Xalqımızın yeni “Novruz” ilində bütün arzuları çin olsun!

Day.Az представляет статью на азербайджанском языке.

Nuhdan başlayan yeni gün

Novruz qədim türk xalqında yeni il, yeni arzular bayramıdır. Çoxları bu bayramı islam dini və ya məhsul bayramları ilə əlaqələndirməyə çalışırlar. Təəssüf ki, ona siyasi don geyindirənlər də az deyil. Lakin bütün bu bənzətmələrə baxmayaraq, milli bayramımızın tarixi daha da qədimdir və bütün ideologiyaların fövqündə dayanır. O, nə idealist, nə də materialist fəlsəfənin təcəssümüdür. O, ilk növbədə türk xalqlarının birliyinin və əməyə olan məhəbbətinin göstəricisidir. Bu danılmaz həqiqəti bir daha sübut etmək üçün mövzuya kəlmənin mənası ilə başlamaq istəyirəm.

Novruz farsca bir kəlmə olub, yeni gün mənasını verdiyindən onu səhvən fars bayramı adlandırırlar. Həmin düşüncə sahibləri iddia edirlər ki, biz bu bayramı məhz farslardan mənimsəmişik. Lakin bir faktı qeyd etmək kifayətdir ki, bu fikrin kökündən yanlış olduğu sübuta yetsin. Əvvəla, qədim dövrlərdən bəri türkdilli coğrafiyalarda bu bayram fasiləsiz qeyd olunur. İranın özündə də Novruz daha çox etnik azərbaycanlılar arasında geniş yayılıb. Ümumən İran ərazisində, həmçinin Pakistan və Əfqanıstanda bayram bütün miqyası ilə qeyd edilmir. Bu da "Novruz"un milli mənsubiyyətindən xəbər verir. Filologiya elmləri doktoru, akademik İsa Həbibbəyli bayramı əks etdirən kəlmənin "Novruz" deyil, "Nuh Ruz" olduğunu bildirir. Nuhun günü mənasını verən bu söz birləşməsi bayramın qədimliyini və tarixi mahiyyətini ortalığa qoyur. Belə ki, bütün dinlərin qəbul etdikləri ortaq mifologiyaya görə, insanlıq tarixi məhz həzrəti Nuhun xilaskarlıq missiyasından sonra başlayıb. Alimin fikrincə, yeni həyat, yeni nəfəs mənasını verən bu günün bayram edilməsi təsadüf sayıla bilməz. Göründüyü kimi, Novruzun tarixi türk xalqlarının tarixi qədər qədimdir. Bilinən ən qədim türk təqvimi "On iki heyvanlı təqvim"də yeni ilin ilk günü məhz 21 martdan hesablanır, yəni bildiyimiz Novruz bayramından.

İslamiyyətdən sonra hicri təqvimi qəbul edilməklə bərabər Səlcuq Sultanı Məlik şah zamanında "Cəlalə Təqvimi" adlı yeni təqvim qəbul etdirilmişdir ki, orada da 21 mart yeni ilin ilk günü kimi qeyd olunur. Hətta qədim Çin qaynaqlarında hunların və uyğurların martın sonlarında ovalıqlarda kütləvi şənliklər təşkil etdiyi də tarixə məlumdur. O dövrə aid qayaüstü uyğur rəsmlərində Novruz şənliklərinin təsvirlərini açıq-aydın görmək mümkündür. Hətta bu rəsmlərdə səmənilər və bəzəkli yumurtalar da təsvir olunub. Tarix elmləri doktoru, professor Bahəddin Ögelin "İslamiyyət öncəsi türk tarixi" adlı əsərində nümayiş etdirilən eksponatlardan və tarixi faktlardan görürük ki, türk xalqlarının qeyd etdiyi Novruz şənliklərinin tarixi İslam tarixindən xeyli qədimdir. Əl Biruni "Nizamül Mülk", "Siyasətnamə" əsərlərində Novruzdan söz salmış, onun türk xalqlarında yeni il bayramı olduğunu bildirmişdi. Mahmud Qaşqari "Divani Lüğatil Türk" əsərində 12 heyvanlı türk təqvimindən bəhs edərkən 21 martın yeni ilin ilk günü olduğunu bildirmişdi və hər ili bir heyvanla əlaqələndirmişdi. Qaraqoyunlu hökmdarı Cahan Şahın şeirlərində "Novruz" yeni ilin, yeni həyatın göstəricisi kimi vəsf edilmişdi. Ağqoyunlu sultanı Uzun Həsən "Həsən Padşah Qanunları" kimi bilinən qanun toplusunda 21 martı təqvimin ilk günü elan etmişdi.

