralardan, həm də ednogen yolla - qan və limfa vasitəsilə keçə bilir. Xəstəliyin yaranması üçün əsas zəmin əlverişsiz faktorların təsiri altında orqanizmin immun qüvvəsinin azalmasıdır.

Xəstəlik daha çox yaşlı əhali arasında, xüsusən də qadınlarda rast gəlinir. Keçirilmiş xəstəlikdən sonra immunitet formalaşmır.

Üzü üzlükdən çıxarır

Qızıl yel zamanı ən çox üz dərisi - burun-dodaq büküşü, yanaqlar, burun qanadları və başın tüklü hissəsi zədələnir. Nadir hallarda iltihabi prosesə əllərin, qolların, aşağı ətrafların və bədənin digər hissələrinin dərisi cəlb olunur.

Bəzən qızartı nahiyəsində seroz və ya irinli maye ilə dolu suluqlar əmələ gəlir, partladıqdan sonra üstü qartmaq bağlayır. Dəridə gedən dəyişikliklər 5-15 gün müddətində saxlanır.

Qeyd edək ki, azarın üzə təsiri daha çox olsa da, son illərdə üzdə Qızıl yel özünü 20%, digər nahiyələrdəsə 80% göstərir.

Simptomları

Bir daha təkrarlayaq ki, Qızıl yel dəri örtüyünün zədələnməsindən sonra özünü göstərir, bəzi hallarda azar dəri zədələnmədən də baş qaldırır - bu, orqanizmə irinli mikrobların daşıyıcısı olan adamlardan infeksiyanın düşməsi ilə bağlıdır.

İnkubasiya dövrü bir neçə sutka çəkir. Əslində, inkubasiya dövrü zədədən sonrakı Qızıl yeldə təyin edilə bilir və bu dövr bir neçə saatdan 3-5 günədək sürə bilir. Bundan sonra klinik simptomlar kəskin və qəfil şəkildə özünü göstərir. Xəstələrin əksəriyyəti Qızıl yelin dəridə gün yox, saatlar ərzində peyda olmasından danışırlar.

Xəstəliyin başlanğıcı bədən hərarətinin 39-40 C-dək yüksəlməsi, titrətmə, güclü baş ağrıları, halsızlıq kimi simptomlarla gedir. Bunlardan başqa, ürəkbulanma, öyümə və qusma da mümkündür və xəstə əzələ ağrılarından şikayətlənir. Xəstəliyin başlanğıcından bir neçə saat, bəzən isə 1-2 gün sonra dərinin zədələndiyi yerdə güclü ağrı, göynəmə, qaşınma, yanğı hissi, şişkinlik və qızartı əmələ gəlir. Dəridə yaranan qızartı sürətlə böyüməyə başlayır.

Beləliklə, Qızıl yelin əlamətlərini belə konkretləşdirmək olar:

- titrəmə, cana vic-vicə düşməsi və ümumi zəiflik;

- baş ağrıları;

- ürək bulanması, qusma, taxikardiya;

- hərarətin artması;

- əzələ ağrıları;

- hiperemiya (damarların həddən artıq qanla dolması);

- zədələnmiş dəri sahəsinin şişməsi.

Azarın üç forması

İltihabi proseslərin xarakterindən asılı olaraq Qızıl yelin üç forması fərqləndirilir:

Eritemtoz (eramatoz) forma. İltihab olan yerdə dəri qızarır (eritema) və şişkinləşir. Qızıl yelin yoluxduğu dəri sahəsi bədənin sağlam yerlərindən aydın şəkildə fərqlənir.

Azarın ocağında dəri isti, gərgin olur. Xəstəliyin başlanmasından 6-12 saat sonra qaşınma, yayılan ağrı hiss edilir.

Hemorragik forma. İnfeksiyanın qandaşıyan damarlara təsiri ilə yara qanlı olur.

Suluq (qabarcıq) forması. Zədələnmiş dəri örtüyündə suluq - qabarcıq peyda olur. Daxili seroz ekssudatla (qan damarlarından bədən boşluqlarına süzülən iltihablı şəffaf maye) dolu olan bu suluqlar yetərincə böyük ölçüdə olur.

Qızıl yelin formasından asılı olaraq xəstəliyin simptomları dəyişə bilir. Eritemtoz formada eritema (dəri damarlarının şişməsi nəticəsinə dərinin qızarması), şişkinlik və ağrı hissi özünü göstərir. Dəri örtüyü əzik-üzük konfiqurasiya alır, parlaq çəhrayı rəngdə olur və dəri qabığının soyulması ilə müşayiət edilir.

