Hicran Hüseynova: “İnsanlar qadının cəmiyyətdəki rolunun əhəmiyyətini daha da dərindən dərk edə bilirlər”

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün 8 mart beynəlxalq qadınlar günüdür. Qadınların ölkənin ictimai-siyasi həyatında rolu, onların fəaliyyəti və gördüyü işlərlə bağlı Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət Komitəsinin sədri Hicran Hüseynova "Kaspi"-nin suallarını cavablandırıb.

- Hicran xanım, ilk olaraq sizin qadınlar bayramınızı təbrik edirik. Bu gözəl gündə sizin ürək sözlərinizi eşitmək xoş olardı.
- Təşəkkür edirəm. Mən də sizin bayramınızı təbrik edirəm. Bütün Azərbaycan qadınlarını təbrik edirəm! Qoy bu gözəl bayramda hamının evində şadlıq, sevinc olsun.

- Bayram günündə işdən danışmazlar, amma bizdə olan məlumata görə, sizin Komitənin bütün əməkdaşları gərgin qrafiklə çalışır.

- Elədir, axı qarşıdan Azərbaycan qadınlarının IV qurultayı gəlir və indi rayonlarda qurultayqabağı konfranslar keçirilir, tanınmış qadınlarla görüşlərimiz olur. Ən başlıcası isə bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 ili tamam olur. Bizim Komitə tərəfindən bu məqsədlə bir sıra hazırlıq işləri həyata keçirilib.

- Bəlkə elə söhbətimizi bu yöndən davam etdirək: Heydər Əliyev və Azərbaycan qadınları. Bununla bağlı nə deyə bilərsiniz?

- Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin birinci mərhələsinə nəzər salsaq, görərik ki, əslində sosial-siyasi məsələlərin və gender problemlərinin həllinin əsası elə o vaxtdan qoyulmuşdur. Hələ Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası qadın problemlərini, gender məsələlərini istənilən səviyyədə müzakirə edərək müəyyən nəticəyə gələ bilmədiyi halda, Ulu Öndərin müdrik siyasi uzaqgörənliyi Azərbaycanda bu məsələlərin mütərəqqi həllinə təkan vermişdi. Bu nə ilə xarakterizə edilirdi? Heydər Əliyev əvvəl qadınların cəmiyyətdə sosial statusunu təhsil, səhiyyə, dövlət idarəçiliyi və digər sahələrdəki təmsilçiliyində görürdü. Elə bir sahə yox idi ki, orada qadınların iştirakı olmasın. Bu da qadın hərəkatında bir inkişafa səbəb oldu, eyni zamanda onlar üçün bir stimul rolu oynadı.

- Heydər Əliyev qadınların rəhbər vəzifələrə irəli çəkilməsinə həmişə yardımçı olub.
- O zaman qadınların rəhbər vəzifələrə irəli çəkilməsi üçün ölkədə hər bir şərait mövcud idi. Qadın akademiklər, qadın nazirlər, qadın ali məktəb rektorları o illərdə irəli çəkilmişdilər. Heydər Əliyev Azərbaycanda yüksək səviyyəli cəmiyyət qura bilən, onu beynəlxalq miqyasda təmsil etməyi bacaran, milli və ictimai mənafeyi öz şəxsi mənafeyindən üstün tutmağa hazır olan qadınların idarəetmədə iştirakını daha da genişləndirirdi. Məsələ burasında idi ki, qadınlarımız da onlara göstərilən etimadı doğruldaraq çalışdıqları sahədə nümunə göstərir, uğurlar qazanırdılar. Hələ müstəqillikdən əvvəlki illərdə ölkənin müxtəlif təşkilatlarında, idarə və müəssisələrində 4 minə yaxın qadın şuraları fəaliyyət göstərirdi. Şurada birləşən 30 min nəfərədək qadın uşaq və yeniyetmələrin tərbiyəsi ilə məşğul olur, qadınların əmək və məişət şəraitinin yüngülləşdirilməsi üçün təşəbbüskarlıq göstərir, respublika qadınları arasında yenilikçilər hərəkatının təşkilində böyük rol oynayırdı. O illərdə qadınlarla bağlı ən yaddaqalan hadisə Azərbaycanda qadın qurultaylarının keçirilməsi idi. Sonrakı illərdə qadınlarımız xüsusi fəallıq göstərərək geniş quruculuqla məşğul olmuşlar. Elmdə, əməkdə, fəaliyyət göstərdikləri bütün sahələrdə görkəmli qadınlara fəxri adların verilməsi, milli-mədəni irsimizin təbliği, bu əsaslar üzərində müasir mədəniyyətimizin inkişafına nail olunması Heydər Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətlərindən idi.

- Bir qədər də qadınların qurultayları barədə məlumat verərdiniz?

