Professor: "Hipertoniyanın tam müalicəsi mümkün deyil"

Day.Az представляет новость на азербайджанском языке.

Hər il aprelin 7-i Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. 1948-ci ildən təməli qoyulan bu tarixə bağlı keçirilən tədbirlər sağlamlıq problemlərinə diqqətlərin cəlb edilməsi ilə qeyd edilir. ÜST 2013-cü ili Hipertoniya ili elan edib.

ÜST-ün bu ərəfədə yaydığı hesabata görə, dünyada hər 3 adamdan biri yüksək qan təzyiqinə malikdir. Bu isə 1 milyard insan deməkdir. Bu problem hər il 9.4 milyon insanın ölümünə səbəb olub
.
ÜST-ün hesabatında qeyd olunub ki, yüksək gəlirli ölkələrdə hipertoniya göstəriciləri daha aşağıdır.

Təşkilat yüksək qan təzyiqinin qarşısını almağın mümkünlüyünü önə çəkərək, qan təzyiqinin mütəmadi şəkildə yoxlanmasına çağırıb
.
Həkimlərin məlumatına görə, Azərbaycan hipertoniya xəstəliyinə görə dünya ölkələri arasında orta yerlərdən birini tutur. Ancaq xəstəlik ölkəmizdə də get-gedə inkişaf etməkdə, hipertonik xəstələrin sayı çoxalmaqdadır.

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Adil Baxşəliyev "Kaspi"yə müsahibəsində hipertoniyanın ən çox yayılmış ürək-damar xəstəliyi olduğunu bildirib:

Ölümlə nəticələnən fəsadlar

- Xəstəliyə yaşlı əhalinin 40 faizə yaxınında təsadüf olunur. Hər 10 illikdən bir xəstəlik 10 faiz artır. Hazırda 70-80 yaşlı qadınların 80-90 faizi hipertoniyadan əziyyət çəkir. Həkimlər xəstəliyin özündən çox, onun fəsadlarından qorxurlar. Çünki hipertoniyanın ölümlə nəticələnən fəsadları var. Hipertoniyası olan xəstələrdə 8-10 dəfə çox miokard infarktı, 10-12 dəfə çox insult əmələ gəlir. Uzunmüddətli hipertoniyası olanlarda ürək çatışmazlığı yaranır. Belə ki, ürək genişlənir, ürəyin yığılma qabiliyyəti - nasos funksiyası azalır, nəticədə ürək çatışmazlığı əmələ gəlir. Bu, müxtəlif növ aritmiyalar törədə bilər. Bu, elə bir xəstəlikdir ki, ürəyin işemiya xəstəliyi, şəkərli diabet tez bir zamanda buna qoşulur.

- Hipertoniyanın yaranmasının əsas səbəbləri nədir?

- Xəstəlikdə əsasən psixoemosional gərginlik, genetik faktorlardan, hormonlar arasında mütənasibliyin dəyişilməsi nəticəsində baş verir. Parametrik təzyiqin, havaların kəskin dəyişməsi hipertonik xəstələrdə özünü göstərir. Onlar metohəssasdırlar. Tez bir zamanda onlarda hipertonik böhran əmələ gələ bilər. Belə insanlar çox hündür yerlərdə yaşamamalıdırlar. Sovet dövründə hipertoniyası olanlara Kislovodska, Gədəbəyə və s. hündürlükdə yerləşən yerlərə getmək məsləhət görülmürdü. Havanın çox isti olmasının da onlara ziyanı var. Bu cür xəstələr həyat tərzlərində dəyişiklik etməli, xüsusən qida qəbuluna fikir verməlidirlər. Xüsusi duzlu qidalardan imtina etməli, çox maye qəbul etməməlidirlər. Onlar gecə növbələrində işləməməlidirlər. Ən əsası rahat həyat tərzi sürməlidirlər. Hipertoniyası olan xəstələr daim müalicə olunmalıdır.

- Hipertoniya nə üçün mərhələlərə bölünür? Xəstələr özləri üçün necə müəyyənləşdirməlidirlər ki, onlar hansı mərhələyə aiddirlər? Əlamətləri necə bilmək olar?

- Xəstəlik tədricən inkişaf edir. Yəni əvvəl gizli gedir, sonra birinci mərhələ başlayır. Bu, müalicə olunmadıqda xəstəlik ikinci mərhələyə, daha sonra üçüncü mərhələyə keçir. Get-gedə artıq orqanlar - böyrəklər, beyin, ürək bu prosesə cəlb olunur. sanki bu xəstəlik ateroskleroz xəstəliyini sürətləndirir. İlkin mərhələdə qan təzyiqi o qədər yüksək olmur. Təzyiq 140-160 və aşağısı 90 olur. Ənsə nahiyəsində ağrılar yaranır. Ürəkdə hələ dərin dəyişikliklər baş vermir. İlkin mərhələdə insanlar lazımi həyat tərzini düzgün qursalar - pəhrizə əməl etsələr, yağlı qidalardan qaçsalar, xörək düzünü az qəbul etsələr, yuxunu normallaşdırsalar və heç nəyə əsəbiləşməsələr, bu, ikinci mərhələyə keçməz. Adi siqnal səsi, səs-küy təzyiqi qaldırır. Əgər yaşadığınız evin yaxınlığında yeni ev tikirlərsə, səhər saat 8-dən axşam 10-a qədər ətrafda maşınlar işləyirsə, onda insanda səs-küy hipertoniyası əmələ gələcək. Əfsus ki, insanlar xəstəliyə uzun müddət əhəmiyyət vermir, həkimə müraciət etmirlər. Həkimə o zaman gedirlər ki, ortaya fəsadlar çıxır, ya da təzyiq 200-ə qalxandan sonra şiddətli başağrıları, ürəkbulanma və s. simptomlardan sonra həkimə gedirlər.