Suluq forması eritemtoza oxşayır, lakin bu forma müxtəlif böyüklükdəki qabarcıqların olması ilə fərqlənir. Müəyyən müddətdən (2-3 həftə) sonra serozla dolu olan suluq partlayır, eroziya və ya trofik xoraya çevrilir.

Bəzi hallarda adamlarda Qızıl yelin suluq-hemorragik formasına da rast gəlinir. Bu zaman qabarcıqlarda seroz yox, hemorragik ekssudat olur.

Eramatozda qızdırma və intoksikasiya 5 sutka, digər formalarda 10-15 sutka və daha artıq davam edir.

Qızıl yelin bütün formaları limfatik sistemə (limfadenit, limfanqit) mənfi təsir göstərir.

Fəsadları

Qızıl yel sadəcə hiperemiya, seroz iltihab, zədələnmiş dərinin infiltrasiyası (hüceyrə və toxumalara yad maddələrin süzülməsi) və şişkinliklə xarakterizə olunan patogen təsirlərlə məhdudlaşmaya da bilər.

Ayaqda və bədənin digər yerlərində azar adekvat müalicə edilmədikdə xora, absses, fleqmon (birləşdirici toxumanın irinli iltihabı) və dəri toxumalarının nekrozuna aparır. Həmçinin infeksion-toksik şoka, ensefalopatiyaya (beyin xəstəliyi) səbəb olur.

Bundan başqa, streptokokk virusu qan damarları vasitəsilə orqanizmə yayıla və irinli kəskinləşmələrə səbəb ola bilər.

Bir sıra hallarda Qızıl yel deliroz vəziyyətinə, epilepsiyaya və meningitə apara bilir.

Belə də olur ki, viruslar yalnız dəri örtüyünü deyil, regionar limfa düyünlərini də hədəf alır. Qızıl yel daha çox sifətdə, əldə, ayaqda və kürəkdə peyda olsa da, az-az hallarda selikli qişada da rast gəlinir.

Qızıl yelin müalicəsi düzgün aparılmadıqda, yaxud göbələk və irinli zədələr sağaldılmadan müalicə edildikdə 2 ildən sonra əvvəlki xəstəlik residiv verir, yəni təkrarlanır.

Qızıl yel yaşlı adamlarda ikinci pnevmoniya və sepsisə rəvac verə bilər.

Ümumiyyətlə, azarın residivində onu müşayiət edən digər xəstəliklər (xroniki venoz çatışmazlığı, limfostaz, şəkərli diabet, streptokokk infeksiyasının xroniki ocaqları), həmçinin qeyri-münasib peşə şəraiti (saatlarla ayaq üstə qalmaq, iş yerini n soyuq olması) və yuxarı yaş risk faktorlarından sayılır.

Xəstəlik qaraciyər və ürək-damar sistemini də təhdid edə bilir.

Diqqət: Yeni doğulmuş körpələrdə və birinci ilində olan uşaqlarda Qızıl yel özəlliklə təhlükəlidir. Körpədə Qızıl yel adətən göbək nahiyəsində özünü göstərir və 1-2 sutkaya aşağı ətraflara, omba və kürəyə yayılır. Nəticədə intoksikasiya və qızdırma baş qaldırır ki, bu da epilepsiyaya (sudorqa), sepsisə səbəb ola bilər. Bu zaman azarın letal sonucu yüksək olur.

Bununla yanaşı, qeyd edək ki, ötən əsrin əvvəllərində Qızıl yelə yoluxan hər iki körpədən biri ölürdüsə, xoşbəxtlikdən müasir dövrümüzdə bu xəstəliyə 18 yaşdan aşağı adamlarda az-az rast gəlinir.

Müalicəsi

Qızıl yelin müalicəsi intoksikasiyadan - yəni orqanizmin nə dərəcədə zəhərlənməsindən və xəstəliyin kəskinəşmə dərəcəyindən asılıdır.

Ən effekti müalicə üsulu etiotrop terapiya sayılır. Belə ki, Qızıl yel streptokokkun təsiri ilə bağlı olduğu üçün antibakterial preparatlarsız, yəni penisilin tetraüiklina, peniüillina, oletetrin, eritromisin və s. kimi antibiotiklərsiz keçinmək mümkün deyil. Müalicə adətən 2 kurs aparılır.

Ümumiyyətlə, Qızıl yelin müxtəlif formaları müxtəlif üsullarla, dərmanlarla, balzamlarla aparılır. Bunu isə mütəxəssis həkim təyin edir. Əsas odur ki, bəxtinizə yaxşı həkim çıxsın. Qızıl yelin diaqnozu düzgün qoyulmadıqda, müalicəsi adekvat aparılmadıqda, azar müxtəlif kəskinləşmələrə (fleqmon, absses, limfa düyünlərinin zədələnməsi) səbəb ola bilər.

/Express.az/