Limonu hətta Şəkidə də yetişdirənlər var Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, cənub bölgələrimiz subtropik meyvələri ilə tanınır. Həm də bu meyvələr xaricdən gətirilən meyvələrdən daha dadlı olur. Elə limon kimi... Yəqin ki, tamaşaçılarımızın əksəriyyəti gərgin gündən sonra yorğunluqlarını elə limonlu çayla çıxarmağa çalışırlar. Doğrudanmı limonlu çay xeyirlidir, yoxsa bizim üçün bir adətə çevrilib? Şəkidə bu subtropik meyvəni yetişdirmək nə qədər mümkündür?

Çoxları çayı limonla içməyə üstünlük verir. Elə bu səbəbdən subtropik rayonlarda becərilən limonu hətta Şəkidə də yetişdirənlər var. Amma xüsusi təbii şərait tələb edən limon ağacı həm məsuliyyət, həm də xüsusi qulluq tələb edir.

Ancaq dükan və bazarlarda isə limonların qiymətləri heç də eyni deyil. Digər meyvələr kimi xaricdən gətirilən limon yerli limon sayılan Lənkəran limonunun, eləcə də dibçək bitkisi kimi çoxlarının evində becərdiyi limonun tamını vermir. Ancaq bəzən görünüşü və qiymətinin ucuzluğuna görə xarici limonlara üstünlük verənlər də olur.

Əhali də xüsusi tamlı bu sitrus meyvəsinin insan orqanizmi üçün xeyirli olmasından xəbərdardır. Limonu yalnız çayla içmir, ondan müəyyən yeməklərdə və ya soyuqdəyməyə qarşı da istifadə edirlər.

Susuzluğa, müəyyən xəstəliklərə qarşı əvəzedilməz vasitə kimi əhali arasında limona tələbat çoxdur. Odur ki, insan orqanizmi üçün faydalı bitkinin alıcıları da kifayət qədərdir.

Öz kimyəvi tərkibinə görə bu meyvə yüksək bioloji aktivliyi və müalicəvi xüsusiyyətləri olan mürəkkəb fenol birləşmədir. Mineral duzlar və limon turşusu ilə zəngin olduğuna görə istifadəsi orqanizm üçün vacib və əhəmiyyətlidir. Yuxarıda sadalanan bütün bu xüsusiyyətlər limonu insan orqanizmi üçün əvəzsiz qida məhsulu, qiymətli dərman və kosmetik vasitəyə çevirir.

Limon güclü antiseptik xassəyə malikdir. Əqrəb sancmasının tez-tez baş verdiyi Misirdə insanlar limonu yarı bölüb, yarısını sancılan yerə qoyur, digər yarısını isə daxilə qəbul edirlər. Ancaq bəzi hallarda limondan istifadəni həkimlər özləri məsləhət görmürlər.

Limon Azərbaycanın subtropik rayonlarında son illər müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağı sayılır. Əfsanəvi hindli yoqaları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə, hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. El arasında isə belə bir misal var: limonu ancaq öz sahibi dərə bilər. Digər bir şəxs dərdikdə və ya limonu onun üzərindən oğurladıqda limon küsür və demək olar ki, bir il bar vermir.