Bakının Range Roveri taksiyə dəyişən xanım - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


Bakı şəhərinə "London Taxi"ləri gətirildikdən sonra uzun müddət arzusunda olduğu məsələ gerçəyə çevrilib. Oğlunun təhsili ilə bağlı tez-tez Londona səfər edən 50 yaşlı Şəmsiyyə Babayeva (Quliyeva) bu şəhərin taksilərinə heryan qalırdı.

"5 il əvvəl Londonda bu taksilərə minirdim və o vaxt arzu edirdim ki, kaş Azərbaycanda da belə taksilər olsun. İndi isə həmin taksidən özümə də qismət olub. Belə desək, arzum yerinə yetib", - deyən Ş.Babayevanın arzusu artıq ötən ilin may ayında çin olub.

Əvvəllər bağça müəllimi işləyən Ş.Babayeva artıq 10 aydır kişilərlə çiyin-çiyinə işlədiyini deyir: "Taksi fəaliyyətinə ilk dəfə "London Taxi" ilə başlamışam. 2012-ci il mayın 21-dən taksi sürürəm, Amma əvvəllər maşınım olub. "Range Rover", "Land Cruiser"im olub. İndi həyat elə gətirib ki, taksi sürürəm. Taksidə işləmək çox çətindir, amma xoşdur. Taksi sürməklə xalqıma xidmət edirəm. Görənlərə də xoş olur. Deyirlər nə gözəldir taksi sürücüsünün qadın olması".

Mənə qarşı mədəniyyətsizlik edirlər...

İşinin zövqlü anları ilə yanaşı, Ş.Babayeva bəzi neqativləri barədə də danışdı: "Şəhərdə bir "Range Rover" var, mənə qarşı mədəniyyətsilik edir. Tanımıram kimdir, həmişə məni yolda maşınla sıxışdırır. Mənə deyir ki, çıx get özünə iş tap. Mən bu işi bacarıram. Bilmək olmaz gələcəkdə onları nə gözləyir. İstərdim xanımlar da mənim kimi əziyyətlə qazanılan pulun nə olduğunu bilsinlər. Xaricilər də məni görəndə maraqla baxırlar. Deyirlər ki, şərq ölkəsində qadın taksi sürücüsünün olması qəribədir. Fransızca onlarla danışıram. Bu, onların təəcübünə səbəb olur. İngiliscə öyrənirəm. Kaş ki, xaricilər məni görəndə necə hörmətlə yanaşırlarsa, bizim insanlar da məni görəndə belə rəğbət bəsləsinlər".

Zərif cinsin nümayəndəsi olan müsahibimiz hər gün kişilərlə çiyin-çiyinə işləməyin çətinliyindən söz açsa da, işini çox sevdiyini də etiraf edir: "Hər gün saat 7-dən gecə saat 2-yə kimi işləyirəm.

Qadın çox zərifdir. Amma kişilərlə çiyin-çiyinə işləməklə heç də onlardan geri qalmıram. Hətta onlardan da güclüyəm. 15-16 saat işləməli oluram. Çətinlik çəksəm də, Allahıma min şükür deyirəm. Necə işləməyimi isə müdriyyətdən öyrənə bilərsiniz. Əzəb-əziyyət çəksəm də, heç vaxt şirkətə borclu qalmıram. Gündə ən azı qaraja 50 manat, yanacağa 15 manat verirəm. Bu çətinliklər olanda bəzən taksini atmaq istəyirəm. Amma müştərilərim deyir ki, Şəmsiyyə xanım, biz istəyirik siz taksidə işləyəsiniz. Nəyisə qurban vermək lazım gəlir. Hələlik işləyirəm".


Övladlarım taksidə işləməyimə razı deyil...

Övladlarını Avropanın qabaqcıl ailə məktəblərində oxutduran Ş.Babayeva həyatını onların yolunda qurban verdiyini deyir.

"Övladlarım taksidə işləməyimə razı deyil. Oğlumu Fransada, sonra isə Londonda oxutdurmuşam. Hazırda Azərbaycanın tanınımş mobil rabitə operatorlarından birində şöbə müdiri işləyir. Kanada vətəndaşlığı alıb. Övladlarım yolunda həyatımı qurban vermişəm. Arzu edirəm ki, Azərbaycan analarının heç olmasa 2-3 faizi mənim kimi övladlarını xoşbəxt etsin. Övladlarım üçün belə işləyirəm. Oğlum mənə maşın da aldı ki, taksidən əl çəkim. Amma mən işimi sevdim. Dedim mənim öz həyatım var. Bu işdə mən özümü axtarıram və tapıram", - qadın sürücü işinə vurğunluğunu belə izah edir.


Bəzi qadınlar var ki, ərlərinə fors atırlar, amma...

Çörəyi daşdan çıxan Ş.Babayeva ərlərinə naz edən qadınlara da maraqlı ismarıc göndərdi: "Sürücülərin çörəyi daşdan çıxır. Bəzi qadınlar var ki, ərlərinə fors atırlar. Amma onlara üz tutaraq deyirəm ki, qoy ərlərinin qədrini bilsinlər. Çöldə-küçədə pul qazanmaq asan deyil".


Böyütmək üçün şəkillərə klikləyin.

Фото: Milli.az