Orta Asiyanın türk xalqları, o cümlədən azərbaycanlılar, tatarlar, uyğurlar, Anadolu və Balkan türkləri, hətta xristian qaqauzlar da bu bayramı günümüzədək gətirib çıxarmışlar. Bu və ya digər formada fərqliliklər formalaşsa da, ortaq dəyərlər dəyişməz olaraq qalıb. Əvvəla, adıçəkilən xalqlarda "Novruz" müxtəlif cür adlansa belə, istisnasız olaraq yeni gün mənasını verir. Onun adət-ənənələrində yeni həyat, yeni nəfəs, yeni arzular tərənnüm olunur. İnsanlar bol ruzi arzusu ilə təbiətlə təmasa girirlər, təbiətin onlara bəxş etdiyi naz-nemətləri bayram libasına salır, birlikdə şənlənirlər. Bayramdan öncə bir qayda olaraq ailəvi iməciliklər, abadlıq, təmizlik işləri həyata keçirilir. Bayram ərəfəsində yumurtalar boyanır, səmənilər cücərdilir, müxtəlif şirniyyatlar bişirilir. Novruzda ailələr bayramlaşır, gənc qızlar fala baxdırır, oğlanlar qızların könlünü qazanmaq üçün bir-biri ilə yarışır, uşaqlar böyüklərin qulluğunda durur və sair. Bir sözlə, hər kəs yeni ili bayram əhval-ruhiyyəsində qarşılamağa çalışır ki, arzuları çin olsun.

Bu gün qürurla deyə bilərik ki, bütün türk toplumları arasında "Novruz" adətlərinə daha çox sadiq qalan, onu yaşadan və zənginliklərinin keşiyində duran Azərbaycan türkləridir. Azərbaycanda bu bayram xüsusi rövnəqlə və təntənə ilə qeyd olunur. Heç təsadüfi deyil ki, məhz Azərbaycan dövlətinin təklifi ilə "Novruz" BMT-nin rəsmi bayramları siyahısına daxil edilib və beynəlxalq bayram statusuna layiq görülüb. Bu da yeni dövrdə yeni arzuların başlanğıcı deməkdir. Heç təsadüfi deyil ki, azərbaycanlılar yaşadıqları dövlətdən asılı olmayaraq hər yerdə "Novruz" adət-ənənələrinə sadiqdirlər. Çünki bu bayram onlar üçün yeni və daha da gözəl olacaq ilin başlanğıcı, yeni arzuların bayram səmənisi kimi cücərdiyi mərasimdir. Türkiyənin etnik azərbaycanlılar yaşayan İğdır vilayəti də istisna deyil.

"Söz orucu"

Türkiyənin İğdır vilayətinin Melekli şəhərciyində "Novruz" bayramına hazırlıqlar tam gücü ilə davam edir. "Melekli Nevruz Etkinlikleri Tertip Komitesi (MNETK)" üzvü Nevzat Turanın "Oxu Məni" qəzetinə verdiyi məlumata görə, bölgə əhalisi arasında milli adətə çevrilmiş və hər il istisnasız qeyd olunan "Söz orucu" 1 martdan etibarən qüvvəyə minir. Bu münasibətlə təşkilat komitəsi jurnalistlərə açıqlama verib və onları bölgənin "Novruz" adət-ənənələri ilə tanış edib. N.Turan bildirib ki, bayrama qədər ilk mərhələdə təbiətə, ekologiyaya qulluq nəzərdə tutulursa, iməciliklər keçirilirsə, ikinci mərhələdə sırf mənəvi məsələlərə önəm verilir. Məhz bu gündən qüvvəyə minən "Söz orucu" adəti də bu amala xidmət edir. "Söz orucu" insanları pis kəlmələr söyləməkdən, pis düşünməkdən və ümumiyyətlə pis vərdişlərdən uzaq tutmağa xidmət edir. Yaxın 20 gün ərzində küsülülər mütləq barışmalı, düşmənçiliklər bitməlidir.

