Üzr istəməyi uşaqlıqdаn öyrətmək lazımdır

Day.Az представляет новость на азербайджанском языке.

Çoxumuz üzr istəməyi qürurumuza sığışdırmır, etdiyimiz səhvlər qarşısında özümüzü qürurlu aparır, üzr istəməyi alçalmaq kimi qiymətləndiririk. Bunun nəticəsində də bütün işlərimiz bəzən çox çətinə düşə bilir. Əslində isə üzr istəmək alçalmaq deyil, böyüklük əlamətidir.

İnsanlar səhv etdikləri hər zaman üzr istəməyi bacarmalıdırlar. Bəzən haqlı olsan belə qarşındakı insanı incitdiyini bildiyin üçün üzr istəyirsən. Mütəxəssislərin fikrincə isə üzr istəməyi bacarmaq insani keyfiyyətlərin, alicənablığın əlamətidir.

Üzr istəməyi insanlara uşaqlıq dövründən öyrətmək lazımdır. Burada ən böyük məsuliyyət valideynlərin çiyninə düşür. Bəli, hamımız səhv edə bilirik. Amma bu səhvlərdən nəticə çıxarıb, üzr istəməyi çoxumuz qəbul etmirik. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, valideyn uşağına kiçik yaşlarından üzr istəməyi öyrətməlidir. Etdiyi hər hansı bir səhvə görə onu qarşısına alıb, etdiyinin səhv olduğunu anlatmalı və üzr istəməyin lazımlığını başa salmalıdır. Bu, adətən uşaqlara 3 yaşından sonra öyrədilməlidir. Mütəxəssislərə görə, 7 yaşından əvvəl uşaqlar ünsiyyət qurmaqda, qarşıdakı adamın dünyagörüşünü və duyğularını anlamaqda çətinlik çəkirlər. 2-7 yaşlı uşaqlar etdikləri bütün hərəkətlərin doğru olduğunu düşünürlər. Bunun üçün də uşaqlar üzr istəməyə çətinlik çəkir, ümumiyyətlə, üzr istəməyin nə olduğunu başa düşə bilmirlər.

Psixoloqun fikrincə, uşaqlara üzr istəməyi öyrətmək üçün özümüz də onlardan üzr istəməyi bacarmalıyıq: "Özümüz bunu bacarmırıqsa, uşaqdan bunu gözləmək haqsızlıq olar. Üzr istəmək məsuliyyət hissini də özü ilə gətirir. Üzr istəməyi öyrənən uşaq, etdiyi səhvin məsuliyyətini də anlamağa başlayır. Bunu etmək çətindir. Bilirsiniz ki, 2-7 yaşlı uşaqlar öz etdikləri səhvləri çox zaman başqalarının üzərinə atmağa çalışırlar. Bu da etdikləri səhvlərin məsuliyyətindən boyun qaçırmaq deməkdir".

Uşaqlara üzr istəməyi öyrədərkən çox diqqətli olmalıyıq. Diqqət yetirilməsi lazım olan ən əhəmiyyətli nöqtə isə səhvin şüurlumu, yoxsa şüursuzcamı edilmiş olmasıdır. Şüursuzca edildiyini düşündüyünüz hadisələrdə uşağı üzr istəməyə məcbur etmək çox da mənalı olmayacaq, ancaq şüurlu olaraq edilən səhvlərdə uşağınızdan üzr istəməsini tələb etməlisiniz. "Təbii ki, burada diqqət yetirilməsi lazım olan bir başqa nöqtə də üzr istəmənin yalnız quru bir sözdən ibarət olmamasını uşağa başa salmaqdır. Uşaq səhvinin məsuliyyətini anlamalıdır. Yoxsa uşaq düşdüyü vəziyyətdən xilas olmaq üçün tez-tez "üzr istəməkdən" istifadə edə bilər. Yəni "üzr istəmək" uşağın əlində silaha çevrilər".

A.Əlibəylinin sözlərinə görə, uşağa üzr istəməyi rahatca öyrətmək və məsuliyyəti dərk etdirmək üçün ona nümunə olmaq lazımdır. Dediyinə görə, lazım olan vəziyyətlərdə valideynlər də üzr istəməlidirlər: "Üzr istəmənin yalnız uşaqların işi olduğunu düşünürsünüzsə, dərhal bu mövzudakı düşüncələrinizi dəyişdirin və uşağınıza uyğun bir obraz olmağa çalışın. Bununla yanaşı əsəbi anınızda gərəksiz olaraq qışqırdığınız uşağınızdan "üzr istəyirəm, bir az əsəbiydim. Bir daha olmayacaq", - deyib üzr istəyin. Belə etsəniz, uşağınız da səhv etdikdə sizdən elə üzr istəyəcək" deyən həmsöhbətimiz hesab edir ki, üzr istəməyi uşağına öyrətmək istəyən valideyn bunu birinci növbədə özündən başlamalıdır.

"Uşağınızın müsbət davranışlarına dəyər verin. Hər zaman uşağınızın mənfi hərəkətlərinə fikir verib, onu üzr istəməyə məcbur etməniz zamanla onun müsbət davranışlarına son qoymasına səbəb olacaq. Bu səbəbdən hər şey üçün deyil, çox önəmli olduğunda uşağınızdan üzr istəməyi tələb edin. Bağışlamağı bacarın. Uşağınız sizdən üzr istədiyi zaman üzrü hər zaman qəbul edin. Bu, uşağınıza üzr istəmənin gücünü göstərəcək".

Psixoloq bildirir ki, uşağı üzr istəməyə məcbur etmək olmaz. Əksinə, ona etdiyi hərəkətlərin səhv, zərərverici tərəflərini başa salmaq lazımdır.

Ekspress.az