Sabiq hərbi komissarın məhkəməsi başladı

Day.Az представляет новость на азербайджанском языке.


Bu gün Bakı Apelyasiya Məhkəməsində Binəqədi rayonunun sabiq hərbi komissarı Feyzi Ağabəyov və komissarlığın hərbi həkim komissiyasının sədri Zöhrab Muxtarovun apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Day.Aza məhkəmədən verilən məlumata görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə ilkin dinləmə olub. Məhkəmədə çıxış edən Feyzi Ağabəyov apelyasiya şikayətini müdafiə edib. Məhkəmə mayın 24-də davam etdiriləcək.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Ağabəyov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Muxtarova isə 4 il sınaq müddəti ilə 8 il 6 ay şərti cəza verilib.

Xatırladaq ki, adıçəkilən şəxslər ötən ilin aprelində həbs olunublar.

Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən, qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması müəyyən edilib.

Bu faktlarla bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində CM-nin 311.1 (rüşvət alma (passiv rüşvətxorluq), 313 (vəzifə saxtakarlığı) və 341.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə cinayət işləri başlanıb.