- 1998-ci ilin 14-15 sentyabrında Azərbaycan Respublikası Pre¬zidentinin rəhbərliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə müstəqil Azərbaycan qadınlarının 1-ci Qurultayı keçirildi. Qurultayda respublikanın bütün şəhər və rayonlarından 2 mindən artıq nümayəndə iştirak edirdi. Qurultay qadınların fəallığı və onların həll edilməmiş problemlərinin təhlili baxımından mühüm əhəmiyyət daşıyırdı. Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə gələcək strategiya barədə qeydlər edən Ulu Öndərin çıxışı qurultay iştirakçılarının proqram sənədinə çevrildi. Həm də onunla əlamətdar oldu ki, Pekin Konfransının müddəalarına əsaslanaraq qadınların sosial-iqtisadi həyatının yaxşılaşdırılmasına da öz töhfəsini vermiş oldu. Heydər Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyi münasibəti ilə hazırlanmış tədbirlər proqramında da birbaşa və bilavasitə qadınların hüquqları, azadlıq və bərabərlikləri istiqamətində atılacaq addımlar əksini tapırdı. Həmin Proqramda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Nazirlər Kabineti, Bakı şəhər İcra Hakimiyyəti ilə yanaşı, Qadın Problemləri üzrə Dövlət Komitəsinin də təmsil olunması qadın hərəkatının dövlət idarəçiliyində fəal iştirakını təsdiqləyirdi. Qeyd etməliyik ki, o illərdə Qarabağ müharibəsi ilə əlaqədar qadın hərəkatında bir qədər boşluq yaransa da, bu, tezliklə vətənpərvər, ictimai cəhətdən fəal qadınların hesabına öz yerini aldı. Azərbaycan qadınları həyatımızın bütün sahələrində ciddi fəaliyyətə başladılar. 2003-cü ildə keçirilmiş Azərbaycan qadınlarının II qurultayı ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqi olmaqla, eyni zamanda Heydər Əliyev qadın siyasətinin təntənəsi kimi tarixə çevrildi.

- Elə sizin Komitənin yaradılması da Heydər Əliyev siyasi kursunun təntənəsi kimi yaddaşlarda qalıb. Bu barədə nə deyərdiniz?

- 2006-cı il fevralın 6-da prezident İlham Əliyevin imzaladığı Fərmanla Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması əslində qadın məsələlərinə kompleks yanaşmanın nəticəsi idi. Bu o deməkdir ki, ailə, qadın və uşaq problemləri dövlət siyasətinin prioritet istiqamətlərinin əsasını təşkil edir. İndi qadınlar həyatımızın aparıcı qüvvəsinə çevrilib. Dövlət qadın siyasətinin bariz nümunəsi kimi qadınların rəhbər vəzifələrə irəli çəkilməsini, parlamentdə qadın deputatların sayının artmasını, bələdiyyə seçkilərində və qeyri-hökümət təşkilatlarında qadınların artan sürətlə təmsilçiliyini xüsusi qeyd etmək lazımdır.

Həyatımızın bütün sahələrini əhatə edən "Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında" ölkə Prezidentinin 10 oktyabr 2006-cı il tarixli Fərmanı, əslində Müstəqillik dövrünün ən önəmli Qanunlarından birinin təsdiqinə şərait yaratmış oldu. Buradan belə nəticəyə gələ bilərik ki, "Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında" Qanun təkcə qadınlara şamil olunmur, həm də cəmiyyətin bütün üzvlərini əhatə edir. Fərəhli haldır ki, Azərbaycanda Gender büdcələşməsi təsdiq olunmuşdur. Müstəqilliyin ilk illərində ağır müharibə şəraiti və iqtisadi çətinliklərə baxmayaraq Azərbaycan bir çox Qərb ölkələrindən daha əvvəl BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" və "Uşaq hüquqları haqqında" Konvensiyalara qoşulmuşdur. Bu, Heydər Əliyevin müdrik siyasətinin nəticəsi idi. Azərbaycan Respublikası həmin Konvensiyalara üzvlüklə bağlı vaxtaşırı BMT-yə hesabat təqdim edir. Hesabatların beynəlxalq strukturlar tərəfindən yüksək qiymətləndirilməsi Ümummilli Liderin parlaq ideyalarının həyata keçirilməsinin əyani sübutudur.

- İlham Əliyevin rəhbərliyi dövründə də qadın problemləri həmişə diqqət mərkəzində olub. Bir neçə kəlmə də bu barədə məlumat verərdiniz.

- Prezident İlham Əliyevin 2 oktyabr 2010-cu il tarixdə imzaladığı Fərmanla "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun qəbulu qadın məsələlərinin hər zaman dövlət başçımızın diqqət mərkəzində olduğunun təzahürüdür. Həmçinin Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması ilə bağlı dəyişiklik də dediklərimizi bir daha təsdiq edir. Bu Qanunların və Məcəlləyə dəyişikliklərin edilməsində birinci xanımı Mehriban Əliyevanın xüsusi dəstəyi olub. Mehriban xanım Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Həm ölkəmizin daxilində, həm də ölkə hüdudlarından kənarlarda bir sıra beynəlxalq təşkilatlar tərəfindən yüksək mükafatlara və orden-medallara layiq görülməsi onun öz xalqına, dövlətinə sədaqəti, yerinə yetirdiyi şərəfli missiyanın göstəricisidir. Mehriban Əliyeva həm ictimai fəaliyyətində, həm də şəxsi həyatında Azərbaycan qadınlarına həmişə nümunə olmuşdur. O, ailə ənənələrinə, milli-mənəvi dəyərlərə, azərbaycançılıq düşüncəsinə könüldən bağlıdır. Ulu Öndər Heydər Əliyevin ideyalarını daim yaşadan İlham Əliyev və xanımı Mehriban Əliyeva böyük şəxsiyyətin əməllərini ləyaqətlə davam etdirirlər.

- Sonda Azərbaycan qadınlarına nə demək istəyərdiniz?

- Sözümü Ümummilli Liderin hamıya örnək olası bir fikri ilə bitirmək istəyirəm: "Qadın çox ülvi varlıqdır. Ona hörmət hər bir insanın yüksək mənəvi borcudur". Mən məmnuniyyət hissi ilə deyə bilərəm ki, bizim ölkəmizdə - Azərbaycanda qadına hörmət günü-gündən artır və insanlar qadının həyatda, cəmiyyətdə rolunun əhəmiyyətini daha da dərindən dərk edə bilirlər.

/Kaspi.az/