Bölgənin "Novruz" adətlərinə görə bu ənənəyə riayət etməyən şəxslər günaha batmış sayılırlar: "bu günlərdə hər kəs keçən ilin sıxıntılarını, acılarını və xoşagəlməz hadisələrini unutmağa çalışır, küsülü olanlar barışdırılır. Burada məqsəd keçmişin acı xatirələrini unutdurmaq, narazılıqların bir yana buraxılaraq yeni ilə sağlam düşüncə, xoş niyyət və sülh içində girib, baharı sevinclə qarşılama və o ilin daim gülər üz, əmin-amanlıq və bərəkət ili olması fikrini aşılamaqdır", - deyə MNETK üzvü qədim "Novruz" bayramının mənəvi və sosial əhəmiyyətindən danışıb. Daha sonra təşkilatın digər üzvü Yakup Akpolat bayramın bölgə xalqına verdiyi mənəvi gücdən danışıb: "Bu gün heç kim dilinə pis söz almaz, dedi-qodu eləməz, evlərdə, bağçalarda, eyvanlarda ancaq yaxşı mövzular danışılır. Allah dərgahında səmimiyyətlə dua edilir. Arzular, istəklər dilə gətirilir. Bunlar qapıdan, pəncərədən, pərdə arxasından qulaq falına çıxan qonşuların ürəkaçan sözlər, xeyir-bərəkət arzusu və Allahın kəlamlarını duyması üçündür. Göründüyü kimi, bölgəmizdə qeyd olunan bu gözəl bayram insanların öz ailələri ilə yanaşı başqalarının da hüzur və rifahına önəm verir, geniş bir miqyası əhatə edir". "Novruz" bayramı öncəsi baş tutan tədbirdə təşkilatçılar baharın müjdəçisi olan "Novruz" bayramının həmçinin mənəvi dəyərlərin qorunub saxlanılmasında, nəsildən-nəslə ötürülməsində əvəzsiz vasitə olduğunu bildirdilər. Daha sonra bayram səməniləri əkildi.

Nəticə:

"Novruz" bayramının yeni ilin müjdəçisi olduğunu tarix sübut edir. Onun yeni arzulara yol açdığı isə bayram rituallarından bəlli olur. Əvvəla, hər kəs bayram əhval ruhiyyəsinə bürünür və bu, həyatın bütün sahələrinə sirayət edir. Bayrama qədər hamı hazırlıq prosesinə cəlb olunur. Əkin, biçin, təmizlik işləri qışdan sonra yeni və daha aktiv həyata ilk addımı simvolizə edir. Bayramda "Novruz"a xas təamlar hazırlanır, süfrələr açılır ki, bu da formalaşmış mətbəx mədəniyyətinin inkişafına xidmət edir. Keçirilən yarışmalar, əyləncəli müsabiqələr uşaq və yeniyetmələr arasında yeni-yeni istedadların üzə çıxmasına səbəb olur. Fala baxmalar, qapı pusmalar gənclərin xoşbəxt olmaq arzularından xəbər verir. Bayramda mərhumlar yad edilir. Bu da öz növbəsində milli-mənəvi dəyərlərə sədaqətdən xəbər verir. Tonqallar qalanır ki, bu da insanların bir araya toplaşmasına, ortaq dəyərləri bölüşməsinə, xoş anları birlikdə paylaşmasına vəsilə olur. "Novruz"da mütləq küsülülər barışır. Bu da xoş niyyətin göstəricisidir və ilk növbədə yeni ilin köhnə ildən qalan problemlərdən arınması deməkdir. Bu müqəddəs bayramda adətlər çoxdur, sadalamaqla bitmir. Onların ümumi amalı ondan ibarətdir ki, "Novruz" xoş niyyət, xoş arzu ilə köklənib. O, yeni ildə yeni arzuların həyata keçməsinin rəmzidir.

Müəllifdən:

Qarşıdan "Novruz" bayramı gəlir. Artıq bütün türk xalqları bu bayrama tam gücü ilə hazırlıq görür. Rəsmi dövlət hazırlıqları ilə yanaşı hər kəs öz ailəsində, hətta öz daxilində bu bayrama hazırlaşır. İnsanlar daxilən saflaşmağa, pis vərdişlərdən azad olmağa çalışırlar. Zəhmətin önəmini anlayır, hər kəslə isti münasibətin vacibliyini dərk edirlər. Beləcə arzulardan arzu doğur. "Yeni "Novruz" ilində hər kəsin yeni arzuları çin olsun" arzusu ilə.

Oxumeni.az