Hamiləliyə və doğuma görə müavinət və digər məsələlər haqqında

Day.Az представляет новость на азербайджанском языке.

Son vaxtlar ölkədə vətəndaşların məzuniyyət hüququ ilə bağlı çoxsaylı problemlər müşahidə olunmaqdadır. Əmək qanunvericiliyi, eləsə də Konstitusiyada vətəndaşların istirahət hüququnun burbaşa təsbit olunmasına baxmayaraq işəgötürənlər tərəfindən sözügedən hüququn tətbiqində qanunsuzluğa yol verilir. Məsələ orasındadır ki, əksər hallarda vətəndaşların məzuniyyət hüququ bilərəkdən pozulur və işçilər onun bərpasında maraqlı görünmür. Xüsusən işləyən qadınların istirahət və məzuniyyət hüquqlarında istifadə sahəsində mövcud olan problemlər insanları narahat etməkdədir. Analığa görə məzuniyyətin verilməsi, qanunvericilikdə nəzərdə tutulmuş ödənişlərin həyata keçirilməs ində ən aktual məsələlərdən hesab olunur. Məzuniyyətində olan qadın uşaq ölü doğularkən işə çıxmaq hüququna malikdirmi? Belə olan halda işə qayıdan qadın analıq məzuniyyətinə görə aldığı pulun ikinci hissəsini qaytarmalıdırmı? Yaxud, işəgötürən həqiqi hərbi xidmətə çağırılmış işçi ilə olan əmək müqaviləsini ləğv edə bilərmi? Bu kimi suallar hazırda işləyən vətəndaşların daha çox maraqlandıqları məsələlərdən hesab olunur.
 

Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinin 1-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 saylı Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamənin 65-ci bəndinə görə hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Adı çəkilən Əsasnamənin 72-ci bəndinə görə hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır. Həmin Əsasnamənin 67-ci bəndinə görə hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır: "Nəzərə almaq lazımdır ki, hamiləliyə və doğuma görə müavinətin ödənilməsində əsas məqsəd itirilmiş əmək haqqını bərpa etmək və ana ilə uşağın sağlamlığının mühafizəsindən ibarətdir. Digər tərəfdən, işçinin məzuniyyət bitmədən geri qayıtması işəgötürənin mülahizəsi əsasında həyata keçirilir. Başqa sözlə, işçi məzuniyyət müddəti bitmədən işə çıxmaq istəsə belə, işəgötürənin razılığı olmadan bu istəyini həyata keçirə bilməz. Bununla yanaşı, qüvvədə olan qanunvericiliyə görə hamiləliyə və doğuşa görə verilən məzuniyyətdən vaxtından əvvəl geri qayıtma prosedurunu tənzimləyən hər hansı konkret qayda yoxdur. Bütün bu şərtlərdən çıxış edərək və mövcud təcrübəni nəzərə alaraq deyə bilərik ki, işçinin hamiləliyə və doğuşa görə verilən məzuniyyət müddəti bitdikdən sonra əmək fəaliyyətinə başlaması daha məqsədəuyğundur".
 

Hüquqşünasın sözlərinə görə, işçi həqiqi hərbi xidmətə çağrıldığı halda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsindən deyil, tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsindən söhbət gedir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "a" bəndinə görə işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda onunla bağlanmış əmək müqaviləsinə xitam verilir. İşçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin birinci hissəsinin "a" bəndi ilə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. Əmək Məcəlləsi müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş işçi barəsində daha bir təminatı nəzərdə tutur. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 9-cu hissəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.
 

/Olaylar.az/