Polisi qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Day.Az представляет новость на азербайджанском языке.


Bu gün Şirvan Apelyasiya Məhkəməsində iki nəfərin qətlində təqsirli bilinən Sabirabad rayon sakini Gülhüseyn Abıyevin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Day.Aza məhkəmədən verilən məlumata görə, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə ilkin dinləmə olub. Prosesdə çıxış edən Gülheseyn Abıyev barəsində olan hökmün dəyişdirilməsini və müddətli cəzanın verilməsini xahiş edib. Məhkəmə iclası mayın 27-də davam etdiriləcək.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülhüseyn Abıyev ömürlük azadlıqdan məhrum edilib. İttihama görə, 2012-ci il avqustun 31-də, saat 03:00 radələrində Sabirabad rayonunun Xankeçən kəndi ərazisində kənd sakinləri Gülhüseyn Abıyevlə Azad Zeynalov arasında münaqişə baş verib.

Qaragünə polis bölməsinin sahə rəisi, polis baş leytenantı Eldəniz Quliyev baş verə biləcək ağır cinayətin qarşısını almaq və vətəndaşların həyatını xilas etmək məqsədilə təcili olaraq hadisə yerinə gəlib. Polis zabiti münaqişə tərəflərindən intizama riayət etmələrini və qanunsuz hərəkətlərinə son qoymalarını tələb edib. Polisin qanuni tələbinə məhəl qoymayan Gülhüseyn Abıyev ov tüfəngindən atəş açaraq onu və Azad Zeynalovu qətlə yetirib. Gülhüseyn Abıyev daha sonra , hadisə yerindən qaçsa da, Sabirabad rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.

Gülhüseyn Abıyev Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham edilir.