- Arterial təzyiqin yüksəlməsi nə ilə bağlıdır?

- Hipertoniyanın ilkin əlaməti arterial təzyiqin yüksəlməsidir. Yaxşı olar ki, belə vaxtda insanlar sakitləşdirici dərmanlardan istifadə etsinlər. Əgər bu, kömək etmirsə, zəif təsirə malik olan hipotenziv dərmanlar qəbul etməlidirlər.

Yeniyetməlik hipertoniyası

- Azyaşlıların hipertoniyadan əziyyət çəkməsi hallarına da rast gəlinir.

- Yeniyetməlik hipertoniyası deyilən xəstəlik var. 7 faizə qədər uşaqlarda, xüsusən kökəlməyə meylli uşaqlarda yeniyetməlik hipertoniyası yaranır. Onlarda təzyiq 140-80 olur. Belə uşaqları qeydiyyata götürmək və onların səhhəti ilə məşğul olmaq lazımdır. Sovet dövründə birincili və ikincili profilaktika var idi. Təəssüf ki, indi biz bunları unutmuşuq. Mən həmişə deyirəm: sovet səhiyyə sisteminin yaxşı cəhətləri saxlanılmalıydı. Amma təəssüf ki, bunlar qorunmadı.

- Hipertoniyanın tam müalicəsi mümkündürmü?

- Xəstəliyin tam müalicəsi mümkün deyil. Xəstəlik get-gedə artır. Yalnız öz qayğısına yaxşı qalan insanlar, xəstəliyin mahiyyətini düzgün başa düşənlər 80-90 il yaşayırlar.

- Tibb elmi xəstəliyə qadınların, yoxsa kişilərin daha çox meyilli olmasını araşdırıbmı?

- Kişilər qadınlardan daha çox hipertoniyadan əziyyət çəkirlər. Qadınlarda aybaşı sikli pozulandan sonra - menopauza dövründə və hətta, menopauza öncəsi hipertoniyanın əlamətləri meydana çıxır. Bu zaman qadınlarda piylənmə yaranır, qan təzyiqi yüksəlir. Menopauza bitəndən sonra hipertoniya özünü daha şiddətli göstərir. 70-75 faiz qadınlar bu ərəfədə hipertoniyadan əziyyət çəkirlər. Əgər qadın uzun müddət fəaldırsa, cinsi hormonlar olan estrogen varsa, qadında təzyiq qalxmır, hipertoniya yaranmır. Estrogenlər get-gedə azalanda qan təzyiqi baş qaldırır. Kişilərdə isə siqaret çəkmə, alkohollu içkilərin, duzlu qidaların qəbulu, həddən artıq emosional olmaları, psixoemosional gərginliklər hipertoniyaya gətirib çıxarır. Onlarda 40-45 yaşlarında qan təzyiqi yüksəlməyə başlayır, sonradan get-gedə stabilləşir və ya artır. Hər 3 infarkt keçirənin birində hipertoniya, birində şəkərli diabet var. Xəstələrin çoxu elə düşünür ki, xəstəliyin kurs müalicəsi var. Bu, yanlış fikirdir. Daha doğrusu, bu fikir 40-50-ci illərdə qalıb. Xəstəliyi olan şəxslər ömür boyu dərman qəbul etməli, pəhrizə əməl etməli və sağlam həyat tərzinə üstünlük verməlidirlər.

Qeyd edim ki, hipertonik xəstələr avtomobil idarə etməməlidirlər. Yollar tıxaclarla doludur. Bakıda bir milyona yaxın maşın var. Sürücülərin 50-60 faizində hipertoniya var. Sürücüləri yoxlayandan sonra onların məsələn, avtobus idarə etməsinə icazə verilməlidir. Havanın istisi, sərnişinlərin sıxlığı və nəqliyyat müfəttişlərinin həyəcanı təzyiqlərinin artmasına səbəb olur. Onların intellektual səviyyələri də aşağı olur. Başa düşmürlər ki, qəfil ölüm baş verə bilər - infarkt ola bilərlər, beyinə qan sıza bilər.

- Yazın gəlişi ilə bağlı bır sıra insanlar özlərində əzginlik, narahatlıq hiss edirlər. Bunun hipertoniya ilə əlaqəsi ola bilərmi?

- Fəsil dəyişdikdə ürəkdə döyüntülərin artmasına, yaşlılarda diabet, yüksək təzyiq, ürək çatışmazlığı, infarkt, stress və baş ağrılarının çoxalmasına səbəb olur. Xüsusən günəşli havalarda hipertoniklər özlərini pis hiss edirlər. Onlar həkim tərəfindən təyin edilən dərmanları qəbul etməlidirlər. Lazım gələrsə, dozanı bir qədər də artırmalıdırlar. Özlərində narahatlıq hiss edən insanlar həkimə müraciət etməlidirlər. kBizdə yaşıl parklar varmı? Yoxdur. İnsanlara açıq havada, yaşıl parklarda gəzmək məsləhətdir. Baxın görün avtobuslarda nələr baş verir. Bəs metrodakı sıxlıq? Bütün bunlar əlbəttə ki, insanları xəstələndirir.

Kaspi.az