Sosial şəbəkələr dərdimizi artırır?

Day.Az представляет новость на азербайджанском языке.

Elə bil dərdlər artıb. Ya da elə həqiqətən artıb dərdlər. Hər halda, istənilən sosial şəbəkədə "dərd paylaşanlar" xeylidir. Amma onların bu dərdi necə deyərlər, heç də çörək dərdi deyil. İnsanlar mənəvi sıxıntılardan əziyyət çəkirlər. Belə baxanda görürsən ki, ümumi hal-vəziyyət o qədər də pis deyil. Amma giley-güzarlar çoxala-çoxala gedir.

Əlbəttə, kimsə hansısa paltarı ala bilmədiyini dərd saymır. İnsan tənhalıqdan, dostunun olmamasından gileylidir və istəyir ki, sosial şəbəkələrdə "dostunu" çoxaltmaqla dərdini "azaltsın".

Belə çıxır ki, cəmiyyət üzvlərinin bir sıra köməkçi vasitələrə inamı qalmayıb. Məsələn, elə həkimlərə. Amma eşidirik ki, sosial şəbəkələrdə "oturanların" psixoloqa ciddi ehtiyacları var. Belə ki, gecə yarısı kompyuter qarşısında əyləşən adamın düşüncə tərzindən əlbəttə ki, şübhələnməyə dəyər. Əgər birisinin yuxusu gəlmirsə və onun özü bunu problemlərinin çoxsaylı olması ilə bağlayırsa, elə onun psixoloji probleminin olmaması şübhəsizdir. Ağlı yerində olan insan işdən yorğun gəlibsə, vaxtında yatmalıdır. Ən azı ona görə ki, sabah yenə eyni vaxtda iş başında olacaq. Lakin sosial şəbəkələr vasitəsilə yeni tanışlıqlar arayanlar, buradakı "dostları" ilə dərdlərini bölüşənlər çox vaxt "bekarçılıqdır" deyə vaxt öldürməyi də sevirlər. Elə məhz bu bekarçılıq onları "yazışma yaradıcılığına" dəvət edir. Bu da maraqlıdır ki, bir çox elm adamları öz fikirlərini, hətta müdrik fikirlərini sosial şəbəkələr vasitəsilə bölüşürlər. Şairlərin də əksəriyyəti bir parça şeirləri ilə tez-tez burada görüntülər təşkil edirlər. Belə şeylər əvvəllər bir başqa cür təşkil olunurdu. Məsələn, yaradıcı insanlarla gecələr keçirilirdi. Sonralar belə tədbirlərə ehtiyac duyulmadı. Həmin gecələri insanlar öz aləmlərinə qatmaqdan usandılar.

İnkişaf edən cəmiyyətin telefon SMS-ləri isə hazırda şəbəkə istifadəçilərinin bütün dostlarına eyni vaxtda göndərə bildiyi ismarıclarla əvəzlənib. Xüsusən, yeniyetmələr belə yazışmalara daha çox üstünlük verirlər. Telefonla danışarkən, onların ətrafdakılar tərəfindən dinlənildikləri narahatlıq doğurur və uşaqlar gözlərini ekrana zilləyib yazmağa başlayırlar.

Bu yazışmada isə onların hər bir istəyi əks oluna bilir. Belə ki, hər bir uşaq evindəki məişət məsələlərindən tutmuş təhsilindəki yeniliklərə, getdiyi məşqlərin maraqlı olub-olmamasına qədər istək və arzularını aramsız bölüşür. Bu bölüşmələrə sevgi iztirabları da əlavə edildikdə, bir insanın əməlli-başlı problem yaşadığı üzə çıxır.

Onsuz da iri şəhərlərdə yaşayan insanlar tənbəlləşiblər və yaşadıqları ərazinin bu başından durub o başına getməyi planlarına daxil etmirlər. Bu, əlavə vaxt və pul itkisi deməkdir. Hətta bayramları da təbrik etmək üçün belə münasib vasitələrin olduğu halda, bayıra çıxmağa, əlavə vaxt keçirməyə nə ehtiyac?

Bəziləri belə hesab edir ki, insanlar tanımadıqları şəxslərə dərdlərini danışanda yüngülləşirlər. Yəqin bu ondan irəli gəlir ki, eyni dərdi eyni insana danışmağın özü də bir problem yaradır. Elə mütəxəssislər də bu fikirdədirlər ki, kiməsə həddən artıq öz dərdini danışmaq insanı depressiyaya salır. Görünür, sosial şəbəkələrdə daimi "yurd-yuva quranlar" da elə depressiyalı şəxslərdir.

Şəbəkələr yeni tanışlıqlar üçün daha əlverişlidir. Məsələn, hər kəs yenicə tanış olduğu birisi ilə real həyatda tez görüşüb qəti qərar vermək fikrində olmur. Amma uzun-uzadı yazışmalar bu tanışlıqların dərinləşməsinə və ya yarıda qırılmasına imkan verir. Onun fəsadlarından isə söz açmağa dəyməz...

Kaspi.az