Azərbaycan Dostluq və Qardaşlıq Dərnəyi Ankarada Novruz bayramını qeyd etmişdir - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

23 mart tarixində Novruz Bayramı münasibətilə Ankarada TR Təhsil Nazirliyinin binasında Səfirliyimiz və Azərbaycan Dostluq və Qardaşlıq Dərnəyinin təşkilatçılığı ilə geniştərkibli konsert həyata keçirilmişdir.

Tədbirdə TR Təhsil Nazirinin müavini, Ankara Valisinin müavini, Ankara Böyükşəhər Bələdiyyəsinin Baş Katibi Kamil Kılıç, Turqut Özal Universitetinin Rektoru Erol Oral, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, çox sayda Ankara ictimaiyyətinin nümayəndələri, Ankarada təhsil alan tələbə və kursantlarımız, diaspor nümayəndələrimiz, çox sayda elm adamı və ictimai xadimlər, eləcə də KİV nümayəndələri iştirak etmişlər.

Tədbirdə ilk olaraq, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, iki ölkə himnləri səsləndirilmiş və ardından AR Prezidenti möhtərəm İlham Əliyev cənablarının Novruz Bayramı ilə bağlı açıqlaması Səfirliyimizin Müşaviri Ceyhun Zeynalov tərəfindən tədbir iştirakçılarına oxunmuşdur.

Daha sonra, Ankara Valisinin müavini, Turqut Özal Universitetinin Rektoru Erol Oral və Azərbaycanda fəaliyyət göstərən Çağ Öyrətim Şirkətinin rəhbəri Enver Özeren həyata keçirdikləri çıxışlarında Novruz Bayramı və iki qardaş ölkə münasibətləri haqqında öz fikirlərini auditoriya ilə bölüşmüşlər.

Ardından Azərbaycan mahnılarından ibarət, eləcə də muğam musiqisi ilə yanaşı, ölkəmizə xas şerlərin səsləndirildiyi konsert tədbir iştirakçılarına şən və xoş anlar yaşatmışdır.

Qeyd etmək istərdik ki, Ankarada Novruz Bayramı ilə bağlı Çankaya və Qazi Universitetlərində də tədbirlər təşkil olunmuşdur. Eyni zamanda TÜRKSOY tərəfindən də Ankarada yerləşən Gənclik Parkında Novruz Şənliyi həyata keçirilmişdir. Sözügedən bu tədbirlərdə Səfirliyimiz yaxından iştirak etmiş, ölkəmiz açılan stendlər vasitəsilə təmsil olunmuşdur. Qazi Universitetində Novruzla bağlı təşkil olunmuş elmi konfransda Səfir Faiq Bağırov Novruz Bayramının tarixi ilə bağlı müfəssəl çıxış həyata keçirmişdir.