"Azərikimya"da Ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş kitab sərgisi keçirilmişdir - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

 

"Azərikimya" İstehsalat Birliyinin akt zalında Sumqayıt şəhər Mərkəz­ləşmiş Kitabxanalar Sistemi ilə birgə Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilmişdir.
 

Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər Mərkəz­ləşmiş Kitabxanalar Sisteminin direktoru Yeganə Əhmədova dahi rəhbərin 90 illiyinə həsr edilmiş bugünkü sərgiyə çıxarılmış 500-dən artıq kitab haqqında ümumi məlumat vermişdir. Qeyd olunmuşdur ki, sərgiyə daxil edilən kitablar əsas etibarilə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlıdır. Sərgiyə dünya şöhrətli siyasətçi haq­qında Azər­baycan, rus və ingilis dillərində yazılmış bədii, elmi, siyasi və publisistik əsərlərin daxil edildiyi kitablar da təqdim edilmişdi.
 

Sərgidə dahi siyasətçi Heydər Əliyevin həyatının bütün mərhələlərini - 1923-1959-cu illəri əhatə edən uşaqlıq, gənclik, tələbəlik və milli təhlükəsizlik orqanlarındakı fəaliy­yəti dövrünü, 1969-1982-ci illərdə Azərbaycana ilk rəhbərlik dövrünü, 1982-1990-cı illər­də SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsində çalışdığı, 1990-1993-cü illərdə Naxçıvandakı fəaliy­yəti və Azərbaycan rəhbərliyinə yenidən qayı­dışı və 1993-2003-cü illərdəki on illik gərgin, səmərəli fəaliyyəti dövrünü əhatə edən kitablar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
 

Tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan, möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən danışmışlar. Vurğulanmışdır ki, klassiklərimizin əsərlərinin, müasir Azərbaycan ədəbiyyatından nümunələrin və dünya ədəbiyyatından seçmələrin latın qrafikalı əlifba ilə kütləvi nəşr olunaraq kitabxanalara paylanması və oxucuların ixtiyarına verilməsi ilə bağlı Prezidentimizin imzaladığı bir neçə sərəncam bunun bariz nümunəsidir.
 

"Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev çıxışın­da Azərbaycanın bir dövlət kimi dünya dövlətləri ara­sında tanınmasında və nüfuzlu mövqe tutmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmət­lə­rindən, böyük ideyalar, bəşəri fikirlər və mənəvi dəyərlər daşıyıcısı olan kitabların insanların, xüsusən də gənclərin həyatında böyük əhə­miyyət kəsb etməsindən danışmış, kimyaçılar üçün belə bir kitab sərgisinin keçiril­məsi təşəbbüsü ilə çıxış edən kitabxana işçilərinə minnətdarlığını bildirmişdir.
 

Tədbirin sonunda xalqımızın unudulmaz rəhbəri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənədli video-çarx nümayiş etdirilmiş, onun unudulmaz xatirəsinə həsr olunmuş məşhur "Dahi" mahnısı səsləndirilmişdir.

Böyütmək üçün şəkillərə klikləyin.